Canlılardakı fədakarlıq və ağıllı davranışlar
Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)
  • GİRİŞ



    Çarlz Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsi 21-ci əsrə yaxınlaşdığımız bu günlərdə elm dünyasındakı etibarını böyük bir sürətlə itirmişdir. 20-ci əsrin əvvəllərində materialist dairələr tərəfindən dəstəklənən və kütlələrə elmi bir həqiqətmiş kimi təlqin edilən bu nəzəriyyənin etibarsızlığı artıq qəti olaraq aydın oldu. Bunda ən böyük amil, yaşadığımız əsrdə təkamül nəzəriyyəsini yaxından maraqlandıran mikrobiologiya, biokimya, paleontologiya kimi elm sahələrində baş verən inkişaflar oldu. Bu elm sahələrindəki irəliləyişlər nəticəsində canlıların, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüflərlə, bir-birlərindən təkamül keçirərək meydana gəlməsinin qeyri-mümkün olduğu ortaya çıxdı. (Ətraflı məlumat üçün baxın. “Evrim Yanılgısı” hissəsi)

    İflasa uğramış bu nəzəriyyə, canlıların mənşəyi ilə əlaqədar iddialarına heç bir elmi dəlil gətirə bilmədiyi kimi, canlıların sahib olduqları çoxsaylı fövqəladə xüsusiyyətin mənşəyi haqqındakı sualları da cavabsız qoyur. Məhz təkamülçüləri çətin vəziyyətdə qoyan bu mövzulardan biri də kitabın mövzusu olan “canlılarda müşahidə olunan fədakarlıqlar”dır. Təbiətdə tez-tez qarşımıza çıxan fədakarlıqlar, canlılar arasındakı həmrəylik və əməkdaşlığa əsaslanan əlaqələr, şəfqət dolu davranışların təkamül nəzəriyyəsi üçün əhəmiyyətli və həll edilə bilməyən bir problem olmalarının səbəbi nədir?

    Darvin, təkamül nəzəriyyəsini irəli sürdükdə iddialarını əslində heç bir təkamülləşdirici gücü olmayan bir mexanizm üzərində qurmuşdu: Bu təbii seleksiya idi. Darvinin ifadəsinə görə bütün canlılar ortaq bir atadan gəlmiş və yaşadıqları təbiətin tələblərinə uyğunlaşmaları nəticəsində bir-birlərindən fərqlənmişlər. Yaşadıqları mühitə ən yaxşı uyğunlaşan, əldə etdiyi xüsusiyyətləri sonrakı nəsillərə ötürə bilirdi. Buna görə də daha güclü və ətraf mühitin şərtlərinə daha uyğun olan fərdlər məhv olmaqdan xilas olurdu. Darvinin bu fərziyyələri təbiətdə bir “həyat mübarizəsi” olduğunu, bu mübarizədə güclülərin qalib gələrək, gücsüzlərin əzilib yox olduqlarını irəli sürürdü. Darvinin yaxın bir dostu və təkamül nəzəriyyəsinin ən qızğın müdafiəçilərindən biri olan Culian Haksli (Julian Huxley) təbiəti belə xarakterizə etmişdi: Bu meydanda zəiflərlə bacarıqsızların məğlub olması, güclülərlə bacarıqlıların hegemonluğu labüddür.

    Bəs təbiət həqiqətən də təkamülçülərin iddia etdikləri kimi yalnız güclülərin üstün gəldiyi, zəiflərin əzilərək yox olduğu, eqoizmin və var gücü ilə həyat mübarizəsinin hakim olduğu bir yer ola bilərmi?

    Bu sualın cavabını təbiətdəki həyatı araşdıraraq verə bilərik. Əlbəttə ki, təbiətdəki canlılar qidalanmaq və ya təhlükəsizliklərini təmin etmək üçün səy göstərirlər. Hər heyvan yaşamaq üçün ov etmək məcburiyyətindədir və ya özünü qorumaq üçün hücum edə bilər. Ancaq təbiət yalnız bunlardan ibarət deyil. Təbiətdə canlıların böyük bir əksəriyyəti balaları və ya ailələri üçün, bəzən sürülərindəki digər canlılar, hətta digər növlər üçün bənzəri görülməmiş fədakarlıqlar da edirlər. Fədakarlıqla yanaşı əməkdaşlıq, həmrəylik, bir-birinin mənfəətini güdmək kimi xüsusiyyətlər canlılar aləmində tez-tez rast gəlinən məqamlardır. Məhz təbiətin yalnız bir mübarizə yeri olduğunu iddia edən təkamül nəzəriyyəsi canlılar aləmində müşahidə olunan bu fədakarlıq nümunələrinə heç bir izah verə bilməz. Təbiətdəki həyat, təkamül nəzəriyyəsinin əsas iddiasını aydın və qəti şəkildə etibarsız hala salır.

    Təkamül nəzəriyyəsi, düşmənlərindən qaçıb xilas olan bir zebranın, niyə geri qayıdıb düşmənləri tərəfindən mühasirəyə alınmış digər zebranı, üstəlik də həyatını təhlükəyə ataraq, xilas etdiyini qətiyyən izah edə bilməz. Və ya sonrakı səhifələrdə təfərrüatlarını görəcəyimiz kimi, yumurtalarını yaşada bilmək üçün ölümü gözə alaraq sahilə çıxan aterina balıqlarının bu davranışlarının niyə təbii seleksiya yolu ilə məhv olmadığı sualını cavablandıra bilməz. Canlılardakı fədakar və birgə davranışlar təkamül nəzəriyyəsinin etibarsızlığını yenidən və aydın şəkildə ortaya qoymaqla yanaşı, əhəmiyyətli bir həqiqətin də dəlillərini aşkara çıxardır: Bütün kainatın üstün bir yaradıcı tərəfindən yaradıldığı və hər bir canlının, yaradıcısı olan Allahın ilhamı ilə hərəkət etdiyi bir həqiqətinin... Sonrakı səhifələrdə, ağlı və şüuru olmayan canlıların təəccüb və heyranlıq oyandıran davranışlarının bir hissəsini oxuyacaqsınız. Ağıl və vicdan sahibi hər insan bu davranışların ancaq bütün canlıların hakimi olan Allahın gücü və nəzarəti altında meydana gələ biləcəyini asanlıqla qavrayacaq. Çünki Allahın Quranda da bildirdiyi kimi:

    Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)

  • HEYVANLARIN DAVRANIŞINDAKI ŞÜUR

    Yer üzündə şüur və ağıl sahibi yeganə varlıq insandır. Fiziki xüsusiyyətləri ilə yanaşı, insanı digər canlılardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyəti, şüurunun və ağlının ona qazandırdığı qabiliyyətlərdir. Bunlar, mühakimə və hökm vermək qabiliyyəti, düşünmək, plan qura bilmək, bir neçə mərhələ sonrasını proqnozlaşdıra bilmək, hadisələr qarşısında tədbir görə bilmək, başa düşmək, bir məqsəd üçün hərəkət etmək kimi tamamilə insana xas xüsusiyyətlərdir. Təbiətdəki digər canlılar isə belə bir şüura və ağıla sahib deyillər. Buna görə də onların plan qurmaları, gələcəyi görmələri, hətta ancaq mühəndislərin edə biləcəkləri hesablar aparıb bunu tətbiq etmələri, hər hansı bir mövzuda qərar vermələri gözlənilə bilməz. Belə olduqda, təbiətdə olduqca tez-tez qarşımıza çıxan ağıl və şüur məhsulu olan davranışları necə izah edə bilərik? Baxmayaraq ki, bu ağlı və şüuru göstərən canlıların bəziləri bir beyinə belə sahib deyil. Bu sualın cavabını verməmişdən əvvəl, heyvanlarda müşahidə olunan şüur və ağıl məhsulu olan davranışlardan bir neçə nümunə vermək, sualın əhəmiyyətinin daha yaxşı başa düşülməsi baxımından faydalı olacaq.

    Bənd mühəndisləri qunduzlar

    Qunduzlar, həqiqi bir mühəndis kimi hesablar aparar və eynilə məharətli bir inşaat işçisi kimi çalışaraq, fövqəladə bir dizayna sahib yuvalar qurarlar. Həmçinin, eyni ağlasığmaz məharətlə, yuvalarını inşa edəcəkləri axar suyun sürətini kəsəcək bəndlər qurarlar. Bunun üçün isə, olduqca yorucu və bir neçə mərhələdən ibarət olan işlər görərlər. Əvvəlcə, həm qidalanmaq, həm də səddin və yuvanın inşasında istifadə edə bilmək üçün bol miqdarda ağac kötüyü və budaq toplamalıdırlar. Bunun üçün ağacları dişləri ilə gəmirərək yerə yıxarlar. Ancaq bu kəsmə əməliyyatı əsnasında əhəmiyyətli bir hesablama apardıqları müşahidə edilmişdir. Qunduzlar ümumiyyətlə, işlərini küləyin su kənarına doğru əsdiyi yerlərdə yerinə yetirərlər. Beləcə, qunduzların gəmirdikləri ağaclar suyun olduğu istiqamətə tərəf aşar və bu qunduzların kötükləri daşımalarını xeyli asanlaşdırar. Qunduz yuvaları olduqca təfərrüatlı bir dizayna malikdir. Hər qunduz yuvasının iki sualtı girişi, su səviyyəsinin dərhal üstündə bir yemək otağı, daha yuxarı bir səviyyədə quru bir yataq otağı və bir ventilyasiya kanalı olar.

    Qunduzlar, topladıqları materialları üst-üstə yığaraq yuvalarının xarici görünüşünü meydana gətirərlər. Ancaq, bu material yığınında heç bir deşik və ya yarıq qalmamasına böyük diqqət göstərər, budaqlarla və ya palçıqla bunları örtərlər. Bu yuvanı əmələ gətirən material, yuvanı erroziyadan qoruyar və soyuğu içəriyə buraxmaz. Qışda yaxşı bir qar örtüyü yarandığından, çöldəki temperatur -35°C-yə düşsə belə yuvanın içindəki temperatur donma temperaturundan yüksək olar. Qunduzlar həmçinin, qışda qidasız qalmamaq üçün yuvalarının yanında gizli bir sualtı yemək anbarı düzəldərlər.

    Həmçinin, qunduzlar, bir-birlərinə şəbəkələrlə bağlanmış, eni 1 metrə qədər olan kanallar açar və bu kanallar vasitəsi ilə yüzlərlə metr irəlidəki quru və daha yüksək sahələrə çıxa bilərlər. Bu su kanallarının əsl məqsədi qunduzların qidalandıqları ağaclara çatmalarıdır. Qunduzların inşa etdikləri bəndlər də, bitkilər və daşların toplanmasıyla yuvanın tikilməsinə bənzər bir üsulla həyata keçirilir. Qunduzlar iki sahil arasında uzun üçbucaq bir budaq qalağı əmələ gətirənə qədər budaqları bir-birinə bağlayarlar. Material toplamaq və yarıqları doldurmaq üçün yığına dırmaşıb aşaraq, axına qarşı istiqamətdə işləyərlər. Suyun bəndi keçdiyi ya da aralarda boşaldığı yerlərə palçıq və ya budaq qoyarlar. Beləliklə, bənd, dayaz bir axar suyu dərin bir hovuza çevirər. Bu da qunduzlara qış üçün yeməklərini yığa biləcəkləri bir yerlə təmin edər, üzə biləcəkləri suyun sahəsini genişləndirib, yemək və inşaat materialı daşımağı asanlaşdırar. Həmçinin, yuvalarının da etibarlı bir sığınacaq olmasını təmin edər. Eynilə, xəndəklə əhatələnmiş qalalar kimi qunduzların evlərinin də hücuma məruz qalması demək olar ki, qeyri-mümkündür.

    Burada qısaca yekunlaşdırdığımız şey, qunduzların bu davranışlarının hər mərhələsinin ağıl, plan, hesab və məlumat ehtiva etməsidir. Ancaq bütün bu xüsusiyyətləri qunduzlara aid olaraq qiymətləndirmək, əlbəttə ki, məntiqli bir çıxarış olmayacaq. Çünki qunduz şüursuz olan, buna görə də heç bir ağıl nümayiş etdirə bilməyəcək bir heyvandır. Elə isə qunduzun bu davranışlarının haradan qaynaqlandığı sualının bir izahı tapılmalıdır. Bu ağıl və plan qunduzun özünə aid deyilsə, bəs onda kimə aiddir? Əlbəttə ki, qunduzların və irəlidə çoxsaylı nümunəsini görəcəyimiz bütün canlıların üstün xüsusiyyətlərini ortaya çıxaran, onlara ağıllı planlar qurduran, onları yaradan və bütün bunları ilham ilə əmr edən, sonsuz ağıl və qüdrət sahibi olan Allahdır.

    Bir neçə mərhələli plan qura bilən İmperator tırtılı

    Əlbəttə ki, təbiətdə ağıllı davranışlar sərgiləyən, plan quran və hesab aparan yeganə canlı qunduzlar deyil. Bu mövzuda uğur qazanan saysız canlıdan başqa biri də qunduzdan xeyli kiçik və özündə ən kiçik bir şüur və zəka əlaməti belə müşahidə olunmayan bir tırtıl növüdür. Bu, imperator ipəyini hazırlayan tırtıldır.

    Sürfə dövrünü digər tırtıllar kimi barama içində keçirən bu tırtıl, sürfədən çıxdıqdan sonra üzərini bir yarpaqla örtərək özünü gizlədir. Tırtılın bu örtünmə işini reallaşdırma tərzi, əvvəldən təyin olunmuş olduqca ağıllı bir plana əsaslanır və hər mərhələsi bacarıq tələb edir. Çünki yaşıl, yaş bir yarpaq bükülməyəcəyi üçün tırtılın üzərini qoruyucu bir qabıq kimi örtə bilməz və tırtılın bu problemi bir yolla həll etməsi lazımdır. Tırtıl, bu problemi ağıla gələ biləcək ən sadə, amma məqsədinə ən uyğun yolla həll edir. Əvvəlcə yarpağın sapını dişləyərək qopardar. (Lakin əvvəlcə yarpaq düşməsin deyə onu ipəyi ilə budağa möhkəm şəkildə bağlayar.) Bu cəhdin qaçınılmaz bir nəticəsi olaraq yarpaq qurumağa başlayar və bir müddət sonra büzülər. Həmçinin, quruyan bir yarpaq da yuvarlaqlaşar. Bunun sayəsində bir neçə saat sonra tırtıl, artıq içinə girə biləcəyi ideal bir yarpaq borusu əldə edər.

    İlk baxışda bu tırtılın ardıcıl bir ağıl nümayiş etdirərək özünə etibarlı bir sığınacaq hazırladığını düşünə bilərsiniz. Bu doğrudur, lakin tırtıl quru bir yarpağın içində gizlənərək, həmçinin özünü asanlıqla əldə olunacaq bir yem halına gətirmişdir. Çünki quru bir yarpaq həmişə müxtəlif rəngdə olduğuna görə quşların diqqətini daha çox özünə çəkəcəkdir ki, bu da tırtılın məhv olması deməkdir.

    Məhz bu məqamda tırtıl bir yol tapar və özünü quşların diqqətini çəkəcək bir yem olmaqdan xilas edər. Tırtıl bu problemi bir riyaziyyatçı kimi ehtimal nəzəriyyəsi ilə həll edər, içinə girəcəyi yarpaqdan başqa beş-altı yarpağa daha eyni əməliyyatları tətbiq edər və bunları içinə yatacağı yarpağın ətrafına yenə öz ipəyi ilə bağlayar. Beləcə budaqda bir ədəd deyil, altı-yeddi ədəd quru yarpaq olar və tırtıl bunlardan yalnız birinin içində gizlənər. Digərləri boş bir tələdir. Bir quş gələrək quru yarpaqlara tərəf yönəlsə, tırtılı tutma ehtimalı 1/6 olacaqdır.

    Bütün bunların şüurlu davranışlar olduğu aydındır. Ancaq, mikroskopik bir beyinə və olduqca sadə bir sinir sisteminə sahib bir tırtılın bu qədər şüurlu, planlı və ağıllı davranışlar nümayiş etdirməsi mümkündürmü? Bu tırtılın düşünmək kimi bir qabiliyyəti yoxdur ki, bir neçə mərhələ sonrasını düşünə bilsin. Tırtılın bunu başqa bir tırtıldan öyrənmiş olması da qeyri-mümkündür. Əslində özünü gözləyən təhlükələrin olduğunu belə dərk etmir. Elə isə düşmənləri çaşdırmaq fikrinin sahibi kimdir?

    Bu sualları bir təkamülçü elm adamına versəniz, əsla sizə aydın və qəti bir cavab verə bilməz. Ancaq təkamülçülərin çox çarəsiz qaldıqları vaxt sığındıqları bir anlayış var: İnstinkt. Təkamülçülər, heyvanların bu davranışları instinktləri ilə nümayiş etdirdiklərini deyərlər. Belə bir vəziyyətdə, ilk növbədə instinktinin tərifinin soruşulması lazımdır. Heyvanların bu hərəkətləri instinktiv olduğuna görə, məsələn, bir tırtılın yarpağı kəsərək üzərinə örtməsi üçün ona yol göstərən bir mexanizm və ya bir güc olmalıdır. Və ya yenə eyni güc qunduzları bəndlər və yuvalar inşa etməsi üçün onlara “yol göstərməlidir”. Və bu mexanizmin və ya gücün də, adından da aydın olduğu kimi canlının içində bir yerlərdə olması vacibdir.

    İnstinktin mənbəyi nədir?

    “İnstinkt” sözü, təkamülçü elm adamları tərəfindən, heyvanların anadangəlmə sahib olduqları bəzi davranışları xarakterizə etmək üçün istifadə olunur. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəslə necə ötrüldüyü sualı həmişə cavabsız qalmışdır. Təkamülçü genetik Gordon Rattray Taylor, The Great Evolution Mystery adlı kitabında instiktlərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə etiraf edir: İnstiktiv bir davranış ilk olaraq necə ortaya çıxır və bir növdə irsi olaraq necə yerləşir deyə soruşsaq, bu suala heç bir cavab tapa bilmərik.4 Gordon Taylor kimi etiraf edə bilməyən bəzi təkamülçülər isə bu sualları üstüörtülü, həqiqətdə bir məna ifadə etməyən cavablarla ötürməyə çalışırlar. Təkamülçülərə görə, instinktlər canlıların genlərində proqramlanmış davranışlardır. Bu izaha əsasən, məsələn, bir bal arısı olduqca müntəzəm və bir riyaziyyat möcüzəsi olan altıbucaqlı pətəkləri instinktləri ilə inşa edər. Başqa sözlə, yer üzündəki bütün bal arılarının genlərində qüsursuz şəkildə altıbucaqlı pətək inşa etmə instinkti proqramlanmışdır.

    Bu vəziyyətdə ağıl və məntiq sahibi olan hər insan belə bir sual verəcəkdir: Əgər canlılar, davranışlarının böyük əksəriyyətini, belə davranmağa proqramlaşdırıldıqları üçün edirlərsə, bəs onda onları kim proqramlamışdır? Heç bir proqram öz-özünə meydana gələ bilməz. Hər proqramın mütləq bir proqramçısı olmalıdır. Təkamülçülər, bu suala verə biləcək bir cavab tapa bilmədikləri kimi, mövzuyla əlaqədar olan əsərlərdə belə bir göz boyamadan istifadə edərlər: Bütün canlılara sahib olduqları xüsusiyyətləri verənin “təbiət ana” olduğunu deyərlər. “Təbiət ana” isə bildiyimiz daş, torpaq, su, ağac, bitki və sairədən meydana gələr. Görəsən, bunlardan hansının, canlılara şüurlu və ağıllı tədbirlər gördürməsi mümkün ola bilər? Təbiətin hansı hissəsi canlıları proqramlamaq üçün lazımi ağıla və qabiliyyətə malikdir? Təbiətdə gördüyümüz hər şey yaradılmışdır və buna görə də yaradıcı ola bilməz. Hansı ağıl sahibi insan bir yağlı boya gördükdə “rənglər necə də gözəl bir mənzərə yaratmışdır” deyə bilər? Şübhəsiz ki, bu, olduqca ağılsız bir düşüncə olar. Elə isə özləri də yaradılmış olan, heç bir ağıla və şüura sahib olmayan varlıqların yaradıcı olduqlarını iddia etmək, digər varlıqların ağılla və şüurla davranmaq üzrə proqramladıqlarını demək də eyni şəkildə ağılsızlıqdır. Bu məqamda qarşımıza çox açıq bir həqiqət çıxır: Bu canlılar sahib olduqları üstün xüsusiyyətləri öz ağılları ilə fikirləşib edə bilmədiklərinə və bu canlılar bu xüsusiyyətləri ilə anadan olduqlarına görə, elə isə bu xüsusiyyətləri onlara verən, onları bu rəftarları göstərəcək şəkildə yaradan üstün bir ağıl və elm sahibi vardır. Bütün təbiətdə gördüyümüz bu ağlın və elmin sahibi də, şübhəsiz ki, Allahdır. Allah, Quranda bal arısını nümunə verərək, göstərdiyi ağıllı davranışları ona Özünün ilham etdiyini bildirir. Yəni, təkamülçülərin “instinkt” dedikləri və ya “heyvanlar bunu etmək üçün proqramlaşdırılmışlar” deyərək izah etməyə çalışdıqları şey əslində Allahın ilhamıdır. Bu həqiqət Quranda belə bildirilir:

    Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

    Təkamülçü elm adamları Allahın varlığını inkar etmək məqsədiylə bu aydın həqiqəti görməməzlikdən gəlirlər. Əslində bu heyvanların davranışlarını şəxsən özləri müşahidə edir və bu davranışların izahını axtarırlar. Və hamısı bu davranışların təkamül nəzəriyyəsi ilə izah olunmayacağını dərk edir. Bu gün təkamülçü elm adamları tərəfindən heyvan davranışları ilə əlaqədar olaraq hazırlanmış hansı kitabı və ya nəşri oxusanız həmişə oxşar cümlələrlə qarşılaşarsınız: “...Bunu etmək yüksək səviyyəli bir ağıl tələb edir. Ancaq heyvanlar bu ağıldan məhrum olmalarına baxmayaraq bunu necə bacarırlar? Bu, elmin cavab verə bilmədiyi bir sualdır”. Yuxarıda, misal çəkdiyimiz İmperator tırtılının davranışları haqqında məşhur təkamülçülərdən Hoimar Von Dithfurthun verdiyi izahlar, təkamülçülərin heyvan davranışlarındakı şüura gətirdikləri izahların klassik bir nümunəsidir:

    Çaşdırıcı bənzərləri (başqa quru yarpaqları) təqibçilərin qarşısına qoyaraq gizlənmək mümkün ola biləcəyi fikrinin, insanı təəccübləndirən bu ağıllı ixtiranın əsl sahibi kimdir? Quşların tırtıl axtarış həvəslərini beləliklə, qursaqlarında saxlaya biləcəyi, quru yarpaqlar arasında bir şeylər tapa bilmək şanslarının müəyyən bir nisbətdə azaldıla biləcəyi formasındakı bu olduqca xüsusi ixtira kimin əsəridir ki, tırtıl bunu doğulduğu andan etibarən ondan götürmüşdür?. Bütün bunların ancaq olduqca ağıllı bir insanın yaşaya bilmək üçün müraciət edə biləcəyi yollar olduğunu qəbul etməliyik. Halbuki, istər mərkəzi sinir sisteminin ibtidailiyindən, istərsə də o biri davranışlarını nəzərə alaraq Attacus tırtılının (İmperator tırtılı) nə müəyyən bir məqsədi dizayn edə bilməsi, nə də bu istiqamətdə fikir yürüdə bilməsi qeyri-mümkündür. Yaxşı bəs onda tırtıl bütün bu xüsusiyyətlərə qarşı özünü bu yoldan necə qoruya bilir? ...Keçmişdə təbiət alimləri bu cür hadisələrlə qarşılaşdıqca bir möcüzənin varlığına inanmaqla kifayətlənməmiş, fövqəltəbii bir Yaradıcının, yəni Allahın, öz yaratdıqlarını qorumaq üçün belə bir qorunmanın zəruri məlumatlarıyla onu təchiz etdiyini düşünməkdən başqa yol tapa bilməmişlər. Halbuki, bu tərz bir izah, təbiət alimi üçün bir intihardır... Digər bir tərəfdən müasir elmin bu tipdən olan hadisələri “instinkt” həqiqətiylə izah etməyə çalışması da elə də bir məna ifadə etmir. Çünki əksəriyyətimizin zənn etdiyinin əksinə, baş verənləri instinktin mərifəti saymaq, verdiyimiz nümunədə tırtılın davranışlarını anadangəlmə davranış formalarından biri olaraq izah etmək deməkdir ki, bu da bizi olduğumuz mövzudan kənara çıxarmaz və sualın əsl cavabını tapmağımıza mane olar... Lakin praktikada təbii bir beyindən məhrum olan tırtılın şüurlu olmasından danışmaq mənasızdır. Yenə də əvvəldən bəri izah etdiyimiz davranışlarına baxdıqda, bunların çox xüsusi bir mənada “ağılla həyata keçirilmiş” olduqlarına bağlı müəyyən meyarlar da diqqətə çarpır. Müəyyən bir məqsədə və hədəfə qarşılıq, gələcəkdəki hadisələri proqnozlaşdırmaq, özündən kənardakı canlı növlərinin mümkün ola biləcək davranışlarını və reaksiyalarını nəzərə almaqdan əlavə, şüurlu olmasının əlamətləri deyilsə, onda bəs nədir?

    Yuxarıdakı sözlər məşhur bir təkamülçünün kiçik bir tırtılın göstərdiyi ağıllı, planlı və bir məqsədə yönəlmiş davranışlarını izah etmək üçün göstərdiyi səydir. Bu cür nəşr və kitablarda bu tərz demaqoq cümlələr və ya cavabsız suallardan başqa bir şərh və ya izah ilə qarşılaşılması mümkün deyil. Əslində təkamül nəzəriyyəsinin sahibi Çarlz Darvin də heyvanların davranışlarının və instinktlərinin, nəzəriyyəsi üçün böyük bir təhlükə meydana gətirdiyini dərk etmiş və bunu “Növlərin mənşəyi” adlı kitabında açıqca, hətta bir neçə dəfə etiraf etmişdi:

    İnstinktlərin bir çoxu elə təəccüblüdür ki, onların inkişafı oxucuya bəlkə də nəzəriyyəmi tamamilə yox etməyə kifayət olan bir gücdə görünəcək.

    Darvinin oğlu Francis Darvin isə atasının məktublarını yığdığı “The Life and Letters of Charles Darwin” adlı kitabda Çarlz Darvinin instiktləriylə əlaqədar yaşadığı çətinliyi belə nəql etmişdi: İşin (Növlərin mənşəyinin) 3-cü bölməsində birinci hissə başa çatır və heyvanların vərdişləri ilə instiktlərindəki variasiyalardan bəhs edir... Bu mövzunun yazının başlanğıc hissəsinə daxil edilməsinin səbəbi, instinktlərin təbii seleksiya ilə reallaşdığı fikrini qeyri-mümkün olaraq qiymətləndirən oxucuların tələsik nəzəriyyəni rədd etməməsini təmin etməkdir. Növlərin mənşəyində yer alan İnstinktlər fəsli xüsusilə, “nəzəriyyənin ən ciddi və ən açıq çətinliklərini ehtiva edən” mövzudur.

    İnstinktlər təkamüllə inkişaf edə bilməz

    Təkamülçülər, heyvanların davranışlarının bir çoxunun instinktiv olduğunu deyərlər, ancaq əvvəlki səhifələrdə də ifadə edildiyi kimi instinktlərin qaynağını, instiktiv davranışların ilk olaraq necə meydana gəldiklərini, heyvanların sahib olduqları məlumatları və davranışları necə etdiklərini izah edə bilməzlər. Ancaq çox vaxt verə biləcək cavabları olmadıqda bəziləri ortaya belə bir iddia atar: “Heyvanlar təcrübə yolu ilə bəzi davranışları öyrənərlər və bu davranışların yaxşı olanları təbii seleksiya tərəfindən seçilir. Daha sonra bu yaxşı olan davranışlar irsi olaraq sonrakı nəslə ötürülür”. Bu iddiadanın məntiqi cəhətdən səhvlərini və elmdən kənar olmasını görə bilmək üçün çox düşünməyə ehtiyac yoxdur. İndi, təkamülçülərin bu iddialarındakı səhvləri ardıcıllıqla araşdıraq.

    1. “Faydalı davranışların təbii seleksiya yolu ilə seçildiyi” iddiasındakı səhvlər:

    Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsinin əsas mexanizmlərindən biri təbii seleksiyadır. Təbii seleksiya, “bir canlı üçün faydalı olan bir dəyişikliyin (bu dəyişmə heyvanın bədən quruluşu və ya onun davranışları ilə əlaqədar ola bilər) digərlərinin arasından seçilərək o canlıda daimi hala gəlməsi və bu şəkildə bir sonrakı nəslə ötürülməsi” mənasını verir. Ancaq bu iddiada diqqət yetrilməsi lazım olan olduqca əhəmiyyətli bir məqam var: Darvinin bu tezisi təbiəti, faydalı və zərərli davranışları ayırd edə bilən, şüurlu və qərar verə bilən bir güc olaraq göstərir. Təbiətdə bu ayrı-seçkiliyi edə biləcək hər hansı bir güc və ya şüur yoxdur. Nə heyvanın özü, nə də təbiətdə olan hər hansı bir varlıq “hansı davranışın faydalı olduğuna” qərar verə biləcək bir qabiliyyətə sahib deyil. Bu seçimi yalnız, təbiəti və haqqında danışılan canlını yaratmış olan şüur və ağıl sahibi bir Varlıq edə bilər.

    Əslində Darvinin özü də kompleks və faydalı davranışların təbii seleksiya yolu ilə qazanılmış olmasının qeyri-mümkün olduğunu etiraf etmiş, ancaq öz iddiasının təxəyyülünə daha uyğun olduğunu və buna görə də axmaq olmasına baxmayaraq bu iddianı davam etdirdiyini ifadə etmişdi: Sonunda, bala qu quşunun ögey qardaşlarını yuvadan atması, qarışqaların kölələşdirilməsi kimi instinktləri, xüsusilə verilmiş və ya yaradılmış instinktlər olaraq deyil, bütün təbii varlıqların inkişafına gətirib çıxaran ümumi bir qanunun, yəni çoxalmağın, dəyişmənin, ən güclülərin yaşamasının və ən zəiflərin ölməsinin kiçik əlamətləri olaraq görmək, məntiqli bir nəticə çıxarma olmaya bilər, amma mənim təxəyyülüm üçün xeyli kifayətdir.

    Türkiyənin qabaqcıl təkamülçülərindən Prof. Dr. Camal Yıldırım isə ananın bala sevgisi kimi davranışların təbii seleksiya ilə izah edilə bilməyəcəyini belə etiraf edir: Ananın bala sevgisini, özündə heç bir ruhi element saxlamayan “kor” bir təbii seleksiya yolu ilə izah etmək mümkündürmü? Bioloqların (o cümlədən, darvinistlərin) bu cür suallara qənaətbəxş cavab verdiklərini demək, şübhəsiz ki, çətindir. Şüuru və ağlı olmayan bu canlılarda bəzi mənəvi xüsusiyyətlər olduğuna və bu mənəvi xüsusiyyətləri öz iradələri ilə qazanmalarının mümkün olmadığına görə bunu onlara verən bir güc olmalıdır. Təbii seleksiya mexanizmi və təbiətin özü, nə şüura, nə də bu mənəvi xüsusiyyətlərə sahib deyildir və buna görə də canlıların sahib olduqları bu xüsusiyyətlərin qaynağı ola bilməzlər. Çox aydın olaraq görünən həqiqət budur: Bütün canlılar Allahın iradəsinin və nəzarətinin altında yaşayarlar. Buna görə də, şüursuz canlıların yaşadığı təbiətdə tez-tez, insanı heyrətə salan, “bu heyvan bunu haradan bilir” və ya “bu heyvan bunu necə düşünə bilər?” dedirdən heyrətlənməyimizə səbəb olan, olduqca şüurlu davranışlar görərik.

    2. Təbii seleksiya yolu ilə qazanılan davranışların irsi olaraq sonrakı nəslə köçürüldüyü iddiasındakı səhvlər:

    Təkamülçülərin iddialarının ikinci mərhələsində isə təbii seleksiya yolu ilə qazanılan davranışların irsi olaraq sonrakı nəsillərə ötürülməsi lazımdır. Ancaq bu iddiaları da bir çox cəhətdən ziddiyyətlərlə doludur. Hər şeydən əvvəl heyvanlar təcrübə yoluyla bir davranışı öyrənsələr belə, sonradan qazanılmış bir davranışın genetik olaraq sonrakı nəslə ötürülməsi qeyri-mümkündür. Öyrənilən bir davranış sadəcə bu rəftarı öyrənən canlıya aid olar. Bir davranış tərzinin canlının genlərinə köçürülməsi qətiyyən mümkün deyil. Təkamülçü Gordon R. Taylor, bəzi bioloqların, davranışların irsi olaraq sonrakı nəsillərə ötürülə bildiyi iddiasını, “acınacaqlı” bir iddia olaraq qiymətləndirir:

    Bioloqlar bəzi davranış formalarının irsən keçə bilməsinin mümkün olduğunu və əslində bunun həqiqətən müşahidə olunduğunu qəbul edərlər. Dobzhansky bunu iddia edir: “Bütün bədən quruluşları və funksiyaları, istisnasız olaraq, ekoloji zəncirlər əsnasında yaranan irsiyyətin məhsullarıdır. Bu vəziyyət, istisnasız olaraq bütün davranış formalarını üçün də məqbuldur”. Bu doğru deyil və Dobzhansky kimi hörmətli birinin bunu doqmatik olaraq müdafiə etməsi acınacaqlı bir vəziyyətdir. Bəzi davranış formalarının irsi olduğu doğrudur, ancaq hamısının irsi olduğunu deməyimizə imkan yoxdur. Aydın olan həqiqət budur ki, genetik mexanizm, bəzi xüsusi davranış formalarını nəsildən-nəslə keçə bildiyinə dair ən kiçik bir əlamət belə göstərmir. Genetik mexanizm yalnız zülal hazırlayar. Müəyyən hormonlardan daha çox hazırlanaraq, ümumiyyətlə, davranışa təsir edə bilər, məsələn, bir heyvanı daha aqressiv və ya daha passiv edə bilər və ya bir canlını anasından xeyli asılı vəziyyətə gətirə bilər. Ancaq yuva qurarkən lazım olan bir sıra hərəkət kimi, müəyyən bir davranış proqramını nəsildən-nəslə ötürə bildiyinə dair heç bir dəlil yoxdur. Əgər davranış həqiqətən irsi isə, onda nəsildən-nəslə keçən davranışın vahidi nədir? Çünki vahidlər olduğu fərz edilir. Heç kim bu suala heç bir cavab verə bilməmişdir.

    Gordon Taylorun da ifadə etdiyi kimi, mürəkkəb davranış formalarının irsi olduqlarını iddia etmək elmi deyil. Quşların yuva qurmaları, qunduzun bənd inşa etməsi, arıların pətək inşa etmələri kimi ardıcıl olaraq verilən şüurlu qərarlar, dizayn və uzaqgörənlik tələb edən mürəkkəb davranışların irsi ola bilməyəcəyinin təəccüblü dəlillərindən başqa biri də sonsuz işçi qarışqalardır. Qarışqa koloniyasında yaşayan sonsuz işçi qarışqaların tamamilə özlərinə xas davranış xüsusiyyətləri var və hər xüsusiyyətləri olduqca geniş bir bilik və hesab apara bilmə qabiliyyəti tələb edir. Ancaq işçi qarışqalar bu davranışlarının heç birini irsi olaraq əldə edə bilməzlər. Çünki işçi qarışqalar sonsuzdurlar və öz xüsusiyyətlərini digər nəsillərə ötürə bilməzlər. Elə isə təkamülçülərə əvvəlcə bu sualı vermək lazımdır: Əvvəlcə sonsuz işçi qarışqalara xas davranış formasını əldə edən qarışqa bunu sonrakı bir nəslə necə ötürdü? Milyonlarla ildir ki, yalnız işçi qarışqalar deyil, eyni vəziyyətdəki sonsuz işçi arılar və sonsuz termit də ağıl, qabiliyyət, həmrəylik, intizam, iş bölgüsü və fədakarlıq məhsulu rəftarlar göstərirlər. Lakin ilk yarandıqları gündən bəri haqqında danışılan canlılar sahib olduqları hər bir xüsusiyyəti bir başqasına ötürmə qabiliyyətinə sahib deyillər. Həmçinin, bu canlıların göstərdikləri fövqəladə davranışları öyrənərək əldə etdiklərini də deyə bilmərik. Çünki haqqında danışılan canlıların hamısı dünyaya gəldikləri andan etibarən bu davranışları qüsursuz bir şəkildə tətbiq etməyə başlayarlar. Hər hansı bir mövzuda müəyyən bir təlim keçirmirlər, bütün davranışları anadangəlmə sahib olduqları məlumatlar əsasındadır. Və bu, dünyanın hər yerində yaşayan bütün qarışqa, bal arısı, termit və digər bütün canlılar üçün məqbuldur. Elə isə onlara bu davranışlarını kim öyrədir?

    Məhz Çarlz Darvinin də 150 il əvvəl soruşduğu bu suala təkamülçülər hələ də cavab verə bilməmişlər. Darvin bu ziddiyyəti belə dilə gətirmişdir: Tək bir nəsildə vərdişlə bir çox instinkt əldə olunduğunu və sonra varis olan nəsillərə irsi olaraq çatdırıldığını fərz etmək böyük bir səhv olar. Bildiyimiz ən təəccüblü instinktlər, məsələn, bal arısının və qarışqaların bir çoxunun instinktləri vərdişlə qazanıla bilməz. Bir işçi qarışqa, ya da başqa bir cinsiyyəti olmayan həşərat, adi bir heyvan olsaydı, bütün xüsusiyyətlərinin təbii seçmə yolu ilə yavaş-yavaş əldə edilmiş olduğunu, yəni faydalı kiçik dəyişikliklərlə anadan olan və bunları irsi olaraq döllərinə çatdıran fərdlərin varlığını və onların döllərinin yenidən dəyişdiyini və yenidən seçildiyini və s. dərhal qəbul edərdim. Amma işçi qarışqa ana-atasından xeyli fərqli bir həşəratdır və üstəlik tamamilə sonsuzdur, buna görə də bir-birinin ardınca əldə edilmiş quruluş və instinkt dəyişikliklərini döllərinə çatdırmasından söhbət belə gedə bilməz. Əlbəttə ki, bu vəziyyətin təbii seçmə nəzəriyyəsiylə necə uyğunlaşdırılacağı sualı soruşular.

    Təkamülçü Camal Yıldırım isə eyni mövzu haqqında təkamülçülərin düşdükləri çıxılmaz vəziyyəti belə ifadə edir: Nümunə olaraq ictimai həşəratlardan olan işçi qarışqa və işçi arıları götürək. Bunlar çoxalmaq baxımından sonsuzdur, nəsil vermədikləri üçün həyatlarında əldə etdikləri xüsusiyyətləri və ya uğradıqları modifikasiyaları yeni nəsillərə ötürmələrinə imkan yoxdur. Halbuki, bu işçilərin ətraf mühitə və həyat formalarına uyğunlaşmaları olduqca inkişaf etmiş bir səviyyədədir. Bu etiraflardan da aydın olduğu kimi canlıların göstərdikləri təəccüblü davranışlar və sahib olduqları instinktlər təkamüllü bir mexanizm ilə izah oluna bilməz. Canlılara aid qabiliyyətlər təbii seleksiya kimi bir mexanizm ilə əldə edilməmişdir. Və irsi olaraq bir nəsildən digərinə keçmələri də mümkün deyil.

    3. İnstinktlərin təkamülləşərək canlıyla birlikdə dəyişdiyi iddiasının etibarsızlığı:

    Təkamül nəzəriyyəsi, bütün canlıların bir-birindən təkamül yolu ilə törədiklərini iddia edir. Bu iddiaya görə, məsələn, sürünənlər balıqlardan, quşlar da sürünənlərdən əmələ gəliblər. Ancaq yaddan çıxartmamaq lazımdır ki, hər canlı növünün davranış forması tam fərqlidir. Bir balığın davranışları ilə, sürünənlərin davranışları bir-birlərindən tamamilə fərqlidir. Elə isə canlının bioloji xüsusiyyətləri dəyişərkən, davranışları da buna uyğun olaraq dəyişməyə məruz qalmışdır? Məhz bu sual təkamülçülərin düşdükləri çıxılmaz vəziyyətlərdən və ziddiyyətlərdən biridir. Darvin də bu ziddiyyət və qeyri-mümkünlüyü dərk etmiş və instinktlərin təbii seçmə yolu ilə əldə olunub sonra da dəyişməyə məruz qalması barədə belə sual vermişdir:

    ...İnstinktlər təbii seçmə yolu ilə əldə oluna və dəyişikliyə məruz qala bilərmi? Arını, böyük riyaziyyatçıların kəşf etdiklərini çox əvvəldən bəri tətbiq etdiyi pətək gözlərini hazırlamağa təşviq edən instinkt üçün nə deyəcəyik? Bu ziddiyyəti balıqlardan, sürünənlərdən və quşlardan müxtəlif növdəki canlılardan nümunələr verərək daha aydın vəziyyətə gətirə bilərik:

    Balıqların tamamilə özlərinə xas çoxalmaq, ovlanmaq, müdafiə olunmaq və yuva qurmaq üsulları vardır. Bu xüsusiyyətlər, suyun altındakı şəraitə görə mükəmməl bir şəkildə nizamlanmışdır. Bəzi balıqlar çoxalma mövsümlərində yumurtalarını dəniz altındakı bir qayaya yapışdırırlar və üzgəclərini yelləyərək yumurtaların oksigen almasını təmin edərlər. Quşlar isə, yumurtalarını xüsusi olaraq hazırladıqları çox müxtəlif quruluşdakı yuvalarda saxlayarlar. Və yumurtalarının inkişaf etməsi üçün isə kürt oturarlar. Bunun tam tərsinə, quru heyvanı olan timsahlar isə, yumurtalarını qumun altına basdıraraq, təxminən 2 ay müddətində inkubasiya mərhələsində qalmasını təmin edərlər. Bəzi balıqlar dəniz altındakı qayaların içində yuva qurarkən, quruda yaşayan bəzi canlı növləri topladıqları nazik budaqlar və ağac qabıqlarıyla yüksək budaqlar üzərində yuvalar qurarlar. Quşlar isə yuvalarını ətrafdan topladıqları ot və kol-kosdan inşa edərlər.

    Sürünənlərdən törəndikləri iddia edilən məməlilərin isə çoxalma forması, digər canlılardan tamamilə fərqlidir. Digərləri yumurtlamaq yoluyla çoxalarkən, məməlilər balalarını aylarla qarnında daşıyar və doğduqdan sonra balalarını südlə bəsləyərlər. Hər bir canlı növünün ovlanma forması da çox müxtəlifdir. Bəzisi uzun müddət pusquda durar, bəzisi özünü kamuflyaj edər, bəziləri də hücum və sürətli qaçmağın üstünlüyündən istifadə edər. Göründüyü kimi qurudakı heyvanlar ilə dəniz altında yaşayan canlıların göstərdikləri davranışlar, bir-birlərindən çox fərqlidir və olduqları şəraitə görə də dəyişir. Bu vəziyyətdə canlılar təkamül keçirərkən, həmçinin içlərindən gələn səsin, yəni instinktlərinin də böyük dəyişikliklərə məruz qalması lazımdır. Məsələn, madam ki, bir balıq içindən gələn bir səslə yumurtalarını qayalara yapışdırırsa, sonra diqqətlə bunların havasını dəyişirsə, onda quruda yaşayan bir heyvana çevrilmə mərhələsində “içindən gələn səs” də dəyişikliyə məruz qalmalıdır. Üstəlik bu səs o qədər dəyişməlidir ki, bu balıq birdən-birə uca yerlərdə mükəmməl yuvalar inşa etməyə başlasın, yumurtalarının inkişafı üçün kürtə yatsın! Əlbəttə ki, belə bir şey qeyri-mümkündür.

    Bu mövzuda olan əhəmiyyətli bir çətinlik də budur: Əgər bir canlının bioloji quruluşu və dolayısilə yaşadığı mühit dəyişsə, lakin davranış tərzi dəyişməsə o canlı həyatına davam edə bilməyəcək. Məsələn, dənizdə özünü kamuflyaj edə bilən bir balıq quruya çıxdıqdan sonra da özünə yeni müdafiə sistemləri tapmalıdır. Üstəlik, bunun üçün qətiyyən vaxt itirməməlidir. Bütün davranış forması, həyat tərzi, bədən sistemləri ani bir qərarla və sürətlə dəyişməlidir. Əks təqdirdə, qısa müddət ərzində öləcək və buna görə də nəsli də tükənəcəkdir. Heç bir şüura sahib olmayan bir canlının belə strateji və ağıl tələb edən qərarlar verə bilməyəcəyi isə aydındır. Elə isə bütün canlılar necə olur ki, bioloji strukturlarına və olduqları mühitə ən uyğun rəftarı göstərə bilir? Darvin də Növlərin mənşəyində nəzəriyyəsinə yönəldilən bu tənqidə belə yer vermişdir:

    İnstinktlərin mənşəyi mövzusundakı bu fikrə belə etiraz edildi: “Bədən quruluşu və instinkt dəyişikliklərinin eyni vaxtda baş verməsi və bir-birinə tamamilə uyğun gəlməsi zəruridir, çünki birinin o birisində müvafiq bir qarşılığı olmayan bir dəyişiklik öldürücü olardı”. Göründüyü kimi heyvanlardakı davranışların, instinktlərin mənşəyini təkamüllü bir proseslə, təsadüflərlə və ya “ana təbiət” ilə izah etmək qeyri-mümkündür. Onda canlılar həyatlarını davam etdirə bilmələrini təmin edən xüsusiyyətləri necə qazanmışlar? Bu suala veriləcək cavab əslində olduqca açıq və aydındır. Canlılar üzərində sadə bir müşahidə aparan hər insan, bu davranışların heyvanların özlərindən qaynaqlanmadığını ya da bir-birinin ardınca baş verən təsadüflərin nəticəsi ola bilməyəcəyini aydın şəkildə görə bilər. Canlıların göstərdikləri davranışların qaynağı, nə öz bədənlərində, nə də təbiətdə var. Aydındır ki, gözlə görülə bilməyən bir ağıl və güc, bu canlıların davranışlarını idarə edir. Bu ağıl və güc isə, sonsuz mərhəmət və şəfqət sahibi olan Allaha aiddir.

    Nəticə: Bütün canlılar Allahın ilhamı ilə hərəkət edirlər

    Əvvəlki səhifələrdə ifadə edildiyi kimi təkamülçülər heyvan davranışları mövzusunda əhəmiyyətli problemlərlə qarşı-qarşıyadırlar. Halbuki həqiqət çox aydındır. Qətiyyən şüuru və ağlı olmayan bir canlı, incə fərqləri ayırd edə bilmə, hadisələr arasında əlaqə qura bilmə, doğru qərarlar verə bilmə, plan qura bilmə, bir neçə mərhələ sonrasını hesablaya bilmə kimi, ağıl və şüur tələb edən davranışlar göstərirsə, bu canlıdan kənarda, bu canlıya hökm edən, ona bu davranışları etdirən bir güc vardır. Təkamülçülər, canlıların bu davranışları etmək üzrə proqramlaşdırıldıqlarını deyərlər. Elə isə bu proqramı kim meydana gətirmişdir? Arıları pətək inşa etmək üçün proqramlaşdıran güc nədir? Bu suala veriləcək cavab əslində olduqca açıq və qətidir. Canlılar üzərində sadə bir müşahidə aparan hər insan, bu davranışların heyvanların özlərindən qaynaqlanmadığını ya da bir-birinin ardınca baş verən təsadüflərin nəticəsi ola bilməyəcəyini aydın şəkildə görə bilər. Aydındır ki, təbiətdə hər şeyə hakim olan bir ağıl və güc, bu canlıların davranışlarına da təsir edir. Bu ağıl və gücün sahibi, hər şeyin Yaradıcısı olan Allahdır. Bir canlının necə meydana gəldiyini belə izah edə bilməyən bir nəzəriyyə, əlbəttə ki, o canlının davranışlarının səbəbini və mənşəyini də izah etməkdən məhrumdur. Canlıların davranışlarının araşdırılması bu baxımdan böyük əhəmiyyət daşıyır. Çünki aparılan müşahidələr heç bir canlının özbaşına hərəkət etmədiyini göstərir. Hər canlını yoxdan var edən, ona nəzarət edən, hər an müşahidə edən və hər canlıya davranışını əmr edən, yerlərin, göylərin və ikisi arasındakıların Rəbbi olan Allahdır. Quranda bu həqiqət belə xəbər verilir:

    Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

    Canlıların fədakarlıqları, Darvinin “Yalnız güclü olan həyatda qalar” iddiasını yalanlayır

    Əvvəlki səhifələrdə də qeyd etdiyimiz kimi, Darvinin irəli sürdüyü təbii seleksiya mexanizmi, olduqları coğrafi mövqenin təbii şərtlərinə uyğun quruluşda və güclü olan canlıların həyatlarını və nəsillərini davam etdirə bildiklərini, uyğun quruluşda olmayan və daha gücsüz olanların isə yox olduqlarını nəzərdə tutur. Darvinizmin mənimsədiyi təbii seleksiya mexanizminə görə təbiət, canlıların bir-birləriylə “həyat” üçün var gücü ilə mübarizə apardıqları, zəiflərin güclülər tərəfindən yox edildiyi bir yerdir. Buna görə də, bu iddiaya əsasən hər canlı həyatını davam etdirə bilmək üçün güclü olmaq, digərlərinə hər mövzuda üstün gəlmək və var gücü ilə mübarizə aparmaq məcburiyyətindədir. Belə bir şəraitdə isə fədakarlıq, sədaqət, əməkdaşlıq kimi anlayışlara yer yoxdur, çünki bunların hər biri canlının əleyhinə dönə bilər. Buna görə də hər canlı mümkün qədər eqoist olmalı və yalnız öz yeməyini, öz yuvasını, öz müdafiəsini, öz təhlükəsizliyini düşünməlidir. Bəs həqiqətən də təbiət, hər canlının bir-biriylə var gücü ilə mübarizə apardığı, hər kəsin bir-birini yox etmək, aradan qaldırmaq üçün səy göstərdiyi, olduqca eqoist və vəhşi fərdlərdən ibarət olan bir mühitdirmi?

    Bu mövzuda indiyə qədər aparılan bütün müşahidələr təkamülçülərin fikrini yenidən təkzib etmişdir. Çünki təbiət, heç də təkamülçülərin iddia etdiyi kimi yalnız mübarizənin hakim olduğu bir yer deyil. Əksinə təbiət, çox vaxt ölümü gözə alan fədakarlıqları, öz zərərinə olduğu halda sürü üçün göstərilən sədaqət, bunun əvəzində heç bir qazanc əldə etməyən canlıların və ağıllı əməkdaşlıqlarının çoxsaylı nümunələri ilə doludur. Özü də bir təkamülçü olmasına baxmayaraq Camal Yıldırım, Təkamül nəzəriyyəsi və qatı dinçilik adlı kitabında, Darvin və dövründəki digər təkamülçülərin hansı səbəbə görə təbiətin yalnız bir mübarizə meydanı olduğunu zənn etdiklərini belə izah etmişdir: 19-cu əsrdə yaşayan elm adamlarının əksəriyyəti iş otaqlarında və ya laboratoriyada bağlı qaldıqları, təbiəti birbaşa tanımaq yolunu seçmədikləri üçün canlıların ancaq mübarizə içində olduğu tezisinə asanlıqla inanmışdır. Haksli (Huxley) səviyyəsində tanınmış bir elm adamı belə özünü bu səhvdən xilas edə bilməmişdi. Təkamülçü Peter Kropotkin isə heyvanların aralarındakı həmrəyliyi mövzu olaraq götürdüyü Mutual Aid: A Factor in Evolution adlı kitabında Darvin və tərəfdarlarının içinə düşdükləri səhvi belə dilə gətirir:

    Darvin və onu izləyənlər, təbiəti canlıların həmişə bir-biriylə mübarizə apardıqları bir yer kimi tanıtdılar. Haksliyə (Huxley) görə heyvanlar aləmi qladiator şousuna bənzəyirdi. Heyvanlar bir-birləriylə mübarizə aparır, ən sürətli və ən hiyləgər olanı ertəsi gün döyüşə bilmək üçün həyatda qalırdı. Ancaq ilk baxışda, Hakslinin təbiətə baxışının elmi olmadığı aydın olur... Əslində, bu vəziyyət təkamül nəzəriyyəsinin həqiqi elmi müşahidələrə əsaslanmadığının da bir göstəricisidir. Təkamülçü elm adamları sırf bağlı olduqları ideologiyanı dəstəkləyə bilmək üçün təbiətdə aydın şəkildə görünən bəzi xüsusiyyətləri öz ağıllarına görə izah etmişlər. Darvinin, təbiətdə hakim olduğunu xəyal etdiyi döyüş, həqiqətdə böyük bir “yanılmadan” ibarətdir. Çünki təbiətdə yalnız öz mənfəətləri üçün həyat mübarizəsi aparan canlılar yoxdur. Bir çox canlı digər canlılara qarşı köməksevər və bundan daha da əhəmiyyətlisi “fədakar”dır. Məhz bu səbəbdən, təkamülçülər təbiətdə rast gəldikləri fədakar davranışları izah etməkdə aciz qalırlar. Elmi bir jurnalda mövzuyla əlaqədar olaraq nəşr olunan bir məqalədə yazılanlar, bu acizliyi ortaya qoyur: Problem, canlıların niyə bir-birlərinə kömək etdikləridir. Darvinin nəzəriyyəsinə əsasən, hər canlı öz varlığını davam etdirmək və çoxala bilmək üçün bir mübarizə aparır. Başqalarına kömək etmək, o canlının sağ qalma ehtimalını azaldacağına görə, uzun müddətli təkamüldə bu davranışın yox olması lazım idi. Halbuki, canlıların fədakar ola biləcəkləri müşahidə edilmişdir.

    Məsələn, bal arıları, şanlarına hücum edən bir heyvanı sancaraq öldürərlər. Əslində arılar bu şəkildə intihar etmiş olurlar. Çünki sancma əsnasında iynələrini buraxdıqları üçün, buna bağlı olaraq bəzi daxili orqanları da cırılıb gövdələrindən ayrılır. Göründüyü kimi arı, şandakı digər arıların təhlükəsizliyini təmin etmək uğrunda öz həyatını verir. Erkək və dişi pinqvinlər, balalarını sanki “ölümünə” qoruyarlar. Erkək pinqvin balasını 4 ay ayaqlarının arasında heç fasilə vermədən tutar. Bu müddət ərzində yemək də yeyə bilməz. Dişi pinqvin isə bu müddətdə dənizə gedərək balası üçün yemək axtarar və yığdığı yeməkləri qursağında daşıyar. Hər ikisi də balaları üçün böyük fədakarlıqlar göstərirlər. Timsah ən vəhşi heyvanlardan biridir. Ancaq balalarına göstərdiyi qayğı olduqca heyrətamizdir. Balaları yumurtadan çıxdıqdan sonra onları ağzında suya qədər daşıyar. Bundan sonra balalar böyüyüb özlərinin qayğısına qalana qədər timsah onları ağzında və ya üzərində daşıyacaq. Bala timsahlar da hər hansı bir təhlükə hiss etdikdə dərhal analarının ağzındakı qoruyucu sığınacağa tərəf qaçarlar. Halbuki, timsah həm vəhşi, həm də şüuru olmayan bir heyvandır, buna görə də ondan gözlənilən balalarını qoruması deyil, əksinə onları da qidalanmaq üçün ayrı-seçkilik qoymadan yeməsidir.

    Bəzi analar balaları süddən kəsilənə qədər öz yaşadıqları sürüləri tərk etmək məcburiyyətində qalar və beləcə özlərini böyük bir riskə atarlar. Doğumdan ya yumurtadan çıxdıqdan sonra bir çox heyvan növü balalarına günlərlə, aylarla hətta bəzən illərlə baxar. Onları yemək, yuva və istiliklə təmin edər, onları yırtıcı heyvanlardan qoruyar. Gün ərzində bir çox quş balalarını saatda orta hesabla dörd ilə iyirmi dəfə arasında qidalandırar. Məməlilərdə isə anaların daha fərqli problemləri olar. Süd vermə dövründə daha yaxşı qidalanmalı və bunun üçün də daha çox ov etməlidirlər. Buna baxmayaraq, bu müddət ərzində bala kökəldiyi halda, ana isə davamlı arıqlayar. Şüuru olmayan bir heyvandan gözlənilən balasını doğduqdan sonra buraxıb getməsidir. Çünki heyvanlar bu kiçik canlıların nə olduqlarını belə dərk edə bilməzlər. Ancaq buna baxmayaraq bu balaların bütün məsuliyyətini öz boyunlarına götürürlər. Canlılar təkcə balalarını təhlükələrdən qorumaqla fədakarlıq göstərməz, bir çox hallarda öz sürüləri arasında yaşayan digər canlılara qarşı da olduqca “incə düşüncəli” və “həlledici” davrandıqları müşahidə edilmişdir. Bunun bir nümunəsi, ətrafda olan qida mənbələri azaldıqda müşahidə olunar. Belə bir vəziyyətdə güclü olan heyvanların üstün gələrək digər heyvanları aradan qaldıracaqları və bütün mənbələri ələ keçirəcəkləri düşünülə bilər. Ancaq hadisələr heç də təkamülçülərin xəyal etdikləri kimi inkişaf etməz. Məşhur bir təkamülçü olan Peter Kropotkin kitabında bu mövzuyla əlaqədar bəzi nümunələr verir: Kropotkin bir qıtlıq vəziyyətiylə qarşılaşıldığında qarışqaların saxladıqları ərzaqlarından istifadə etməyə başladıqlarını, quşların sürü halında köç etdiklərini, bir çayda çox qunduz yaşamağa başladığında gənc olanların şimala, yaşlı olanların isə cənuba doğru hərəkət etdiklərini izah edir.(19) Yuxarıda qeyd edilən məlumatlardan görüldüyü kimi təbiətdəki canlılar arasında var gücü ilə bir yemək və ya yuva mübarizəsi yoxdur. Əksinə, ən çətin şəraitdə belə canlılar arasında çox gözəl bir uyğunlaşma və həmrəylik müşahidə oluna bilir. Sanki hər biri tələbləri asanlaşdırmaq üçün məşğul olur. Ancaq burada diqqət yetirilməsi lazım olan əhəmiyyətli bir məqam budur: Bu canlıların heç biri bu qərarları verəcək və belə bir nizamı təmin edəcək bir ağıla və şüura sahib deyil. Elə isə bir yerə gəlib ortaq bir hədəf müəyyənləşdirməsi və hamısının bu hədəfə tabe olması, hətta bu hədəfin bütün cəmiyyət fərdləri üçün ən etibarlı qərar olması necə izah edilə bilər? Şübhəsiz ki, bütün bu canlıları yaradan, onlara özləri üçün ən faydalı olacaq rəftarı ilham edən və onları qoruyub mühafizə edən aləmlərin Rəbbi olan Allahdır. Allah, yaratdığı bütün varlıqlar üzərindəki qorumasını belə bildirir:

    Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

    Təbiətdəki bu həqiqətlər qarşısında, təkamülçülərin “təbiət bir mübarizə meydanıdır, eqoist olan, öz mənfəətlərini müdafiə edən üstün gəlir” iddiası tamamilə etibarsız olur. Məşhur bir təkamülçü olan John Maynard Smith canlıların bu xüsusiyyətlərinə əsasən təkamülçülərə belə bir sual verir: Əgər təbii seleksiya, fərdin yaşamaq şansına və onun çoxalmasına zəmanət verən xüsusiyyətlərinin seçimi isə, özünü fəda edən davranışları necə izah edəcəyik?

    Nəsli davam etdirmə instinkti:

    Əvvəlki səhifələrdə qeyd olunduğu kimi, canlılarda müşahidə olunan fədakar davranışlar, təkamülçülər tərəfindən heç bir şəkildə izah edilə bilməyən əhəmiyyətli bir mövzudur. Təbiətdə bir çox nümunəsi görünən fədakarlıqlar təkamül nəzəriyyəsinin əsas iddialarını etibarsız hala salır. Məşhur təkamülçü Stephen Jay Gould təbiətdəki fədakarlığın təkamül üçün “cansıxıcı bir problem” olduğunu ifadə edərkən, təkamülçü Gordon R. Taylor isə canlılardakı fədakarlıq üçün “təkamül nəzəriyyəsinə böyük maneə təşkil edir” deyərək, təkamülçülərin üz-üzə gəldikləri çıxılmaz vəziyyəti dilə gətirər. Təbiətin fədakarlıq, şəfqət kimi tamamilə mənəvi elementləri özündə saxlaması, bütün təbiəti maddənin təsadüflərin qarşılıqlı təsiri nəticəsində yaranmış kimi görən materialist dünyagörüşünə qəti və dəqiq bir zərbə vurur. Lakin, məğlub olmağı qəbul etmək istəməyən bəzi təkamülçülər “Eqoist gen nəzəriyyəsi” deyə adlandırdıqları bir iddia ilə çıxış edirlər. Liderliyini təkamül nəzəriyyəsinin müasir dövrümüzdəki ən qızğın müdafiəçilərindən olan Riçard Davkinsin etdiyi bu iddiaya görə, canlıların fədakarlıq kimi müşahidə olunan davranışları əslində “eqoist”liklərindən qaynaqlanır. Çünki təkamülçülərə görə bu heyvanlar fədakarlıq edərkən, kömək etdikləri canlı və ya canlıları deyil, genlərini düşünürlər. Yəni, bir ana balası üçün canını fəda edərkən, əslində öz genlərini qoruyur. Balası xilas olarsa, genlərini sonrakı nəsillərə ötürə bilmə imkanı daha çox olacaq. Bu anlayışa görə, insan da daxil olmaqla, bütün canlılar bir “gen maşını”dır. Və hər canlının ən əhəmiyyətli vəzifəsi genlərini bir sonrakı nəslə ötürə bilməkdir.

    Təkamülçülər, canlıların nəsillərini davam etdirmə, genlərini gələcək nəsillərə ötürmə istəyinə proqramlı olduqlarını və buna görə də bu proqramlarına uyğun davranışlara sahib olduqlarını deyərlər. Aşağıdakı sitat Essentials of Biology adlı təkamülçü bir biologiya kitabından verilmişdir. Bu sitat, təkamülçülərin heyvan davranışları üçün verdikləri klassik izaha bir nümunədir: Özünü təhlükəyə atan bir davranışın səbəbi nə ola bilər? Bəzi fədakar davranışlar eqoist genlərdən qayanaqlanırlar. Özünü pərişan edənə qədər balaları üçün yemək axtaran canlılar böyük bir ehtimalla genetik olaraq proqramlaşdırılmış davranışlar göstərirlər-bunlar, valideynlərin balalarda olan genlərinin sonrakı bir nəslə ötürülməsini təmin edən davranışlardır. Bu düşmənə verilən anadangəlmə, instiktiv fəaliyyət tədqiqatçıların gözündə bir məqsədə yönəlmiş davranışlar kimi görünə bilər. Ancaq bunlar əslində qoxu, səs, görünüş və digər yanıltmaclar tərəfindən həyata keçirilən davranış proqramlarıdır. Diqqət yetirilsə, yuxarıdakı sitatda yazıçı canlıların davranışlarının ilk baxışda məqsədli kimi görünə biləcəyini, amma canlının bunları bilərək, düşünərək bir məqsədə yönəlmiş olaraq deyil, proqramlaşdırılmış olaraq yerinə yetirdiyini deyir. Bu məqamda bu əhəmiyyətli sual verilməlidir: Bu proqramın qaynağı nədir? Gen dediyimiz şey, kodlanmış bir məlumat yığımından ibarətdir. Amma bir məlumat yığımının düşünmə kimi bir qabiliyyəti ola bilməz. Genin də zəkası, ağlı, hökm vermək qabiliyyəti yoxdur. Buna görə də, əgər bir canlının genində, onu fədakarlığa yönəldən bir əmr varsa, bu əmrin qaynağı genin özü ola bilməz.

    Bir misal üzərində düşünək. Bir kompyuterin bağlama düyməsinə basdığınız vaxt kompyuteriniz bağlanar. Çünki kompyuteriniz əvvəlcə şüurlu, ağıllı və məlumat sahibi bir proqramçı tərəfindən “bağla” düyməsinə basdığınız vaxt bağlanmaq əmri ilə proqramlaşdırılmışdır. Diqqət yetirilsə, kompyuter bunu öz-özünə etmir və ya təsadüfən bağla düyməsi kompyuteri bağlamağa yarayan bir düymə halına gəlməmişdir. Biri şüurlu surətdə bu düyməni proqramlaşdırmışdır. Elə isə bir canlının genlərinin, nəslini davam etdirmək üçün fədakar davranışlarda olmağa proqramlaşdırılmış olması da, bu canlının genlərini bu şəkildə proqramlaşdıran ağıl və məlumat sahibi bir gücün varlığını aydın şəkildə göstərər. Bu güc, bütün canlıları hər an ilhamı ilə istiqamətləndirən, hər birinə nəzarət edən və hər birinə davranış formasını əmr edən Allahdır. Bu aydın həqiqət Quranda belə bildirilir:

    Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə edərlər. Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər. (Nəhl surəsi, 49-50)

    Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)


    Canlılar yalnız öz genlərini daşıyan qohumlarına deyil, digər canlılara da kömək edərlər:

    Saytın 3-cü hissəsində daha ətraflı nümunələrlə görüləcəyi kimi, canlılar yalnız öz balalarına deyil, digər köməyə ehtiyacı olan canlılara da kömək edirlər. Bu isə təkamül nəzəriyyəsinin heç içindən çıxa bilmədiyi bir vəziyyətdir, çünki ortada “geni köçürmə” qayğısı da yoxdur. Təkamülçü bir jurnal olan “Scientific American”da təkamülün bu çıxılmaz vəziyyəti belə bir misalla ortaya qoyulur: “Aralarında genetik bir əlaqə (qohumluq) olmamasına baxmayaraq, iki erkək pavian davranışlarda əməkdaşlıq mövzusunda yaxşı bir nümunədir. İki erkək pavian hər hansı bir mövzuda mübahisə etdikdə, pavianlardan biri üçüncü bir paviandan kömək istəyə bilir. Kömək istəyən pavian, başını həmişə rəqibi və kömək istədiyi pavian arasında qabağa və arxaya yelləyər. Bu köməkləşmənin ən ağıllı izahı, köməyə gələn pavianın gələcəkdə bir çətinliklə qarşılaşdıqda kömək etdiyi pavianın, özünə kömək edəcəyindən əmin olması olaraq görünər. Ancaq təkamül nəzəriyyəsi bu köməkləşmənin hiylələrə necə mane olduğunu və kömək edilən pavianın daha sonra köməyi rədd etməsinə mane olan şeyin nə olduğu izah edə bilmir”.

    Qısası bu canlıların, Allah onlara kömək etmələrini, fədakarlıq göstərmələrini əmr etdiyi üçün bu şəkildə davrandıqları çox aydın bir həqiqətdir. Saytın davamında bir çox canlının göstərdiyi fədakar, şəfqətli və mərhəmətli davranışlardan nümunələr veriləcək. Bu nümunələri oxuyarkən, heç vaxt yaddan çıxardılmaması lazım olan həqiqət budur: Bütün bu canlılara fədakarlığı, şəfqət və mərhəməti ilham edən onları ən mükəmməl şəkildə yaratmış olan Allahdır.

  • CANLILARIN “AİLƏ” DAXİLİNDƏKİ FƏDAKARLIQLARI

    Heyvanların bir qismi, bütün həyatları boyu və ya çox uzun bir müddət digər ailə üzvləriylə birlikdə yaşayırlar. Məsələn, pinqvinlər və qu quşları ölənə qədər eyni yoldaşla birlikdə yaşayan canlılardır. Dişi fillər və pələnglər isə anaları və hətta nənələri ilə birlikdə yaşayırlar.24 Məməlilərdə adətən, kişilər özlərinə bir ailə qurarlar. Bu ailədə dişilər və balalar olar. Ancaq ailə sahibi olmaq xüsusilə yetkin heyvanlara əhəmiyyətli məsuliyyətlər gətirir. Erkək, tək başına yaşayan eyni cinsdən nümayəndələrə nisbətən daha çox ov etməlidir. Həmçinin, özünü asanlıqla qoruya biləcəyi halda, artıq qorunması və saxlanılması lazım olan başqa fərdlər də vardır. Üstəlik, özünü müdafiə edə bilməyən balaları qorumaq, çox vaxt əhəmiyyətli fədakarlıqlar tələb edir. Heyvanların ailə qura bilmək və sonra da ailə fərdlərinə baxa bilmək üçün böyük səy göstərmələri, həyatlarını təhlükəyə atmaları, narahat olmaları üzərində düşünülməsi lazım olan bir mövzudur. Heyvanlar niyə çətin olanı seçir? Heyvanların bu seçimləri Darvinin “güclü olan yaşayar, zəif olan isə tapdalanaraq yox olar” tezisini tamamilə etibarsız hala salır. Çünki sonrakı səhifələrdə bir çox nümunəsini görəcəyimiz kimi, təbiətdə zəiflər tapdalanmır, əksinə çox vaxt güclülər tərəfindən “ölmək bahasına da olsa” qorunurlar.

    Ailə fərdlərinin bir-birlərini tanımaları

    Sürü halında yaşaya bilmələri üçün hər şeydən əvvəl, bir ailəyə mənsub canlıların bir-birlərini tanımaları lazımdır. Necə ki, olduqca geniş sahələrdə, çox sıx koloniyalar halında yaşayan canlılar belə öz balalarını, yoldaşlarını, ana-atalarını və ya qardaşlarını tanıya bilirlər. Hər növün bir-birini tanıma metodları müxtəlifdir. Məsələn, yerdə yuva quran quşlar, balalarının həm səsini, həm də görünüşünü tanıyırlar. Bunlardan biri olan siyənək balığı qağayıları isə balalarını çox böyük koloniyalar içində yetişdirər. Ancaq buna baxmayaraq, balaları görüş məsafəsində olmasa belə, onların ehtiyac içindəki haraylarına tezliklə cavab verə bilər, qətiyyən onların səsini digərləri ilə qarışdırmazlar. Balalarının olduğu yerə başqa bir bala girdikdə, tezliklə ayırd edərək onu o yerdən uzaqlaşdırarlar.

    Məməlilər isə balalarını ümumiyyətlə, qoxularından tanıyırlar. Bala anadan olan kimi ana onu iyləyər və bundan sonra balasını qətiyyən digər balalarla qarışıq salmaz. Bu mövzuda ən müvəffəqiyyətli canlılardan biri pinqvinlərdir. Bir-birlərinin bənzəri olan bu canlıların arasında, diqqətli bir gözlə baxdıqda belə, onları bir-birindən fərqləndirmək demək olar ki, qeyri-mümkündür. Buna görə də pinqvin ailəsinin üzvlərinin bir-birlərini heç çətinlik çəkmədən tanımaları olduqca təəccüblüdür. Xüsusilə də, dişi pinqvinin 2-3 ay müddətində həyat yoldaşı və balası üçün qida tapmaq dalınca gedib, qayıtdıqda hər ikisini də tanıması düşünülərsə... Ana pinqvin 2 və ya 3 aydan sonra geri qayıtdıqda, yüzlərlə pinqvinin arasından balasını və yoldaşını asanlıqla seçər. Daha da maraqlı olanı, yetkin pinqvinlər dənizə ovlamaq dalınca getmədən əvvəl koloniyadakı bütün balaları toplayıb və onları sanki bir uşaq bağçasındaymış kimi bir yerə toplamalarıdır. Bu davranışları sərt şaxtaya qarşı bir tədbirdir. Bir yerdə duran balalar möhkəm şəkildə bir-birlərinə yaxınlaşar və beləcə qızışarlar. Ancaq bir problem var. Yetkin pinqvinlər ov ovlamaqdan qayıtdıqları vaxt yüzlərlə bala arasından öz balalarını necə tapacaqlar? Bu, pinqvinlər üçün bir problem deyil. Hər pinqvin qayıtdıqda ən yüksək səs tonuyla qışqırmağa başlayır və hər bala anasını və ya atasını səsindən tanıyaraq onların yanına gedir. Şübhəsiz ki, minlərlə pinqvin arasından bir-birlərini ayırd etmələrini təmin edəcək ən yaxşı üsul səslərindən tanımalarıdır. Bəs necə olur ki, xarici görünüşləri eyni olduqları halda bir-birlərini ayırd edə bilmək üçün pinqvinlərin hər biri müxtəlif səslərə sahib olur? Üstəlik pinqvinlər bir-birlərinin səslərini ayırd etmə qabiliyyətini haradan qazanmışlar? Heç bir pinqvin bu xüsusiyyətləri və imkanları öz iradəsiylə fikirləşib qazana bilməz. Bu xüsusiyyətlər, pinqvinlərə “verilmiş” olmalıdır. Bəs bu xüsusiyyət və qabiliyyətləri onlara verən kimdir? Təkamülçülərə görə “təbiət” vermişdir. Görəsən təbiətin hansı elementi heyvanlara belə bir şüuru qazandıra bilər? Qütb bölgələrindəki buzlar mı? Qayalıqlar mı? Əlbəttə ki, cavab bunların heç biri ola bilməz, çünki təkamülçülərin bir çox güc və qabiliyyət ətf etdikləri təbiət daşdan, qayalardan, ağaclardan, buzlardan ibarət və özü də yaradılmış olan bir varlıqlar yığınıdır. Onda yuxarıdakı sualın cavabı aydındır: Pinqvinlərin hər birini fərqli bir səs və digərlərinin səsini tanıma qabiliyyəti ilə yaradan və beləcə həyatlarını asanlaşdıran, hər şeyi “qüsursuzca var edən” Allahdır.

    Balalar üçün inşa edilən rahat yuvalar

    Heyvanların, xüsusilə də balaların qorunmasında “yuvalar”ın əhəmiyyətli bir funksiyası var. Buna görə də bir çox canlı növü təəccüb oyandıran taktikalardan istifadə edərək, bir çox memarlıq xüsusiyyətlərinə sahib yuvalar tikərlər. Yuvaların inşasında çox müxtəlif metodlardan istifadə edilər. Heyvanlar çox vaxt bir memar kimi plan qurar, həqiqi bir bənna kimi işləyər, bir mühəndis kimi texniki həllər tapar, bəzən də bir dizayner kimi yuvalarını dekorasiya edər, bəzəyərlər. Çox vaxt bu usta podratçılar yuvalarını hazırlamaq üçün gecə-gündüz heç dayanmadan işləyərlər. Əgər həyat yoldaşları varsa, iş bölgüsü apararaq bir-birlərinə kömək edərlər. Ən çox diqqət göstərilən yuvalar isə, yeni doğulacaq balalar üçün hazırlanan yuvalardır. Yuvaların hazırlanma texnikaları, şüuru və zəkası olmayan bir canlıdan gözlənilməyəcək qədər mükəmməldir. Sonrakı səhifələrdə nümunələri veriləcək olan bu yuvaların, heyvanların öz zəkalarıyla dizayn edilməyəcəkləri çox aydındır. Çünki heyvanların bu yuvaları inşa etməzdən əvvəl bir çox mərhələni planlamış olmaları lazımdır. Əvvəlcə yumurtalarının və ya balalarının təhlükəsizliyi üçün bir yuvaya ehtiyacları olduğunu başa düşmələri lazımdır. Sonra isə yuva üçün ən uyğun yeri təsbit etməlidirlər, çünki heç bir canlı yuvasını təsadüfi bir yerdə qurmaz.

    Yuvanın quruluşu və istifadə olunan materiallar əraziyə görə “xüsusi olaraq” seçilir. Məsələn, dəniz quşları su qırağında yaşadıqları üçün, ani su basqınlarına qarşı suda batmayan və suda üzə bilən otlardan ibarət olan xüsusi yuvalar qurar. Qamışlıqların olduğu sahələrdə yaşayan quşlar isə, külək əsdiyi vaxt yelləndikdə yuvadakı yumurtaların düşməməsi üçün geniş və dərin yuvalar qurarlar. Bununla yanaşı, çöl quşları, yuvalarını temperaturun ətraf mühitə görə ən az 10 dərəcə daha aşağı olduğu kolluqların başında qurarlar. Çünki əks təqdirdə yer səthində 45 dərəcə olan temperatur, balalar üçün sanki bir soba təsiri yaradacaq və qısa müddətdə ölmələrinə səbəb olacaq. Yuvaların inşa edildiyi yer mövzusunda aparılan seçim həm məlumat, həm də zəka tələb edir. Halbuki, bir heyvanın su basqını ehtimalından və ya yüksək temperaturun balalarına verəcəyi zərərdən xəbərdar olması və bu cür təhlükələrdən necə xilas olacağını hesablaması qeyri-mümkündür. Ortada şüuru, ağlı və elmi olmayan canlılar, lakin eyni zamanda da şüurlu, ağıllı və elmə əsaslanan davranışlar vardır. Digər bir sözlə şüurun, ağlın və elmin sahibi olan Allahın qüsursuz yaratması var. Canlılar üçün balalarının həyatı çox əhəmiyyətlidir, yumurtladıqdan və ya doğduğu andan etibarən tək məşğuliyyətləri balalarıdır. Balaların qorunmasına çox böyük bir qayğı ilə yanaşarlar. Məsələn, arıquşu balalarını qorumaq üçün təkcə yuva qurmaqla kifayətlənməz, ətrafda bir çox “saxta yuvalar” da qurar. Bunun səbəbi, balaların böyüdüyü əsl yuvanı, saxta yuvalar arasında gizlətmək və düşmənin diqqətini başqa yuvalara çəkməkdir. Bu, əlbəttə ki, arıquşunun öz zəkasından qaynaqlanması qeyri-mümkün olan olduqca incə planlanmış bir aldatma taktikasıdır. Yuvanı düşmənlərdən qorumaq üçün müraciət edilən ən geniş üsullardan bir başqası da yuvanı quru yarpaqların və ya tikanlı bir kolluğun içində gizlətməkdir. Bəzi növlər də, bir oyuğun içində ana və yumurtaları olduğu halda, onları qorumaq məqsədiylə ya bu oyuqların girişini palçıqla örtər ya da ifrazatlarını və torpağı qarışdıraraq hazırladıqları suvaqdan istifadə edərək, girişə kvadrat formasında bir divar hörərlər.

    Bir çox quş növü, bitki liflərini, ot və kol-kos kimi maddələri hörərək, balalarının rahat böyümələri üçün çox möhkəm və xeyli maraqlı yuvalar qurar. İlk dəfə bala verəcək olan gənc bir quş, bir yuvanın necə qurulduğunu o günə qədər heç görmədiyi halda, daha ilk cəhdində qüsursuz bir yuva inşa edə bilər. Şübhəsiz ki, bütün bunlar bəhsi keçən canlıların özbaşına sahib ola biləcəkləri qabiliyyətlər deyil. Elə isə quşlara və digər canlılara qüsursuz deyilə biləcək yuvaları inşa etdirən güc nədir? Canlılar sahib olduqları bu qabiliyyətləri necə qazanırlar? Canlıların bu qabiliyyətləri haqqında diqqət yetirilməsi lazım olan bir incəlik də var: Hər canlı doğulduğu andan etibarən öz növündən olanların istifadə etdiyi yuvanın qurulması ilə əlaqədar bütün məlumatlara malikdir. Bir heyvan növü, dünyanın harasında olursa olsun, yuvasını eyni şəkildə inşa edər. Bu, canlıların yuvalarını inşa etmə üsullarını təsadüfi əldə etmədiklərinin, bu məlumatların və qabiliyyətlərin hamısının heyvanlara tək bir güc tərəfindən verildiyinin açıq dəlilləridir. Onlara bu məlumatları ilham edən və onları üstün qabiliyyətlərlə birlikdə yaradan sonsuz elm və güc sahibi Allahdır.

    Heyvanların yuvaları araşdırıldıqda, görülən memarlıq üstünlükləriylə yanaşı, ana və atanın yuvanın hazırlanması üçün göstərdikləri fövqəladə fədakarlıqlar da diqqətəlayiqdir. Məsələn, quşlar balaları üçün yuvaları böyük bir diqqətlə hazırlayarkən, özlərinə daha sadə yuvalar inşa edər. Yuvaların hazırlanma mərhələlərini fikirləşdikdə isə bu heyvanların nə qədər böyük zəhmətlərlə bu yuvaları inşa etdikləri, nə qədər çox enerji sərf etdikləri və necə bir fədakarlıq etdikləri daha yaxşı aydın olacaq. Bir quşun, inşa etdiyi ən adi bir yuva üçün belə yüzlərlə dəfə uçub, kol-kos toplaması lazımdır. Çünki hər dəfə dimdiyində yalnız bir və ya iki parça daşıya bilər. Ancaq bu vəziyyət quşu həvəsdən salmaz və böyük bir səbirlə lazım olan maddəni daşımağa davam edər. Bu əsnada əsla bezib yorulmaz, yorulduğu üçün maddəni əskiltməz, heç bir təfərrüat üçün tənbəllik etməz. Darvinin təbii seleksiya iddiasına görə bu canlıların yalnız özlərini düşünmələri lazım idi. Əgər güclülərin yaşaya bildiyi, amansız bir mübarizənin davam etdirildiyi bir mühit olsa, bu canlılar gücsüz canlıları yaşada bilmək üçün özlərini hardasa “həlak edəcək” qədər səy göstərərdilərmi? Və ya hələ bu gücsüz canlılar doğulmadan əvvəl onlar üçün ən təhlükəsiz mühiti hazırlamalarını necə izah etmək olar? Bu sualların heç birinə nə Darvinin təbii seleksiya nəzəriyyəsi, nə təkamül nəzəriyyəsi, nə də hər hansı bir ateist düşüncə cavab verə bilməz. Bu sualların yeganə və açıq bir cavabı vardır, bu canlılara fədakarlıq, səbir, stabillik, çalışqanlıq, əzm kimi xüsusiyyətləri verən Allahdır. Allah onlara bu hissləri ilham edər ki, gücsüz olanlar güclü olanlar tərəfindən qorunsun, təbiətdəki tarazlıq davam etsin, bu canlıların nəsilləri özləri üçün təyin olunan vaxta qədər yox olmasın və insanlar üçün Allahın sənətinin, gücünün, elminin, yaratmasındakı üstünlüyünün canlı dəlili olsun. Sonrakı səhifələrdə memarlıq və dekorasiya qabiliyyətləri ilə tanınan bəzi canlılardan nümunələr veriləcək. Xüsusilə quş yumurtaları və balaları, bir yuvada qorunmağa ən çox möhtac olan canlılardır. Buna görə də Allah quşlara tam ehtiyaclarına uyğun yuvalar qurmalarını ilham edər.

    Quşlar möhtəşəm yuvalarını necə qurarlar?

    Quşlar, yuva qurmaq mövzusunda ən məharətli canlılar olaraq tanınır. Müxtəlif quş növlərinin özlərinə xas yuva qurma taktikaları var və heç səhv etmədən bu qüsursuz strukturları inşa edərlər. Quşların yuva inşa etmələrinin ən əhəmiyyətli səbəbi, yumurtalarının və sonra da bu yumurtadan çıxan balaların olduqca müdafiəsiz vəziyyətdə olmalarıdır. Xüsusilə də, ana quş balaları üçün ova getdikdə balalar tamamilə müdafiəsiz qalar. Ancaq ağacların başında, ağaclardakı oyuqlarda, yamaclarda və ya otların arasında böyük bir məharətlə gizlənmiş yuvalar, bu balalar üçün əhəmiyyətli bir sığınacaq funksiyası yerinə yetirər.

    Quş yuvalarının bir xüsusiyyəti də balaları soyuqdan qorumalarıdır. Balalar tüksüz doğulur və həmçinin, çox hərəkət edə bilmədikləri üçün əzələlərini heç işlədə bilməzlər. Buna görə də, balaların donmamaları üçün soyuqdan təcrid edilmiş yuvalara ehtiyacları vardır. Xüsusilə, “hörgülü yuvalar”, quruluş etibarilə balaları bu istiliklə təmin edə bilir. Bu yuvaların hazırlanması isə olduqca təfərrüatlı və çətindir. Dişi quş yuvanı çox uzun bir müddətdə böyük bir qayğı ilə hörərək meydana gətirər. Həmçinin, yuvanın içini lələk, lif və tüklərlə dolduraraq, beləcə yuvanın izolyasiyasını artırmış olar. Hər növdə yuva qurmaq üçün material toplamaq olduqca əhəmiyyətlidir. Quşlar gün ərzində görəcəkləri inşaat işləri üçün lazımlı materialı toplayırlar. Quşların dimdikləri və ayaqları müxtəlif materialları daşımaq və istifadə etmək üçün xüsusi olaraq dizayn edilmişdir. Yuvanın quruluşu dişiyə aiddir, lakin yuvanın qurulacağı yeri erkək seçir. Quşlar bu memarlıq abidələrini palçıq, yarpaq, sarmaşıq, tük və kağız kimi maddələrdən faydalanaraq qurarlar. Quş yuvalarının xüsusiyyətləri, istifadə ediləcək materiallardan və bənnaların tətbiq etdiyi üsullardan asılıdır. Yuvalar, istifadə olunacaq materialın elastikliyi, dayanıqlılığı və sərtliyi nəzərə alınaraq qurular. Material, sıxışdırılmağa ya da gərilməyə əlverişli olmalıdır. Həmçinin, müxtəlif növ materiallardan birlikdə istifadə olunması, tikilinin sahib olduğu qoruyucu xüsusiyyətləri artırar. Yeri gəlmişkən, palçıqla bitki liflərini qarışdırmaq yuvadakı çatların artmasının qarşısını alır.

    Quşlar topladıqları materiallarla əvvəlcə inşaatın palçığını hazırlayarlar. Beləliklə də, yuva quran quşlardan biri uçurum qaranquşudur. Uçurum qaranquşların yuvalarını uçurumun kənarlarına, bina və ya həyət divarlarına sement ilə yapışdırar. Bu sementi isə olduqca məharətli üsullarla əldə edirlər. Dimdikləriylə palçıq və ya gil hissəcikləri toplayar və bu materialları tikinti sahəsinə daşıyarlar. Palçığı yapışqanlı tüpürcəkləriylə qarışdırıb, uçurumun səthinə sürtər və üstündə yumru bir açıqlıq saxlayaraq düzgün bir saxsı formasında görünüş verərlər. Çanağın içini ot, yosun və lələklə doldurarlar. Bu yuvaları çox vaxt sallanan bir qaya çıxıntısının altında inşa edərlər ki, yağış yağdıqda palçığı yumşaldıb yuvanı dağıtmasın. Bəzi Cənubi Afrika quşları (Anthoscopus) isə, iki hissəyə ayrılmış olan xüsusi yuvalar qurarlar. Bu yuvalarda kürt otağının əsl girişi gizlənmişdir. Yuvanın digər girişi isə görünən bir yerdədir. Bu incəlik, ovçu heyvanlar üçün hazırlanmış olan bir hiylədir. Bununla yanaşı, Amerikan sarıköynəkkimilər cinsindən olan bir quş növü, yuvasını çöl arısı sürülərinin yanında qurar. Çünki bu arılar, ilanları, meymunları, quru tutuquşuları və xüsusilə də bu quşlar üçün öldürücü təhlükə olan bir növ ağcaqanadı, öz yuvalarının yanına qoymazlar. Sarıköynək quşu da, beləliklə, öz balalarını bu təhlükələrə qarşı qorumuş olar.

    Dərzi quşlarının “tikdikləri” yuvalar

    Hindistan dərzi quşunun dimdiyi bir tikiş iynəsi kimidir. İplik kimi istifadə etmək üçün hörümçək torundan ipək, toxumlardan pambıq və ağac qabıqlarından da lif əldə edər. Hələ də inkişaf edən bir ağacdakı yarpaqları seçər və kənarları üst-üstə düşəcək şəkildə bu yarpaqları qopardaraq formaya salar. Bundan sonra iti dimdiyiylə hər bir yarpağın qırağında bir deşik açar. Yığdığı hörümçək toru və ya bitki liflərini bir dərzinin iynə-sapdan istifadə etməsi kimi dimdiyiylə deşiklərdən keçirər və tökülmələrinin qarşısını almaq üçün hər ilgəyə düyün vurar. Eyni əməliyyatı digər ucda da edərək iki yarpağı bir-birinə “tikmiş” olar. Bir cüt yarpağı ya da tək bir yarpağı öz ətrafında çevirmək üçün yarım düjünə qədər düyün vurmağa ehtiyac ola bilər. Sonra isə quş, bu kisəni otlarla doldurub döşəyər. Həmçinin, bu yarpaqlarla örtülü kisənin içində, dişisinin yumurtalarını qoyacağı gizli bir yuva da qurar.

    Toxucu quşlar

    Toxucu quşların yuvaları, bu gün ornitoloqlar və digər təbiət alimlər tərəfindən, quşların qurduğu ən maraqlı tikililər olaraq göstərilir. Bu quşlar, təbiətdən tapdıqları bitki liflərini və ip olaraq istifadə edə biləcəkləri hər cür uzun bitki köklərini “parça” şəklində hörməklə özlərinə çox möhkəm yuvalar inşa edirlər. Toxucu quş ilk növbədə istifadə edəcəyi materialı toplayır. Yaşıl və təzə yarpaqlardan özünə incə uzun zolaqlar kəsir və ya yarpaqların orta damarlarını çıxarır. Xüsusilə də təzə yarpaqları seçməsinin bir səbəbi var: Quru yarpaqlardan alacağı materiala idarə edə bilməsi və bunları parçanın toxunmasında istifadə etməsi çox çətindir, ancaq təzə yarpaq lifləri ilə bu əməliyyatlar çox asanlıqla reallaşar. Quş əvvəlcə şaxəli bir budağa, bir yarpaqdan qopardığı uzun bir lifin ucunu sarımaqla işə başlayar. Bir ayağı ilə lifin ucunu budağın üstündə tutarkən, digər ucunu dimdiyiylə idarə edər. Liflərin düşmələrininin qarşısını almaq üçün onları düyünləməklə bir-birlərinə bağlayar. İlk növbədə bir dairə yaradır, bu yuvasının girişidir. Sonra isə dimdiyindən iynə kimi istifadə edərək yarpaq liflərini digər liflərin üstündən və altından növbəylə keçirər. Hörmə əməliyyatı əsnasında hər lifi nə qədər çəkilməsinin lazım olduğunu da hesablamağı bacarmalıdır. Çünki əgər zəif toxuyarsa yuvası dərhal uçar. Həmçinin, yuvanın son vəziyyətini zehnində canlandıra bilməlidir ki, divarların nə vaxt qövs formasına salınacağına və ya çölə tərəf çıxıntı veriləcəyinə qərar versin.

    Girişi hördükdən sonra yuvanın divarlarını hörməyə başlayar. Bunun üçün başaşağı dayanar və içəridən işə davam edər. Dimdiyiylə bir lifi digərinin altına salar və sonra həssas bir şəkildə çöldə qalan ucunu tutar və möhkəm şəkildə çəkər. Beləliklə də, olduqca müntəzəm bir hörgü əmələ gətirər. Göründüyü kimi toxucu quş yuvasını qurarkən həmişə bir neçə mərhələ sonrasını hesablayaraq hərəkət edir. Əvvəlcə yuvası üçün ən uyğun materialı toplayar, yuvanı hörməyə təsadüfi bir yerdən başlamaz. Əvvəlcə girişi hörər və oradan divarlara keçərək davam edər. Haranı qövs formasına salacağını, haranı genişlədəcəyini çox yaxşı bilir. Üstəlik, bunları edərkən olduqca məharətli, ağıllı və qabiliyyətli rəftarlar göstərər, davranışlarında heç bir təcrübəsizlik əlaməti görünməz. Eyni anda iki işi görə biləcək qədər (bir tərəfdən ayağı ilə düşməməsi üçün yarpaq lifindən tutub, digər tərəfdən lifin o biri ucunu dimdiyiylə idarə edər) qabiliyyətlidir. Heç bir hərəkəti təsadüfi deyil, əksinə olduqca şüurlu və məqsədyönlüdür. Toxucu quşların başqa bir növü isə, yağışın təsirini nəzərə alaraq “tavanından su sızmayan” çox möhkəm bir yuva inşa edər. Bu quş, ətrafdan yığdığı bitki liflərini, ağzında olan bir ifrazatla qarışdıraraq xüsusi bir məhlul hazırlayar. Bu ifrazat bitki liflərinə elastiklik və su keçirməmək xüsusiyyəti verər və beləliklə də, yuva üçün mükəmməl bir suvaq materialı əmələ gələr.

    Yuva tamamlanana qədər keçən vaxt ərzində bu əməliyyatları dəfələrlə təkrar edən toxucu quşlarının göstərdikləri bu bacarıqları, təsadüfən, şüursuzca qazandıqlarını iddia etmək, şübhəsiz ki, qeyri-mümkündür. Bu quşlar yuvalarının hazırlanmasında-heç çətinlik çəkmədən-eyni anda bir memar, bir inşaat mühəndisi və bir inşaat ustası kimi çalışırlar. Maraqlı yuvalar inşa edən quşların başqa bir nümunəsi də Afrikada yaşayan toxucu quş növlərindən biridir. Bu quşlar, mənzil kimi hissələrə ayrılmış, çox mürəkkəb yuvalar qurar. Bu yuvaların yüksəkliyi 3 m, eni isə 4,5 m-ə çatar və içində təxminən 200 cüt quşu yerləşdirə bilər. Sadə bir yuva qurmaq əvəzinə, bu quşlar niyə həmişə çətin və daha əziyyətli olanını seçərlər? Bu quşların özbaşına, bu qədər mürəkkəb quruluşa sahib yuvalar inşa etmələri təsadüflərlə izah oluna bilərmi? Əlbəttə ki, izah edilə bilməz. Təbiətdəki hər canlı kimi, bu quşlar da Allahın ilhamı ilə hərəkət edirlər.

    Qaranquş yuvaları

    Bəzi quşlar yuvalarını yerin altında gizlədərlər. Məsələn, sahil qaranquşları çay və ya sahil zolağı boyunca, dik torpaq sədlərinin yanında uzun tunellər qazarlar. Tunelləri yuxarı maili şəkildə açarlar və bunun sayəsində yağış yağdıqda yuvalarını sel basmaz. Hər tunelin sonunda da ot və tüklərlə örtülmüş kiçik bir otaq olar. Cənubi Amerikada yaşayan bulud qaranquşları yuvalarını şəlalələrin arxasındakı qayalıqlarda qurarlar. Ancaq şəlalənin arxasına keçmək bir quş üçün demək olar ki, qeyri-mümkündür. Məsələn, yırtıcı quşlar, vağlar, qağayı və ya qarğa kimi quşlar şəlaləni yararaq arxa tərəfinə keçə bilməzlər. Əslində, sürətlə axan tonlarla suyun içindən keçməyə cəhd edən bir quşun havada parçalanması gözlənilir. Ancaq, bu qaranquşlar çox kiçikdir və o qədər sürətli uçarlar ki, şəlaləni bir ox kimi kəsməklə arxa tərəfinə keçə bilərlər. Bura, bu quşlar və yumurtaları üçün olduqca təhlükəsiz bir yerdir, çünki onlardan başqa heç bir canlı şəlalənin arxa tərəfinə keçməyə cəhd etməz.

    Ancaq bu qaranquşların yuvaları üçün material toplamaq məsələsində bir problemləri var. Ayaqları o qədər kiçikdir ki, digər quşlar kimi yerə qonub ayaqları ilə materialları tuta bilməzlər. Bunun əvəzinə havada uçan tük, quru ot kimi bəzi materialları tutar və bunları yapışqan tüpürcəkləri ilə qayaların üzərinə yapışdırarlar. Hind okeanı sahillərində yaşayan bir qaranquş növünün üzvləri isə yuvalarını mağaraların içində qurar. Bu mağaraların girişləri hər dalğa gəldiyində tamamilə bağlanar. Buna görə də mağaraya girmədən əvvəl, köpüklü dalğalar üzərində, dalğaların geri çəkilməsini gözləyərək, çox hərəkət etmədən uçar və dalğa çəkilib mağaranın ağzı açıldıqdan sonra içəri daxil olarlar. Qaranquşlar, yuvalarını qurmazdan əvvəl, suyun mağara divarında buraxdığı izlərə baxaraq, suyun çatdığı ən yüksək səviyyəni təsbit edərlər. Və yuvalarını bu səviyyədən yuxarıda bir yerdə qurarlar. Afrikada yaşayan uzun ayaqlı katib quşları isə yuvalarını yüksək və tikanlı ağacların ortasında quraraq düşmənlərindən qorunarlar. Amerikanın cənub-qərbində yuva quran ağacdələnlər, nəhəng kaktus bitkilərinin tikanlı gövdəsində yuva deşiyi açarlar. Bataqlıq çalıquşları isə tələli yuvalar hazırlayar. Dişi çalıquşu, balaları üçün bir yuva hazırlayarkən, erkək çalıquşu bataqlığın ətrafında sürətlə uçaraq, əsl yuvadan diqqəti başqa istiqamətlərə çəkəcək müxtəlif tələli yuvalar inşa edər.

    Albatros quşlarının yuvaları

    Yeni doğulan kiçik balalara olan qayğıkeşlik, dərhal hər cins quşda müşahidə olunur. Bunlardan biri də albatros quşlarıdır. Albatroslar, həmişə öz doğulduqları yerdə cütləşərlər. Buna görə də çoxalma vaxtlarında koloniyalar halında toplanarlar. Erkəklər, dişilərin gəlməsindən həftələrlə əvvəl gələrək, burada əvvəlcədən mövcud olan yuvaları təmir edir, bunun sayəsində dişilər və balalar üçün mükəmməl bir rahatlıq təmin etmiş olurlar. Yumurtalara olan qayğıkeşlik isə albatros quşlarında xeyli diqqət çəkir. Çünki albatroslar, diqqətlə hazırlanan yuva içərisində yumurtaların üzərində heç tərpənmədən təxminən 50 gün ərzində dayanarlar. Ancaq balalara qarşı göstərilən diqqət yalnız yumurtaların qorunması və baxımı ilə məhdudlaşmaz. Necə ki, albatroslar çox vaxt sadəcə balalarına qida tapa bilmək üçün lazım gəlsə, bir dəfədə 1,5 kilometrdən çox yol gedə bilirlər.

    Buynuzlu quşların yuvaları

    Çoxalma mövsümü buynuzlu quşlar üçün sıx bir fəaliyyətin başlanğıcıdır. Bu mərhələdə, balaların sağlam doğulub böyümələri üçün erkək və dişi buynuzlu quşlar, özlərindən gözlənilməyən bir müvəffəqiyyət qazanarlar. Bunun üçün görüləcək ilk iş, dişi və doğulacaq olan balalara etibarlı bir yuva qurmaqdır. İşə, erkək buynuzlu quş başlayır və yuva qurmaq üçün ağacın üzərində bir dəlik tapar. Dişi isə bu dəliyin içinə girər və kişi də dəliyin girişini palçıqla örtər. Yalnız bu yuvanın hazırlanmasında çox əhəmiyyətli bir incəlik var. Erkək buynuzlu quş, dişi ilə balaların təhlükəsizliyini təmin etmək və onları ətraf mühitdən gələ biləcək həyati təhlükələrə, xüsusilə ilanlara qarşı qorumaq üçün palçıqla örtdüyü bu dəlikdə kiçik bir pəncərə saxlayar. Dişi yumurtaların üzərində üç ay müddətində yatar və bağlı olduğu yuvasından bir dəfə belə çıxmaz. Buna görə də erkək buynuzlu quş, həyat yoldaşı üçün yemək tapar və ona bu dəlikdən yemək verər. Balalar doğulduqda onları da yenə bu dəlikdən qidalandırar. Hər iki quş da balaları üçün olduqca səbirli və fədakar davranarlar. Dişi quş üç ay müddətində ancaq özünün yerləşə bildiyi qədər kiçik bir dəlikdə heç tərpənmədən yumurtalarının üstündə oturarkən, erkək quş onları əsla özbaşına buraxmaz.

    İndiyə qədər izah edilən nümunələrdən də göründüyü kimi hər quş növünün özünə xas bir yuva tikmə taktikası var. Və bu taktikalardan hər biri şüuru, ağlı və düşünmə qabiliyyəti olmayan bir heyvandan gözlənilməyəcək qədər mürəkkəbdir, hər biri bir dizayn və plan tələb edir. Bir düşünək: Qarşımızda şüuru və ağlı olmayan, şəfqət, mərhəmət və ya fədakarlıq kimi fəzilətləri planlı olaraq göstərəcək ağıl və iradədən məhrum canlılar vardır. Amma eyni zamanda bu canlılarda şəfqətli və fədakarcasına davranışlar aydın şəkildə görünər. Elə isə bu davranışların və əsərlərin qaynağı nədir? Bu canlılar bu davranışları öz iradələri ilə etmək qabiliyyətindən məhrumdurlarsa, deməli, bunları onlara etdirən, bunları onlara öyrədən bir “güc” olmalıdır. Məhz bu güc yerin, göyün və ikisi arasındakıların Rəbbi olan Allaha aiddir.

    Müxtəlif canlıların inşa etdikləri yuvalar: Çöl arısı

    Çöl arılarının yuva hazırlanmasında göstərdikləri fədakarlıq da xeyli maraqlıdır. Gənc kraliça arı, yumurtlama prosesinə az bir müddət qalmış koloniya yaratmaq üçün uyğun bir yer axtarmağa başlayır. Yer tapdıqdan sonra isə növbə, yuvanın istehsalı üçün lazım olan tük, ot və yarpaq kimi materialların toplanmasına gələr. İlk növbədə yuvanın ortasında, tennis topu böyüklüyündə kiçik bir otaq qurar. Bu otaq, ətrafdan toplanan materialların bir-birinə bağlanmasıyla yaradılmışdır. Növbə, yuvanı qida ilə təmin etməyə gəlmişdir. Kraliça çölə çıxar-çıxmaz, yuva üstündə dairələr çəkərək havada fırlanmağa başlayar. Bu sırada daim yuvasına tərəf istiqamətlənmişdir. Beləcə, yuvasının yerini əzbərləmiş olar. Nektarı ya da çiçək tozlarını toplayaraq kifayət qədər qidanın olduğuna inandıqdan sonra yuvasına geri qayıdar və bunları otağının ortasına boşaldar. Nektarın qida kimi istifadə edilməyən hissəsini atmaz. Bunları qurudaraq otağın hazırlandığı materialın bir-birinə yapışdığına və həmçinin, buranın izolyasiyasında istifadə edər. Nektarla qidalanan kraliça bir müddət sonra bal mumu ifraz etməyə başlayır. Topladığı çiçək tozlarından kiçik yumaqlar hazırlayar və üstlərinə, ilk işçiləri əmələ gətirəcək fərdlərin inkişaf edəcəyi 8 ya da 16 yumurta qoyar. Yumurtalarının ətrafını çiçək tozları ilə möhkəm şəkildə bağlayar.

    Yeni yumurtalar yumaqların üstünə təsadüfi deyil, olduqca həssas bir şəkildə və müəyyən bir simmetriya ilə qoyular. Ancaq balaların çıxmasına qədər çıxdıqdan sonra qidalana bilmələri də əhəmiyyətlidir. Buna görə də gənc kraliça, bal mumundan bal piyalələri hazırlayaraq, bunların içərisini nektarla doldurar. Balalar 4-5 gün davam edən bir kürt dövründən sonra yumurtadan çıxdıqlarında, özləri üçün hazırlanmış olan çiçək tozu və nektarla qidalanmağa başlayarlar. Diqqət yetirilsə, nektarı eyni bir inşaat işçisi kimi istifadə edən, həmçinin koloniyanı əmələ gətirəcək gənc fərdlərin sağlam böyüməsini və yaşamasını təmin edən, ağıl və şüur sahibi bir canlı deyil, boyu bir neçə santimetri keçməyən kiçik bir arıdır. Bu vəziyyətdə ağıla ilk gələn sual, kraliça arının niyə belə böyük bir fədakarlığa qatlandığıdır. Çünki kraliça arının, yeni doğan balaları qidalandırdıqdan sonra qazanacağı hər hansı bir şey yoxdur. Üstəlik, yerinə yeni bir kraliça gəldikdə, böyük bir fədakarlığa dözərək əmələ gətirdiyi koloniyasından da ayrılmaq məcburiyyətindədir. Onda bu qədər fədakarlıq göstərməsinin və yeni nəsilləri yaratmaq üçün qızğın bir fəaliyyət göstərməsinin tək bir səbəbi var: Bütün canlılar kimi çöl arıları da, ancaq Allahın ilhamı nəticəsində bu fədakarlığı göstərir və yeni nəsillər yaradır. Yəni, təkamülçülərin iddia etdiyi kimi təbiətdəki canlılar eqoistcəsinə bir həyatda qalma ehtirasına sahib deyildirlər.

    Qütb ayılarının buzdan hazırlanan sığınacaqları

    Antarktidanın soyuq iqlimində yaşayan dişi qütb ayıları, əgər hamilədirlərsə və ya balaları varsa özlərinə qar kütlələrinin altında yuva qurarlar. Əks təqdirdə yuvada yaşamazlar. Balalar ümumiyyətlə, qışın ortasında doğulur. İlk doğulduqlarında tüksüz, kor və çox kiçikdirlər. Qış ortasında doğulan, olduqca müdafiəsiz və qayğıya ehtiyacı olan balaların yaşaya bilmələri üçün bir yuvalarının olması vacibdir. Tipik bir yuva, 2 metr uzunluğundakı bir tunellə, diametri təxminən yarım metr olan yumru bir sahədən ibarətdir. Yüksəkliyi də təxminən yarım metrə qədərdir. Ancaq bura, adi və sadə bir neçə əməliyyat ilə hazırlanmış bir sığınacaq deyil. Hər yerin qar və buzla örtülü olduğu belə bir mühitdə qar kütlələrinin altı, olduqca mükəmməl bir şəkildə qazılmış və balaların həyatı üçün lazım olan əhəmiyyətli təfərrüatlara diqqət yetirilmişdir.

    Ümumiyyətlə, bu yuvaların birdən çox otağı var və qütb ayıları bu otaqları yuvanın girişindən daha yüksək səviyyədə hazırlayarlar. Beləcə, otaqlardakı isti havanın girişdən çölə çıxmasının qarşısı alınmış olar. Yuvanın üstünə və girişinə qış ərzində qar yığılır. Qütb ayısı isə bu qar kütləsinin içində yalnız hava girəcək qədər dar bir kanalı açıq qoyur. Ana ayı sığınacağın tavanını bəzən 75 sm-dən başlamaqla 2 metrə qədər çatan bir qalınlıqda inşa edər. Tavanın qalınlığı yaxşı bir izolyator vəzifəsini yerinə yetirər. Yəni, yuvadakı mövcud olan temperaturu saxlayar. Yuvadaki temperatur da bu yolla sabit qalar.

    Norveç Oslo Universitetində tədqiqatçı Paul Watts, bu yuvalardan birinin tavanına bir cihaz yerləşdirərək temperaturu diqqətlə ölçmüş və xeyli maraqlı bir vəziyyətlə qarşılaşmışdır. Bu uzun iş əsnasında çöldəki temperatur -30 dərəcəyə qədər endiyi halda, yuvadakı temperatur müsbət 2 və ya 3 dərəcədən heç aşağı düşməmişdir. Ana ayının qarın qalınlığına görə dəyişən izolyasiya xüsusiyyətini necə bildiyi isə, elm adamları tərəfindən xeyli maraqla qarşılanmışdır. Bu ilıq və mühafizəli mühitdə ana ayı enerji toplayar və bədənindəki yağ ehtiyatlarını də qış yuxusu dövrünə görə tənzimləyər. Ancaq bunlardan daha çox maraqlı bir vəziyyət var. Ana ayı qış yuxusuna getdiyi bu dövrdə heç enerji sərf etməmək və balalarının daha yaxşı qidalanmasını təmin etmək üçün maddələr mübadiləsini aşağı salır. 7 ay müddətində maddələr mübadiləsindəki yağı, zülala çevirər və balalarının qidalanmasını təmin edər. Buna görə də 7 ay müddətində özü heç qidalanmaz. Nəbzini dəqiqədə 70-dən 8-ə qədər aşağı salar və maddələr mübadiləsini zəiflədər. Bu mərhələdə yemək yemədiyi kimi təbii ehtiyaclarını da qarşılamaz. Beləliklə, balalarını doğacağı mərhələdə çox enerji sərf etməz.

    Timsahların yuvaları

    Florida Everqleydsdə yaşayan dişi bir timsah, yumurtaları üçün çox müxtəlif bir yuva hazırlayar. Əvvəlcə çürümüş bitkiləri palçıqla qarışdırar və bu bitkilərdən təxminən 90 sm. hündürlüyündə bir təpə qurar. Təpənin üstündə bir çuxur meydana gətirər və bu çuxurun içinə bir neçə düjün olan yumurtalarını qoyar. Yumurtaların üstünü isə yenə topladığı bitkilərlə örtər. Sonra yumurtaları üçün təhlükə yarada biləcək heyvanlara qarşı yuvanı müşahidə etməyə başlayar. Yumurtalar çatlamaq üzrə olduqda balalarının səslərini eşidən timsah, yuvanın üstündəki bitkilərdən ibarət örtüyü qaldırar. Balalar sürətlə yuxarı doğru dırmaşar və ana timsah balalarını ağzına alaraq onları suya qədər ağzının içindəki kisədə daşıyar.

    Dəmirçi qurbağasının yuvası

    Amfibiya kimilər arasında ən məharətli yuva qurucularından biri kiçik Cənubi Afrika dəmirçi qurbağasıdır. Yuva, erkək qurbağa tərəfindən su kənarında inşa edilir. Erkək, palçıqda bir oyuq açana qədər dairə şəklində fırlanar. Oyuğun divarlarını itələyərək genişlədər. İşini tamamladıqda keyfiyyətli bir palçıqdan divarla əhatələnmiş, 10 sm. dərinliyində bir su hovuzu inşa etmiş olar. Dəmirçi qurbağası bu hovuzda oturar və bir dişinin diqqətini özünə tərəf çəkənə qədər burada cütləşməyə çağırar. Bu çağırışa gələn dişi bir qurbağa, su ilə dolmuş yuvaya yumurtalarını qoyar, yumurtaları erkək qidalandırar və hər ikisi də yumurtalar çatlayana qədər onları gözləyər. Yumurtadan çıxan çömçəquyruqlar divarla əhatələnmiş, balıqlardan və həşəratlardan mühafizə olunmuş hovuzlarında rahatlıqla üzərlər. Böyüyəndə isə diqqətlə hazırlanmış bu “uşaq otağının” divarından dırmaşaraq çölə çıxarlar.

    Dəniz altındakı memarlar

    Balıqların da yuva qurduqları çox bilinməz. Ancaq təəccüblü sayda çox şirin su balığı, gölməçələrin, göllərin və ya çayların dibində yuvalar qurar. Bu yuvalar ümumiyyətlə, çınqılın və ya qumun içində açılan bir çuxur formasındadır. Məsələn, qızıl balıqlar və qızılxallı balıqlar yumurtalarını bu açdıqları çuxura qoyduqdan sonra çuxurun üstünü örtər və yumurtaları öz-özlərinə çatlamağa qoyarlar. Yumurtalar açıq bir yuvada müdafiəsiz qalanda isə, valideynlərdən biri və ya hər ikisi növbə çəkər. Bir çox balıq növündə yuvanın hazırlanması və yumurtalara nəzarət etmək işini erkək tək başına boynuna götürər. Balıqların bəzilərinin yuvaları isə daha genişdir. Şimali Amerika və Avropa ərazilərində yerləşən gölməçələrdə və çaylarda olan erkək tikanlı balıqlar, bir çox quşunkundan daha çox diqqətlə hazırlanmış yuvalar qurar. Bu balıq növü, su bitkilərinin hissəciklərini toplayır, böyrəklərində ifraz olunan yapışqan bir mayedən istifadə edərək bitki hissəciklərini bir-birlərinə yapışdırarlar. Yuvaya uzun düzgün bir taya forması vermək üçün ətrafında sürtünərək üzər. Sonra bu tayanın ortasından sürətlə keçərək, ön və arxa girişi olan və arasından suyun axdığı bir tunel meydana gətirər. Bir dişi yuvanın ərazisinə girdikdə, tikanlı balıq ziqzaq şəklində bir pərəstiş rəqsi edər. Dişini tunel formasındakı yuvasına tərəf aparar və burnuyla yuvanın girişini işarə edər. Dişi yumurtalarını qoyduqdan sonra erkək yumurtaları qidalandırmaq üçün yuvanın ön girişindən içəri girərkən, dişini arxa çıxışdan çölə itələyər. Yuva bir neçə dişi tərəfindən yumurtayla doldurulduqda erkək növbə tutar və tunelin içinə şirin suyun axmağını təmin edər. Həmçinin, yuvanın uçub dağılan yerlərini təmir edər. Yumurtalar çatladıqdan sonra, bir neçə gün də növbə tutmağa davam edər. Sonra isə aşağı hissəsini körpə tikanlı balıqlar üçün “uşaq otağı” kimi saxlayaraq, yuvanın başını qoparar.

    Heyvanlar bunları necə bacarır?

    Bir fikirləşin, memarlıq məlumatı olmayan, həyatında heç inşaat inşaat tikintisində işləməyən biri ortada nə material, nə inşaatı necə yerinə yetirəcəyini izah edən biri, nə də inşaatın planı olmadığı halda, öz-özünə qüsursuz bir bina inşa edə bilərmi? Əlbəttə ki, xeyr. İnsan şüurlu və ağıl sahibi bir varlıq olmasına baxmayaraq, ondan belə bir şeyi gözləmək çox çətindir. Bəs insandan belə gözlənilməyən bu zəka və qabiliyyət tələb edən davranış, heyvanlarda ola bilərmi? Əvvəlki səhifələrdə nümunələri verilən heyvanların bir çoxu nəinki bir beyinə, inkişaf etmiş bir sinir sisteminə belə sahib deyillər. Ancaq yuvalarını tikərkən plan qurar və hesab işləri apararlar, fizika qaydalarını tətbiq edər, toxuculuq və ya dərzilik kimi qabiliyyət tələb edən taktikalardan istifadə edərlər. Üstəlik, bu heyvanlar özlərinin və balalarının ehtiyaclarını ən sadə yolla təmin edərlər. Ən təbii və əlçatan yollardan özlərinə xərc hazırlayar, strukturlarının izolyasiyasını yenə ən asan materiallardan təmin edərlər. Bəs bir quş və ya bir qütb ayısı izolyasiyanın nə mənaya gəldiyini bilə bilərmi? Və ya yuvasını qızdırmasının lazım olduğunu düşünə bilərmi? Bu xüsusiyyətlərin heç birinin bu heyvanlardan qaynaqlanmadığı aydındır. Onda bu canlılar bütün bu qabiliyyətlərə necə sahib olurlar? Həmçinin, bu canlılar yuvaları inşa edərkən böyük bir fədakarlıq və səbirlə işləyər. Çox vaxt isə bu yuvalarda özləri deyil, yalnız balaları yaşayar.

    Bu canlıların davranışlarında müşahidə olunan ağlın, biliyin və fədakarlığın qaynağının yeganə izahı var, bunların hamısı, bu heyvanlara Allah tərəfindən ilham edilən xüsusiyyətlərdir. Allah, heyvan növlərinin nəslinin davam etməsi üçün bu canlıları fədakar və çalışqan olaraq yaratmış, onlara qorunma, ovlama, qidalanma, çoxalma üsullarını ayrı-ayrı ilham etmişdir. Onlara yuvalarını inşa etdirən, qüsursuz planlar qurduran, onları qoruyan və saxlayan sonsuz mərhəmət və şəfqət sahibi olan Allahdır. Təkamülçülərin iddia etdiyi kimi nə “təbiət ana”, nə də təsadüflər bu canlıları olduqca mürəkkəb yuvaları inşa etmələri üçün proqramlaya bilməz. Bütün canlılar yaradacılarının ilhamına tabe olduqları üçün özlərindən qətiyyən gözlənilməyəcək davranışlar nümayiş etdirərlər. Allah, Quranda “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör” (Nəhl surəsi, 68) ayəsi ilə bal arısına yuvasının yerini ilham etdiyini bildirmişdir. Bal arısında olduğu kimi canlıların hamısına yuvalarının yerini, inşaat texnikasını, istifadə edəcəyi materialları Allah ilham edir.

    Nəsli davam etdirmək və balaları qorumaq uğrundan göstərilən fədakarlıqlar

    Bir çox heyvan növü çoxala bilmək, yumurtalarını və ya balalarını qoruya bilmək üçün böyük fədakarlıqlar göstərər və çətinliklər qarşısında səbir edər. Hətta bəzən bu yolda “ölümü gözə alan” canlılar da vardır. Yumurtlamaq üçün kilometrlərlə uzağa köç edənlər, çox incə və zəhmətli yuvalar inşa edənlər, cütləşdikdən və ya yumurtladıqdan sonra ölənlər, yumurtalarını həftələrlə ağızlarında daşıyıb bu əsnada ac qalanlar, yumurtalarının başında həftələrlə növbə tutanlar da var. Əslində bu fədakarlıqların hər biri əhəmiyyətli bir məqsədə xidmət edir: Canlı növlərinin nəslini davam etdirmək. Zəif və gücsüz balalar ancaq yetkin və güclü olanlar tərəfindən baxılıb qorunduqları təqdirdə həyatda qala bilər. Doğulduğu andan tərk edilən bir ceyranın və ya hər hansı bir yerə buraxılan quş yumurtalarının, şübhəsiz ki, öz başlarına yaşamaq şansı demək olar ki, yox dərəcəsindədir. Ancaq canlılar, heç bir tənbəllik, bezginlik və ya bitərəflik göstərmədən bu gücsüz balaların bütün məsuliyyətini öz boyunlarına götürürlər. Hər biri Allahın özlərinə ilham etdiyi vəzifələrini nöqsansız yerinə yetirər.

    Maraqlı olan digər bir məqam da budur: Balalarına və yumurtalarına qarşı ən həvəslə qayğı göstərən və onları qoruyan canlılar, ən az çoxalan canlılardır. Məsələn, quşlar hər il az sayda yumurta qoyar və bu yumurtalarını böyük bir həssaslıqla qoruyarlar. Eynilə məməli heyvanlar da ümumiyyətlə, bir və ya iki bala sahibi olar və xeyli müddət balalarının qayğısını və mühafizəsini öz boyunlarına götürərlər. Ancaq bir dəfədə minlərlə yumurta qoyan bəzi balıqlar və ya həşəratlar, və ya hər il bir neçə dəfə çoxlu sayda balalayan siçanlar kimi bəzi canlılar isə yumurtalarına və ya balalarına eyni qayğını göstərməz. Lakin, çoxlu sayda olduqları üçün bunlardan bir hissəsinin yaşaması belə nəslin davamı üçün kifayətdir. Əks təqdirdə isə, yəni daha çox balalayanların hər balanı böyük fədakarlıqlarla yaşatması vəziyyətində, dünyanın ekoloji tarazlığında əhəmiyyətli pozulmalar yaşana bilərdi. Məsələn, daha çox çoxalan çöl siçanları üçün belə bir vəziyyət yaransa, çöl siçanları bütün dünyanı zəbt edəcək qədər çoxala bilərdilər.(49) Şübhəsiz ki, ekoloji tarazlığın qorunmasında əhəmiyyətli bir faktor olan çoxalmanın, bu canlılar tərəfindən nəzarət edilməsi və şüurlu bir şəkildə nəzarət altında saxlanılaraq tənzimlənməsi qeyri-mümkündür. Bu canlıların heç biri şüurlu varlıqlar deyil. Buna görə də, bu canlılardan nə nəsillərinin davamı üçün çoxalmalarının lazım olduğunu hesablamaları, nə də çoxalarkən təbiətin tarazlığını düşünərək buna uyğun hərəkət etmələri gözlənilə bilməz. Təbiətin tarazlığının bu yolla qorunması, hər bir canlının boynuna düşən məsuliyyəti qüsursuz və istisnasız olaraq yerinə yetirməsi, hər birinin tək bir iradənin nəzarəti altında hərəkət etdiyinin əhəmiyyətli bir göstəricisidir. Təbiətdə heç bir canlı özbaşına və nəzarətsiz deyil. Hamısı özlərini var edən Allaha boyun əymiş olaraq hərəkət edir. Allah Quranda Özünün izni olmadan heç bir canlının çoxala bilməyəcəyini, yaşayacaq və öləcək olanı da Özünün müəyyənləşdirəcəyini belə xəbər verir:

    Hər bir dişinin bətnində nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü vardır. (Rad surəsi, 8)

    …Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz… (Fussilət surəsi, 47)

    Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir. (Şura surəsi, 49-50)

    Yumurtalara və balalara göstərilən fövqəladə qayğı

    Bir çox canlı yumurtalarını və balalarını qoruya bilmək üçün böyük zəhmətlərə qatlanar, onları gizləyər, qırılmamaları üçün diqqətlə bir yerə qoyar, onları isidər və ya həddindən artıq qızmaqdan qoruyar, təhlükə anında bütün yumurtalarını başqa bir yerə aparar, həftələrlə başında növbə tutar, hətta ağzında daşıyar. Bir çox quş, balıq və sürünənlərdə bu fədakar və şəfqətli davranışları görmək mümkündür. İnsanlar üçün olduqca təhlükəli ola bilən piton ilanı belə yumurtalarına qarşı olduqca qayğıkeş və qoruyucudur. Dişi piton bir dəfədə təxminən 100 yumurta yumurtlayar və sonra da özü yumurtalarının üstünə sarılar. Bu hərəkətinin məqsədi hava çox isti olduqda yumurtaların üstünə kölgə salaraq onları sərinlətmək, havanın temperaturu çox aşağı düşdükdə isə bədənini titrədərək onları isitməkdir. Yumurtalarına sarıldığı müddət ərzində onları digər təhlükələrdən də qorumuş olar. Beləliklə, həyati təhlükələr, dişi pitonun balalarına olan bu həssaslığı ilə aradan qalxar.

    Yumurtalarını ağızlarında daşıyan balıqlar isə xeyli maraqlıdır. Bu cür balıqlar “ağızda kürt edən balıqlar” olaraq adlandırılırlar. Bunların bir qismi isə yumurtalar çatladıqdan sonra da balalarını ağızlarında daşımağa və qorumağa davam edər. Məsələn, naqqa balıqları, kiçik top böyüklüyündəki yumurtalarıyla ağızları dolu halda həftələrlə üzərlər. Bəzən də yumurtaları ağızlarında çalxalayar və beləliklə də, onları oksigenlə təmin edərlər. Yumurtalar çatladıqdan sonra balalar bir neçə həftə də erkək naqqa balığının ağzının içində qalarlar. Bu müddət ərzində erkək öz bədən yağı ilə yaşayar və demək olar ki, heç bir şeylə qidalanmaz. Yumurtalarını və balalarını ağzında daşıyan başqa bir canlı növü isə qurbağalardır. Məsələn, Rhinoderma qurbağası yumurtalarını öz içlərində daşıyar. Cütləşmə dövründə dişilər yumurtalarını yerə qoyar və erkək qurbağalar yumurtaları qorumaq üçün ətraflarında izdiham yaradarlar. Yumurtalar çatlamağa hazır olduqda, içindəki çömçəquyruqlar tərpənməyə və qıvrılmağa başlayarlar. Jelatinlə örtülmüş yumurtalar titrədikcə hər bir erkək qabağa atılar, mümkün qədər çox yumurta tutaraq ağzına alar. Bu yumurtaları ağızlarının yanlarında tipik olmayan şəkildə qabarıq duran səs kisələrinə doldurar və balalar burada inkişaf edər. Bir gün erkək qurbağa üst-üstə bir neçə dəfə hıçqırar və qəflətən əsnəyər. Tamamilə inkişaf etmiş bala qurbağalar əsnəyən erkək qurbağanın ağzından çölə çıxar. Avstraliyada yaşayan başqa bir qurbağa növü də yumurtalarını udar və onları bu dəfə ayrı bir kisədə deyil, mədəsində saxlayar. Ancaq balalar xarici dünyadan mühafizə olunduqları halda, həmçinin mədə içərisində böyük bir təhlükə ilə üz-üzədirlər. Çünki bilindiyi kimi mədə, içindəki yumurtaları əridə biləcək gücdə mayelər ifraz edər. Buna görə də, balaların mədəyə girməsiylə mədə həmişə olduğu kimi güclü mayesini ifraz edəcək və balaları əridəcəkdir. Ancaq bu vəziyyətə qarşı hələ əvvəldən tədbir görülmüşdür. Dişi qurbağa balalarını udduqda, mədə öz şirəsinin ifrazatını dayandırar və beləcə, balaların həzm edilməsinin qarşısı alınar.

    Bəzi qurbağa növləri isə balalarının təhlükəsizliyini zəmanət altına almaq üçün müxtəlif yollardan istifadə edərlər. Məsələn, Pipa quru qurbağası yumurtladıqdan sonra erkək qurbağa pərdəli ayaqlarıyla yumurtaları toplayar və diqqətlə dişisinin kürəyinə yerləşdirər. Yumurtalar dəriyə yapışar. Altlarındakı dəri şişməyə və üzərindəki yumurtalar da dəriyə daxil olmağa başlayar. Yumurtaların üstündə incə bir zər meydana gələr. 30 saat içində yumurtalar gözdən itər və dişi qurbağanın kürəyi əvvəlki kimi dümdüz vəziyyətə gələr. Dərisinin altında yumurtalar inkişaf edər. On beş gün sonra, dişi qurbağanın kürəyi çömçəquyruqların hərəkətləriylə tərpənməyə başlayar. 24-cü gündə, bala qurbağalar dəridə deşiklər açıb çölə çıxar və üzərək, özlərinə suyun içində gizlənə biləcək etibarlı yerlər axtararlar. Avropada yaşayan əbə quru qurbağası, həyatının böyük bir hissəsini quruda, sudan uzaqda olmayan torpaqdakı oyuqlarda keçirər. Quruda cütləşərlər. Dişi, yumurtalarını yerə qoyduqda, erkək onları qidalandırar. Yarım saat sonra, erkək qurbağa yumurtaları ipə düzən kimi bir-birinə yapışdırıb, sonra bunları arxa ayaqlarının üstünə də yapışdırar. Sonrakı bir neçə həftə ərzində hara getsə, sıçraya-sıçraya yumurtalarını da yanında daşıyar. Sonunda, yəni balalar yumurtadan çıxacağı vaxt suya girər. Yumurtaların yapışıq olduğu arxa ayaqlarını, bütün çömçəquyruqlar çıxana qədər suda saxlayar. Sonra isə qurudakı oyuğuna qayıdar. Bu nümunələrdə diqqətdən qaçırılmaması lazım olan əhəmiyyətli bir məqam var. Yuxarıda bəhs edilən qurbağaların davranış formaları ilə fiziki xüsusiyyətləri tam bir uyğunluq təşkil edir. Qurbağalardan birinin içində yumurtalar üçün hazırlanmış xüsusi bir kisə var. Qurbağanın, içində mövcud olan belə bir xüsusiyyətdən xəbərdar olması qeyri-mümkündür. Amma sanki bu kisənin varlığından xəbərdarmış kimi yumurtalarını udarlar. Digər qurbağa növü isə mədə şirəsinin yumurtalarına zərər verəcəyini bilməyəcək və bu ifrazatı dayandırmağı düşünə bilməyəcək qədər düşünmə və ağıl qabiliyyətindən məhrum bir canlıdır. Qaldı ki, belə bir şey düşündüyünü fərz etsək, heç bir canlı öz iradəsiylə mədəsindəki bir ifrazatı dayandıra bilməz. Digərinin kürəyi isə yumurtalarını daşımaq üçün bənzəri olmayan bir xüsusiyyətə malikdir. Bu canlıların həm fiziki xüsusiyyətləri, həm də davranış formaları təsadüflər nəticəsində inkişaf edə bilməyəcək qədər mürəkkəbdir.

    Bu xüsusiyyətlərin hər biri mükəmməldir. Çox aydındır ki, bu qurbağaların və digər bütün canlıların fiziki xüsusiyyətləri və davranışları bir-biriylə olduqca uyğun olaraq üstün ağıl və elm sahibi olan Allah tərəfindən yaradılmışdır. Hər balanın üstündə, sonsuz mərhəmətli və şəfqətli olan Allahın qoruması vardır. Allahın qoruma və şəfqət duyğuları ilham etdiyi canlılar, şübhəsiz ki, burada misal çəkilənlərlə məhdudlaşmır. Məsələn, qarışqalar, termit və ya arılar kimi sürü halında yaşayan canlılarda da ən böyük diqqət mərkəzi yumurtalar və sürfələridir. Qarışqalar, yumurta və sürfələrini yer altındakı yuvalarında hazırladıqları otaqlara yerləşdirərlər. İşçi qarışqalar, istilik və rütubətin dəyişməsinə görə sürfələrin və yumurtaların otaqlarını tez-tez dəyişdirirlər. Buna görə də işçi qarışqalar ümumiyyətlə, ağızlarında daşıdıqları sürfələrlə otaqları doldururlar. Əgər yuvaları başqa canlıların hücumuna məruz qalsa işçi qarışqalar ilk növbədə bu otaqları boşaldar və sürfələri yuvanın kənarında bir yerdə gizlədərlər. Quşların yumurtalarına göstərdikləri qayğı nümunələri isə olduqca təəccüblüdür. Məsələn, kiçik bir çovdarçıkimilər yerdəki bir çuxura 4 ədəd yumurta qoyar. Havanın temperaturu çox yüksəldikdə, sinə tüklərini suya batırar və geri qayıtdıqda islanmış tüklərini yumurtalarına toxunduraraq onları sərinləşdirər.

    Əslində yumurtası olan canlıların çox böyük bir qismi yumurtalarının olduğu yerin temperaturunu uyğun şəkildə tənzimləyərlər. Məsələn, suda üzən yosunlardan yuva quran qaqarlar, yumurtalarının üstünü yuvanı hazırladıqları materialla örtərlər. Bu yolla yumurtaların olduğu yerdə hər hansı bir temperatur itkisi yaranmaz. Qu quşları isə yumurtalarının üstündə oturaraq onları isti saxlayarlar. Dişi qu quşu hər yumurtanın bərabər qızması üçün müəyyən fasilələrlə yumurtaların üstündən qalxaraq yerini dəyişdirər. Qum quşu isə yumurtalarını qızdırmaq üçün çox müxtəlif bir taktikadan istifadə edər. Dişi qum quşu yumurtalarını yuvaya qoyduqdan sonra yumurtaların keşiyində durmağı erkək quş boynuna götürər. Erkək yumurtaların üstündə oturar və yuvanın üstünə sinə tüklərini tökər. Beləliklə də, heyvanın altındakı çılpaq dəri qanla dolar. Bu qanın temperaturu, üç həftədən artıq müddət ərzində kürtə yatan kişinin yumurtalarını qızdırması üçün kifayət edəcəkdir. Balalar yumurtadan çıxdıqdan sonra, erkək bir həftə yarım daha balalarla maraqlanar və sonra dişiylə vəzifələrini dəyişdirərlər.

    Yuvalarda temperaturun tənzimlənməsi yumurtaların inkişafı baxımından çox əhəmiyyətlidir və bu əhəmiyyət bütün canlıların yumurtaları üçün məqbuldur. Heyvanların bu mövzuda həssas olmaları və temperaturu tənzimləyə bilmək üçün müxtəlif üsullardan istifadə etməsi olduqca maraqlıdır. Çünki bir quşun, bir ilanın və ya bir qarışqanın istiliyin əhəmiyyəti ilə əlaqədar məlumata sahib olması və sonra da temperaturu lazımi tarazlıqda saxlamağın üsulunu özbaşına tapması qeyri-mümkündür. Bu məlumatların həqiqi sahibi isə bu canlıların xaricində olan bir varlıqdır. Hər şeyin yaradıcısı olan Allah, hər canlıda çoxsaylı xüsusiyyət yaradaraq sonsuz elmini “düşünən adamlara” göstərir. Allahın ilhamı ilə hərəkət edən bu canlılar çox vaxt yorulmaq bilməyən bir səy göstərirlər. Xüsusilə də, bəzi quşlar arxa-arxaya bir neçə yuva hazırlamaq məcburiyyətindədirlər və birində qayğıya ehtiyacı olan balaları olduğu halda, digərlərində isə kürt yatmaları lazımdır. Məsələn, kiçik çovdarçıkimilərdə və qaqarlarda, dişi və erkək günlərini ikinci yuvanın inkubasiyası ilə birinci yuvadakı balaların qayğısı arasında keçirirlər. Bundan daha maraqlı olanı isə, su quşları və pəncərə qaranquşu növlərində, birinci yuvadakı balaların, ikinci yuvada yeni doğulanların böyümələrinə kömək etmələridir. Bir çox arıquşu cütlükləri də, başqa cütlərə kömək edər. Bu cür köməkləşmələr, quşlar arasında çox sıx müşahidə olunur. Canlıların yalnız öz balalarına deyil, başqa balalara da kömək etmələri, şübhəsiz ki, təkamül nəzəriyyəsi üçün xeyli çətin bir əngəl yaradır. Heyvanların bu fədakarlıqlarının hər biri, təkamül nəzəriyyəsinin iddiasını kökündən sarsıdır. Təkamülçülərin irəli sürdükləri kimi təsadüflər nəticəsində meydana gəlmiş, hər canlının yalnız özünü düşündüyü bir təbiətdə belə üstün xüsusiyyətlərin olmaması lazımdır. Ancaq təbiətdə bir-birlərinə kömək edən quşlar kimi saysız-hesabsız fədakarlıq, köməksevərlik nümunələri vardır. Bu da təbiətin təsadüflərin deyil, üstün bir güc sahibi olan Allahın əsəri olduğunun aydın bir dəlilidir.

    İmperator pinqvinlərinin bənzərsiz səbri

    Yumurtalarını qorumaq məsələsində böyük bir əzm, görünməmiş bir səbir və təəccüblü dərəcədə dayanıqlılıq göstərən digər canlı növü isə İmperator pinqvinləridir. Antarktidanın çətin şəraitində yaşayan İmperator pinqvinləri, mart və aprel aylarında (bu Antarktikada qışın başlanğıcı deməkdir) çoxalmağa və balalarını yetişdirə bilmək üçün əlverişli olan ərazilərə bir neçə kilometrlik bir səfər edərlər. 25 000-ə qədər pinqvin burada bir yerə toplanar və cütləşərlər. May və ya iyun ayında dişi pinqvin bir yumurta yumurtlayar. Cüt yumurta üçün yuva qura bilməz, çünki ətraflarında qardan və buzdan başqa heç bir şey yoxdur. Ancaq yumurtalarını buzun üstünə qoya da bilməzlər, çünki yumurta soyuğa dözə bilməyərək tezliklə donar. Buna görə də, İmperator pinqvinləri yumurtalarını ayaqlarının üstündə daşıyar. Yumurtladıqdan sonrakı bir neçə saat içində, erkək dişinin yanına gələr və hər ikisi sinə sinəyə gələcək şəkildə dayanarlar. Beləcə, erkək qadından yumurtanı götürər. Hər ikisi də yumurtanı buzun üstündə saxlamamağa diqqət göstərər. Erkək əvvəlcə ayaq barmaqlarını yumurtanın altına salar və sonra barmaqlarını qaldıraraq yumurtanı ayağının üstünə itələyər. Yumurtasını qırmamaq üçün isə bu əməliyyatları olduqca diqqətlə və ehtiyatla etmək məcburiyyətindədir. Bu çətin əməliyyatdan sonra, yumşaq tükləri ilə yumurtanın üstünü örtər. Yumurtlamaq, dişi pinqvinin bədənindəki qida anbarının böyük bir hissəsini itirməsinə səbəb olmuşdur. Bu itkini bərpa etmək üçün tezliklə qida əldə etmək məqsədilə dənizə tərəf geri qayıtmalıdır. Buna görə də kürtə erkək pinqvin yatar. Ancaq bu, digər quşlara nisbətən xeyli çətin və səbir tələb edən bir kürt dövrüdür. Pinqvinlər yumurtalarını bir an belə ayaqlarının üstündən yerə qoya bilməzlər. Buna görə də hərəkət qabiliyyətləri yox kimidir. Yalnız ayaqlarını sürüyərək bir neçə metr irəliləyə bilərlər. Kiçik quyruqlarından üçüncü ayaq kimi istifadə edir və topuqlarının üstündə durmaqla dincələrlər, bu əsnada ayaq barmaqlarını yuxarıya tərəf qaldırarlar ki, qiymətli yumurtaları buza dəyib donmasın. Pinqvinin tükləriylə örtdüyü ayaqları çöldən 80 dərəcə daha istidir və bu yolla yumurtası dondurucu soyuğu qətiyyən hiss etməz.

    Qış irəlilədikcə çox şiddətli tiplər başlayar, külək saatda 120-160 km sürətlə əsər. Bu öldürücü qış şəraitində erkək pinqvinlər aylarla heç bir şey yemədən və demək olar ki, heç tərpənmədən balaları üçün bənzərsiz bir fədakarlıq göstərərlər. Bu çətin şəraitdə donmaqdan xilas olmaq üçün əhəmiyyətli bir həmrəylik nümunəsi göstərərək bir-birlərinə daha da yaxınlaşarlar. Aralarına soyuq girməsinin qarşısını almaq üçün dimdiklərini sinələrinə yapışdırar, beləcə peysər dümdüz olar və bir-birinə yapışan pinqvinlərin arasında heç bir boşluq qalmayacaq şəkildə tükdən bir tavan meydana gələr. Çevrədən kənarda qalanlar isə Şimal qütbünün bütün sərtliyinə dözmək məcburiyyətindədirlər. Ancaq bu çox uzun çəkməz, çünki həmişə yerlərini dəyişdirər və növbə ilə çevrədən kənara çıxarlar. Beləcə, bir-birlərini də qoruyarlar. Heç biri çevrədən kənara çıxmaq məsələsində bitərəf davranmaz. Minlərlə pinqvinin aralarında heç bir qarşıdurma olmadan, aylarla, mümkün ola biləcək ən çətin şəraitdə belə birlikdə yaşamaları və həmrəylik içində olmaları olduqca maraqlıdır. Şüur və ağıl sahibi insanlar üçün belə, mənfəətləriylə zidd düşən belə bir mühitdə pinqvinlərin bu qədər ahəngdar, incə düşüncəli və fədakar rəftarlar göstərmələri çox nadir hallarda təsadüf olunan bir vəziyyətdir. Bütün bu çətin şəraitə baxmayaraq, pinqvinlərin həyatları bahasına yumurtalarını buraxmamaları isə təkamül nəzəriyyəsinin “zəiflərin əzilərək yox olduğu”nu iddia etdiyi təbiət anlayışını tamamilə iflasa uğradır. Çünki təbiət, zəiflərin əzilərək yox olduğu bir mübarizə meydanından çox, zəiflərin güclülər tərəfindən hər cür çətinliyə baxmayaraq mühafizə olunaraq saxlanıldıqları bir yerdir. Olduqca çətin keçən bu 60 günün sonunda yumurtalar çatlayar. 60 gündür, heç bir şey yemədən soyuğa qarşı müqavimət göstərən erkək pinqvinlər, yumurtalar çatladıqdan sonra belə özlərini deyil, balalarını fikirləşərlər. Yeni doğan balanın qidaya ehtiyacı vardır. Erkək pinqvin udlağından az da olsa süd ifraz edər və bunu balasına içirdər. Məhz tam bu kritik günlərdə dişilər peyda olar. Dişilər qayıtdıqda səslənməyə başlayar və erkəklər də onlara cavab verər. Yoldaşlar bir-birlərini cütləşmə əsnasında öyrəndikləri səslərindən tanıyar. 3 ay müddətində ayrı qalmalarına baxmayaraq bu səsi dərhal tanımaları da Allahın onlara verdiyi xüsusi bir qabiliyyətdir. Dişinin qursağı tamamilə ovladığı yeməklərlə doludur. Bu topladığı yeməkləri balasının qabağına boşaldar və bala birinci həqiqi yeməyini yeyər. Dişinin geri qayıtmasıyla bərabər erkəyin tezliklə balanı tərk edərək öz işinə qayıdacağı düşünülə bilər. Ancaq belə olmaz, erkək 10 gün daha balaya baxar. Onu ayağının üstündə qorumağa davam edər. Sonra isə, təxminən 4 aylıq aclıq dövründən sonra, birinci yeməyini yemək üzrə dənizə qayıdar.

    Erkək pinqvin dənizdə ov etdikdən 3-4 həftə sonra geri qayıdar və balaya baxma vəzifəsini öz boynuna götürər. Bu dəfə dişi təkrar ovlanmaq üçün dənizə qayıdar. Bala pinqvinlər ilk vaxtlarda bədən temperaturlarını özləri əmələ gətirə bilməz və tək başına buraxıldıqda bir neçə dəqiqə ərzində donaraq ölər. Buna görə də erkək və dişi pinqvin balaya yemək tapmaq və onu soyuqdan qorumaq vəzifələrini həqiqi bir iş bölgüsü edib növbəli olaraq yerinə yetirərlər. Və göründüyü kimi, bu mövzuda o qədər həssasdırlar ki, öz həyatlarını belə bu uğurda təhlükəyə atmaqdan çəkinməzlər. Dişi və erkək pinqvinlərin böyük bir həmrəylik və iş bölgüsü içində yumurtalarını və balalarını, ölümü və ən çətin şərtləri gözə alaraq qorumaları, hər nə bahasına olursa-olsun balalarını bir an belə tək buraxmamaları onlara Allah tərəfindən ilham edilir. Şüuru və ağlı olmayan bir canlıdan gözlənilən, bu tələblərə dözə bilməyərək yumurtanı bir neçə saat ərzində tərk etməsi və öz başının çarəsinə baxmasıdır. Ancaq pinqvinlər Allahın onlara ilham etdiyi qoruma duyğusu hesabına, saatlarla və ya günlərlə deyil, aylarla yumurtalarını qoruyar.

    Erkəyin hamilə qaldığı yeganə canlı növü: Dənizatları

    Erkək dənizatları dişi dənizatlarından aldığı yumurtaları saxlaya biləcəkləri bir kürt kisəsinə sahibdirlər. Dişi, rüşeymlərini erkəyin kürt kisəsinin içinə boşaldar. Erkək isə, bu yumurtalar inkişaf edib kiçik bir dənizatı olana qədər onları kisəsinin içindəki plasenta bənzəri maye ilə qidalandırar və kürt kisəsinin daxili toxumasında olan kapilyar damarlar vasitəsilə yumurtaları oksigenlə təmin edər. Erkəyin hamiləlik müddəti təxminən 10 ilə 42 gün arasıdır. Bu müddət ərzində dişi hər səhər yoldaşını ziyarət edər. Bu ziyarətlər və salamlaşma davranışları, dişiyə yoldaşının doğum vaxtı haqqında fikir verir və bu vaxt ərzində dişi, yeni yumurtlama üçün hazırlanır.

    Aterina balıqlarının təhlükəli səfəri

    Aterina balıqları digər balıqlardan fərqli olaraq yumurtalarını quruda torpağın içinə basdırar, çünki yumurtaları ancaq belə bir mühitdə inkişaf edə bilər. Ancaq aterina balıqları üçün quruya qısa müddətli çıxış belə ölüm deməkdir. Amma bu təhlükəyə baxmayaraq bunu yerinə yetirərlər, çünki əgər yerinə yetirməsələr bu, nəsillərinin sonu olacaq. Allahın ilhamı ilə hərəkət edən bu balıqlar, ən münasib vaxt və ən münasib şəraitdə quruya çıxar. Aterinalar yumurtalarını quma basdırmaq üçün ayın bütöv olma vaxtını gözləyərlər. Çünki ay bütöv olduqda, dalğalar qabararaq bütün sahili su basar. Aterina balıqları, təxminən üç saat davam edən dənizin qabarma vaxtını müşahidə edər və onları sahilə çatdıracaq olan ən hündür dalğanın içinə özlərinə atarlar. Quruya bu yolla çıxmağı bacaran dişi aterinalar suyun kənarında qaldıqları bu qısa vaxt ərzində, məharətlə qıvrılıb bükülərək qumun təxminən 5 sm dərinliyinə yumurtalarını qoyarlar.

    Ancaq təhlükə bununla bitməz, aterina balıqları dənizə qayıda bilmək üçün, dənizin suyu çəkilmədən əvvəl yumurtalarını quma basdırmaq məcburiyyətindədirlər. Geri çəkilmə vaxtını qaçırmaları vəziyyətində isə quruda qalıb məhv olarlar. Göründüyü kimi bu balıqlar yumurtalarının ən yaxşı şəkildə inkişaf etməsi üçün böyük bir fədakarlıq göstərər və özlərini çox böyük bir riskə atarlar. Həmçinin olduqca ağıllı hərəkət edirlər. Bir Aterina balığının yumurtlamaq üçün gözə aldığı təhlükələr və nümayiş etdirdiyi ağıllı davranışlar üstündə düşündükdə, bu balıqdan kənarda bir ağlın və şüurun varlığı aydın şəkildə görünər. Yumurtlamaq üçün yüzlərlə asan üsul olduğu halda, Aterina balığı yumurtalarını quma basdırmaq yolunu seçər. Bu balığın, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi yumurtalarını quma basdırmaq kimi bir vərdişi təsadüflər nəticəsində əldə etdiyini fərz edək. Belə olsa nə baş verər? Balıq hələ ilk mərhələdə quma çataraq yumurtalarını basdırmaq səyi əsnasında ölər. Sınaq-yanılma yolu ilə ən münasib vaxtı tapmasına qətiyyən izn verməyəcək tələblərlə üz-üzədir və bu vəziyyətdə balığın nəslinin davam etməsi qeyri-mümkündür. Çox aydındır ki, Aterina yumurtalarını qumun içində inkişaf edə biləcək şəkildə yaradan Allah, balıqlara quma çatacaqları ən münasib vaxtı da ilham edir və beləliklə də, onların yaşamalarını və çoxalmalarını təmin edir.

    Yay üzgəci balığının yumurtaları üçün hazırladığı yosundan ev

    Dişi yay üzgəc balığı, maydan iyun ayına qədər olan dövrdə yumurtlayar. Bu dövrdə, quyruğunun dibindəki tünd rəngli xalı daha diqqətə çarpan bir vəziyyətə gələr. Bir gölün ya da bir çayın kənarında yosunlu bir yer seçərək, özünə dairə formasında bir yuva qurar. Erkək balıq da, yuvanın hazırlanması əsnasında, dönə-dönə üzərək bitkiləri aşağı doğru basdırar. Dişi, yumurtaları buraxdıqda yumurtalar bitkilərin saplarına və yarpaqlarına yapışar. Erkək balıq isə yumurtaların başında növbə tutmağa başlayar. Sonra isə yenə dönə-dönə üzərək bir su axını əmələ gətirər və beləliklə də, yumurtaları hava ilə təmin edər. Həmçinin erkək yay üzgəc balığı balalarını, boyları 10 santimetr olana qədər qoruyar.

    Çoxalmaq üçün uzun yollar qət edən digər bir canlı olan: Boz balina

    Hər il dekabr və yanvar aylarında boz balina Şimali Buzlu okeandan yola düşər və Şimali Amerikanın cənub-qərb sahillərindən keçərək Kaliforniyaya tərəf üzər. Məqsədi doğmaq üçün ilıq sulara çatmaqdır. Maraqlı budur ki, boz balina bu səfəri əsnasında heç bir şey yeməz. Lakin əvvəlcədən tədbir görmüş və uzun yay günləri müddətində, Şimal Buzlu okeanın qida cəhətdən zəngin sularındakı yeməklərlə özünə enerji toplamışdır. Boz balina, Qərbi Meksikanın tropik sularına çatar-çatmaz doğar. Balalar, analarının südləriylə qidalanır və yağ ehtiyatı əldə edərlər, beləcə digər boz balinalarla birlikdə mart ayında Şimal Buzlu okeana tərəf köç edəcəkləri vaxt üçün güc qazanarlar.

    Sihlid balıqlarının həvəskar qulluğu

    Dişi və erkək sihlid balıqları yumurtaları və balaları ilə yaxından maraqlanar. Balıqlardan biri, yumurtaların olduğu yerin yuxarısında durar və həmişə quyruq və üzgəcləri vasitəsilə onları hava ilə təmin edər. Dişiylə erkək bir neçə dəqiqədən bir növbə dəyişdirər. Hava ilə təmin etməyin məqsədi yumurtaların yaxşı inkişaf etməsi üçün onları daha çox oksigenlə təmin etməkdir. Bu iş bundan əlavə göbələk sporlarının yumurtaların üstünə yerləşərək inkişaf etmələrinin də qarşısını alar. Sihlidlərin yumurtalarıyla maraqlanmalarının əsasında yumurtaların təmizliyinin təmin edilməsi durur. Bunun üçün mayalanmamış yumurtaları da yeyərək geriyə qalan sağlam yumurtaların xəstələnməsinin qarşısını alar. Sonrakı mərhələdə isə yumurtaları olduqları yerdən götürərək qumda qazdıqları oyuqlardan birinə apararlar. Hər dəfə ağızlarına bir neçə yumurta alıb apararlar. Biri çuxura gedərkən, digəri növbə tutar. Sonra isə yenə eyni əməliyyat təkrarlanar. Balalar yumurtadan çıxdıqları vaxt dişiylə erkək onları diqqətlə qoruyar. Ümumiyyətlə, yumurtadan yeni çıxan balalar həmişə bir yerdə qalar, qrupdan biri ayrıldıqda dişi ya da erkək bu balanı ağzına alaraq yenidən digərlərinin yanına aparar.

    Təmizlik məsələsində həssas olan yeganə canlı, Sihlid balıqları da deyil. Məsələn, dişi qırxayaq, yumurtalarını hər hansı bir göbələk təhlükəsinə qarşı qorumaq üçün onları tez-tez yalayar. Sonra isə onların ətrafında bükülərək, balalar yumurtadan çıxana qədər onları düşmənlərdən mühafizə edər. Dişi osminoq isə yumurtalarını qayadakı bir oyuğa qoyaraq həmişə onlara nəzarət edər. Qollarıyla da müntəzəm surətdə təmizləyər və təmiz su ilə onları durulayar.

    Dəvəquşunun fədakarlığı

    Afrika qitəsinə düşən günəş şüaları, bəzən canlılar üçün öldürücü təsirdə ola bilər. Buna görə də bir çox canlı bu öldürücü şüalardan qorunmaq üçün özünə kölgəli məkanlar axtarar. Cənubi Afrika dəvəquşusu isə özündən çox yumurtalarının və balalarının qeydinə qalaraq onları günəş şüalarından qoruyar. Bunun üçün onların üstündə dayanır və tez-tez geniş qanadlarını açaraq günəş işığının yumurtalarına və balalarına düşməsinin qarşısını alar. Ancaq diqqət yetrilsə, bu heyvanın “öz bədəni” günəş şüalarına məruz qalır. Bu da onun fədakarlığının təəccüblü bir dəlilidir.

    Balalarını böyük bir diqqətlə ipəkdən olan kisəsində daşıyan qurd hörümçəyi

    Dişi qurd hörümçəyi yumurtalarını kürə ya da lupa formasında ipək bir baramanın içinə qoyar. Bunu sırf yumurtalarını saxlamaq məqsədiylə hazırlamışdır. Dişi bu baramanı qarnının arxa ucuna yapışdırar və hər yerə bununla gedər. Barama yerindən qopduğu təqdirdə dişi geri qayıdıb götürər və təkrar qarnına yapışdırar. Balalar yumurtadan çıxdıqdan sonra bir müddət də baramada qalar, vaxt gəlib çatanda barama yarılar və onlar da dişinin kürəyinə dırmaşar. Dişi onları bu yolla daşıyar. Bəzi növdən olan balalar o qədər çoxdur ki, kiçik hörümçəklər üst-üstə yığılaraq dişinin kürəyini örtər. Məlum olduğu kimi balalar bu müddət ərzində qidalanmaz.

    Müxtəlif bir növdən olan möcüzəvi qurd hörümçəyi isə iyun və ya iyul aylarında yumurtalar çatlayacağı vaxt baramanı bədənindən qopardar və üstünə bir çadır hörər. Çadırın yanında növbə tutar. Balalar yumurtadan çıxdıqdan sonra ipək çadırın içində bir müddət qalaraq inkişaflarını tamamlayarlar. O vaxt iki dəfə qabıq verər, sonra dağılarlar. Hörümçək kimi bir heyvanın sədaqət, diqqət, şəfqət və səbir kimi xüsusiyyətləri özündə ehtiva edən davranışlar nümayiş etdirməsi, əlbəttə ki, olduqca düşündürücüdür.

    Həşəratların yumurta baxımı

    Su üstündə yaşayan bəzi həşəratların işi olduqca çətindir: Yumurtalarını suyun üstünə qoyduqda yumurtalar quruyar, suyun altına qoyduqda isə yumurtadan çıxan balalar boğular. Belə olduqda erkək həşəratlar məsuliyyəti öz boyunlarına götürər və su üstünə qoyduqları yumurtaları həmişə nəmli halda saxlayaraq havalandırarlar. Lethocerus cinsindən olan nəhəng su həşəratlarının dişisi yumurtalarını suda üzən bir çubuğun üstünə qoyar. Erkək həşərat tez-tez suya girər və səthə çıxınca çubuğa dırmaşaraq sularını yumurtaların üzərinə damızdırar, bundan əlavə təcavüzkar həşəratları yumurtalardan uzaq tutar. Lakin belostoma cinsindən olan nəhəng su həşəratlarının (tez-tez üzmə hovuzlarında görünər) dişisi, yumurtalarını bir növ yapışqanla erkəyin kürəyinə yapışdırar. Erkək həşərat, su üstündə üzmək və bu yumurtaları havalandırmaq məcburiyyətindədir. Arxa ayaqlarını irəli-geri hərəkət etdirərək və ya bir çubuğa yapışaraq, saatlarla ayaqları üstündə dayanıb yumurtaların üstünə su səpər.

    Eynilə, bledius növü olan düzqanadlılar, bembidion növü torpaq düzqanadlıları və heterocerus növü bataqlıq düzqanadlıları, qabarma-çəkilmələrdə yumurtalarını suda boğulmaqdan maraqlı bir üsulla qoruyarlar: Dar ağızlı bir butulkanı xatırladan yumurta anbarlarının ağzını suların səviyyəsi qalxdıqda örtər, endikdə isə açarlar. Həşəratların belə yumurtaları üçün bu qədər böyük bir həssaslıq göstərmələri və onları şüurlu surətdə qorumaları çox aydın və qəti olan yaradılış həqiqətini yenidən göstərir.

    Çöl arısının heç görməyəcəyi balası üçün göstərdiyi fədakarlıqlar

    Qazıcı çöl arısı olaraq tanınan bir çöl arısı növü, sürfəsi üçün əvvəlcə yerdə meyilli bir oyuq açar. Burada ifadə etməliyik ki, çöl arısı kimi kiçik bir canlının torpağı qazaraq bir oyuq açması olduqca çətindir. Bunun üçün əvvəlcə çənəsiylə torpağı qaldırar və ön ayaqları ilə çıxardığı torpağı arxasına atar. Bu çöl arısının əhəmiyyətli bir qabiliyyəti də var, açdığı oyuğun ətrafında qətiyyən bir iz buraxmaz, çox məharətli bir kamuflyaj ustasıdır. Bunun üçün əvvəlcə qazdığı torpaq hissəciklərini çənəsinin altına yerləşdirərək hissə-hissə daşıyar və yuvadan uzaq bir yerə, bir qalaq əmələ gətirməyəcək şəkildə yayaraq atar. Beləcə, yuvası üçün təhlükə yaradan həşəratların diqqətini çəkməmiş olar. Açdığı çuxur, çöl arısının bədəninin böyüklüyü qədər olduqda oyuğun içində, bir yumurtanı və yeməyini tutacaq böyüklükdə bir uşaq otağı hazırlayar. Sonra çuxuru müvəqqəti olaraq örtər və həşərat ovlamaq üçün uçar.

    Çöl arısının hər növü, tırtıl, çəyirtkə və ya cırcırama böcəyi kimi bir böcəyin ovlanması üzrə ixtisaslaşar. Çöl arısının ovlanma forması bildiyimizdən çox fərqlidir. Çünki çöl arısı, yumurtası üçün ov etdikdə ovunu öldürməz, onu iynəsiylə sancaraq iflic edər və yuvasına aparar. Sonra isə ovunun üstünə təkcə bir yumurta qoyar. İflicə məruz qalan böcək isə yumurta çatlayıb, sürfə qidalanmaq istəyənə qədər təzə qalar. Yumurtasının yeməyini və qalacağı yeri təyin etdikdən sonra çöl arısı üçün növbə yumurtanın təhlükəsizliyini təmin etməyə gələr. Bu dəfə yuvanın girişini böyük bir diqqətlə, torpaq və çay daşları ilə örtər. Sonra isə çənəsiylə bir çay daşını götürərək bundan çəkic kimi istifadə edər və çınqılı ovxalayaraq torpağı düzləşdirər. Son olaraq tikanlı ayaqlarıyla torpağı dırmıqlayar, yuvanın girişi tamamilə örtülənə qədər buranı həssaslıqla süpürər. Yuva tamamilə gizlənsə də, çöl arısı bununla kifayətlənməz və əlavə bir tədbir olaraq yuvanın yaxınlarına iki və ya üç ədəd boş tələ çuxur qazar. Bu qapalı və qorunmuş yuvanın içərisindəki sürfə özü üçün hazırlanan yeməklə bir yetkinlik yaşına çatacaq və yuvadan tək başına çıxa biləcək. Çöl arısı üçün balası heç vaxt görməyəcəyi bir canlıdır. Amma buna baxmayaraq onun üçün yorucu və səbir tələb edən bir hazırlıq görmüş və hər cür ehtiyacını əvvəlcədən hazırlamışdır. Göstərdiyi bütün davranışlar olduqca fədakarcasına, incə düşüncəli və uzaqgörəndir. Bildiyimiz mənada bir beyinə belə sahib olmayan bir canlının bütün bunları özünün etmədiyi, ona bunların hər birinin ağıl və elm sahibi bir güc tərəfindən etdirildiyi isə aydındır. Əvvəlki mövzularda da ifadə edildiyi kimi təkamülçülər canlıların belə davranmaq üçün proqramlaşdırıldıqlarını deyirlər. Təkamül nəzəriyyəsinə əsasən bu proqramın sahibi, cansız və şüursuz təbiətdə əmələ gələn yenə şüursuz təsadüflərdir. Canlıların sahib olduqları olduqca mürəkkəb və fövqəladə xüsusiyyətlər düşünüldükdə, bu iddianın nə qədər ağıl və məntiqdən kənar olduğu aydın şəkildə görünür. Bütün canlıların Allahın ilhamı ilə hərəkət etdikləri, ağıl və vicdan sahibi hər insanın asanlıqla görə biləcəyi açıq-aşkar və qəti bir həqiqətdir.

    Hər şey balalar üçün

    Balalar çox vaxt qayğıya və qorunmağa möhtac olaraq doğulur. Ümumiyyətlə, kor və ya tüksüz olan, hələ ovlama qabiliyyəti olmayan balalar əgər valideynləri və ya sürülərindəki digər yetkinlər tərəfindən qorunmasalar, qısa müddətdə aclıqdan və ya soyuqdan ölərlər. Ancaq Allahın ilhamı ilə hərəkət edən canlılar, balalarını canla-başla qoruyar və qidalandırarlar.

    Balaların təhlükələrdən qorunmaları

    Balalarının qorunmasından söhbət getdikdə, canlılar olduqca təhlükəli və yırtıcı ola bilər. Əslində, bir hücum və ya təhlükə hiss etdikdə, daha çox balalarını götürüb o yerdən sürətlə uzaqlaşmağı seçərlər. Qaçmaq üçün fürsət tapa bilmədikdə isə, tərəddüd etmədən özlərini təcavüzkarın qabağına atarlar. Məsələn, yarasalar və quşlar, balalarını yuvalarından götürən tədqiqatçıların üstünə hücum etmələri ilə tanınırlar. Zebrlər kimi iri məməli heyvanlar isə, sürülərinə kaftar kimi düşmənləri hücum etdikdə tezliklə dəstələrə ayrılaraq, tayları aralarına alar və sürətlə qaçmağa başlayarlar. Tutulduqları təqdirdə, sürüdəki yetkinlər, bu yırtıcı heyvanlara qarşı taylarını cəsurca qoruyar. Zürafələr isə hücuma məruz qaldıqda buzovlarını bədənlərinin altına itələyər və ön ayaqları ilə düşmənlərinə möhkəm şəkildə zərbə endirərlər. Marallar və antiloplar ümumiyyətlə, ürkək və həyəcanlı heyvanlardır və balaları olmadığı vaxtlarda sürətlə qaçmağı seçərlər. Ancaq, balalarını təhdid edən tülkü və qurdlara qarşı sivri və iti dırnaqlarından tərəddüd etmədən istifadə edərlər.

    Daha kiçik və zəif məməlilər isə ümumiyyətlə, balalarını qorumaq üçün onları gizlədər və ya etibarlı bir yerə daşıyarlar. Ancaq buna fürsət olmadıqda düşmənlərini balalarından uzaqlaşdırmaq üçün vəhşiləşə bilərlər. Məsələn, olduqca ürkək bir heyvan olan dovşan, balalarına hücum edən bir düşməni uzaqlaşdırmaq üçün böyük risk altına girər. Balalarına hücum edildikdə, dərhal yuvasına qaçar və güclü arxa ayaqlarıyla düşməninə bir neçə cüt möhkəm təpik vurar. Bu cəsarəti çox vaxt yırtıcı bir heyvanı belə qovmaq üçün kifayət edir. Ceyranlar isə, yırtıcı heyvanlar balalarını qovmağa başladıqda, dərhal balalarının arxasına keçər. Çünki yırtıcı heyvanlar, ovlarını ümumiyyətlə arxadan tutar. Ana ceyran mümkün olduğu qədər balasına yaxın hərəkət edər. Əgər yırtıcı heyvanlar yaxınlaşırlarsa, ana onları uzaqlaşdırar. Balası təqib edilən bir ceyran, dırnaqları ilə çaqqalları təpikləyə bilər. Və ya təcavüzkarları balalarından uzaqlaşdırmaq üçün qəsdən heyvanların yaxınlığında qaçar. Bəzi məməlilər isə rənglərindən ötrü təbii surətdə kamuflyaj olar. Ancaq bəzən balalar analarının istiqamətləndirməsinə ehtiyac duya bilər. Bu heyvanlardan biri də cüyürlərdir. Ana cüyür balasının kamuflyaj xüsusiyyətindən onun adına bir üstünlük olaraq istifadə edər. Balasını kolluqların arasında bir yerdə gizlədir və onun qalxmadan oturmasını təmin edər. Bala cüyürün qəhvəyi dərisinin üstündəki ağ xallar günəş şüaları ilə qarışar və uzaqdan baxdıqda bala cüyür qətiyyən seçilə bilməz. Üstündəki ağ xallar kolların arasında yerə düşən günəş şüalarının əks olunması kimi qəbul olunar. Bir neçə metr kənardan keçən bir düşmən belə bala cüyürü seçə bilməz. Ana cüyür isə balanın gizləndiyi yerdən qabaqda dayanaraq onu gözləyər. Lakin, qətiyyən diqqətləri yuvaya çəkəcək şəkildə davranmaz, əksinə olduqca təmkinlə davranar. Sadəcə qidalanmaq üçün balasının olduğu yerə gələr. Meşəyə geri qayıtmadan əvvəl isə, balasını burnu ilə itələyərək təkrar yerə oturdar. Bala arada bir ayağa qalxacaq olsa belə, eşitdiyi ən kiçik bir səsdə tezliklə geri oturacaqdır. Bala anasının yanında qaçmağı bacaracağı vaxta qədər bu yolla gizlənər.

    Bəzi heyvanlar isə balalarını təhdid edən heyvanlara gözdağı verərək onları yuvalarından uzaqlaşdırmaq yolunu seçər. Məsələn, bayquşlar və digər bəzi quşlar balalarının yanına yaxınlaşan düşmənlərini qorxudub qaçırmaq üçün qanadlarını mümkün olduğu qədər açar və beləcə olduqlarından xeyli iri görünərlər. Bəzi quşlar isə ilan fısıltısını təqlid edərək təcavüzkarları qaçırarlar. Mavi arıquşu olduqca uca bir səslə fısıldayar və həmçinin qanadlarını açaraq yuvanın divarlarına çırpar. Yuvanın içi qaranlıq olduğu üçün təcavüzkar nəylə üz-üzə gəldiyini tam olaraq qavraya bilməz və tezliklə uzaqlaşar. Quş sürülərində də yetkinlər, balaların hamısını qoruma vəzifəsini öz boyunlarına götürür. Xüsusilə qağayılar bu quş sürüləri üçün təhlükə yaradar. Yetkin bir və ya iki quş öz güclərini nümayiş etdirərək qağayıları qaçıra bilər. Ümumiyyətlə, yetkin quşlar bala quşları növbə ilə qoruyar və vəzifələrini təhvil verdikdə isə daha uzaq sularda qidalanmaq üçün o yeri tərk edərlər. Marallar, əgər balalarına hücum etmək üzrə olan düşmənlərinin öhdəsindən gələ bilməyəcəklərini görərlərsə, özlərini heç çəkinmədən düşmənlərinin qarşısına atar və özlərini ov olaraq göstərib düşmənin onları qovmasını təmin edərlər. Beləliklə də, düşməni balalarından uzaqlaşdırarlar. Bir çox heyvan eyni taktikadan istifadə edər. Məsələn, dişi pələng özlərinə tərəf ovçu bir heyvanın yaxınlaşdığını gördükdə, balalarının yanından ayrılar və dərhal düşməninin diqqətini öz üzərinə çəkər. Yenotlar isə düşmənlərinin gəldiyini gördükdə balalarını ən yaxındakı ağacın üstünə daşıyar və sonra da sürətlə ağacın üstündən aşağı enərək düşmənlərinin arasına daxil olarlar. Onları uzun müddət arxasınca aparar və balalarından kifayət qədər uzaqlaşdırdıqları qənaətinə gəldikdə, düşmənlərini sovuşduraraq dərhal səssizcə balalarının yanına qayıdarlar. Əlbəttə ki, bu davranışları həmişə yüz faiz uğurla nəticələnməyə bilər. Balalar xilas olsa belə, valideynlər balaları uğrunda ölə bilər.

    Bəzi quşlar isə “yaralı təqlidi” edər və beləliklə də, düşmənlərinin diqqətini balalarının üzərindən uzaqlaşdıraraq öz üzərilərinə çəkərlər. Bir düşmənin yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşar. Düşməninin qarşısına çıxdıqda yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayar. Bu əsnada da fəryad qoparar. Quş yerdə çarəsizcə çırpınırmış kimi görünər. Ancaq həmişə tədbirli davranar və düşmənin çata biləcəyi məsafədən irəlidə durar. “Yaralı” quşu asan bir ov olaraq görən yırtıcı heyvan ovunu tutmağa çalışarkən, yuvadan bir xeyli uzaqlaşdırılmış olar. Heyvan quşun yuvasından kifayət qədər uzaqlaşdıqda, dişi quş bir anda təqlid etməyə son qoyar və təcavüzkar heyvan tam quşa çatdığı vaxt dişi quş birdən qanadlanıb qaçar. Bu “səhnə nümayişi” adətən olduqca inandırıcıdır. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna aldanarlar. Torpağın üstündə yuva quran quşların bir çoxu balalarını düşmənlərindən bu yolla qoruyar. Məsələn, ana ördək balalarının yanına bir ovçu heyvan yaxınlaşdıqda, suyun üstündən qanad açıb uçmağı bacara bilmirmiş kimi yaralı təqlidi edərək gölün ətrafında qanad çırpar. Ancaq həmişə arxasındakı təcavüzkarla arasındakı məsafəni sabit saxlayar. Təcavüzkarı sahildə gizlənən balalarından kifayət qədər uzaqlaşdırdıqda isə dərhal qanadlanar və balalarının yanına dönər. Quşların “yaralı quş” ssenarisinə bu gün belə elm adamları heç bir izah verə bilmirlər.(86) Bir quş belə bir ssenari hazırlaya bilərmi? Bunun üçün olduqca şüurlu bir varlıq olması lazımdır. Hər şeydən əvvəl “təqlid”, zəka və qabiliyyət tələb edir. Həmçinin, bir heyvanın tərəddüd etmədən özünü düşməninin qabağına atması və özünü qovdurması üçün olduqca cəsarətli və qorxmaz olması lazımdır. Daha da maraqlı olanı bu quşlar bu davranışı başqalarından görərək etməzlər. Bu müdafiə taktikasına və qabiliyyətə anadangəlmə sahibdirlər. Şübhəsiz ki, burada izah edilənlər heyvanlar aləmində yaşanan şüurlu və fədakarcasına davranışların sadəcə az bir qismidir. Yer üzündə olan milyonlarla canlı növü, özünə xas bir müdafiə sisteminə malikdir. Ancaq bu sistemlərdən çox, bunlardan çıxan nəticə əhəmiyyətlidir. Məsələn, bir quşun öz şüuru və iradəsi ilə balasını qorumaq üçün ölümü gözə aldığını iddia etmək ağla və məntiqə uyğundurmu? Əlbəttə deyil. Burada ağılsız, şüursuz, şəfqət, mərhəmət kimi duyğulara sahib olması qeyri-mümkün olan heyvanlardan söhbət gedir. Və bu heyvanların belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etməsini təmin edən, onları bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allahdır. Allah, bu canlılara ilham etməklə Öz sonsuz şəfqət və mərhəmətinə nümunələr göstərir.

    Böcəklər də balalarını təhlükədən qoruyar

    Böcəklərin də, ana-atanın balaları qoruyaraq onlara diqqət göstərdiklərini ilk dəfə olaraq 1764-cü ildə isveçli təbiətşünas Adolph Modeer kəşf etmişdi. Adolph Modeer, Avropa qalxan böcəyinin dişisinin ac və susuz vəziyyətdə yumurtalarının üstünə oturduğunu və düşmənləri gəldikdə uçaraq qaçmaq əvəzinə onlara hücum etdiyini görmüşdü. Ancaq bir çox elm adamı əvvəllər böcəklərin balalarına diqqət göstərməsini qəbul etmək istəmirdi. Bunun səbəbi isə, Delaware Universitetindən olan təkamülçü böcək elmi üzrə mütəxəssis professor Douglas W. Tallany tərəfindən belə izah olunur: Böcəklər, balalarını qoruyarkən o qədər böyük təhlükələrlə üz-üzədir ki, bəzi böcək elmi mütəxəssisləri bu xüsusiyyətin təkamül müddəti ərzində necə olur ki, itmədiyi ilə maraqlanırlanırlar. Bir çox böcəyin etdiyi kimi xeyli miqdarda yumurta yumurtlamaq bundan xeyli asan bir strategiya olardı.

    Douglas W. Tallany bir təkamülçü olmasına baxmayaraq təkamülün çıxılmaz vəziyyətlərindən birini özü araşdırır. Həqiqətən də təkamül nəzəriyyəsinin iddiasına əsasən böcəklərin öz həyatlarını təhlükəyə atan davranışları uğursuz nəticələnməliydi. Ancaq təbiətdə belə bir seçim reallaşmamışdır. Böcəklər də daxil olmaqla, canlıların böyük bir qismi balaları üçün, hətta bəzən bir-birləri üçün ölümü gözə almaqdan çəkinməzlər. Balaları üçün ölümü gözə alan bu kiçik canlılardan biri, ABŞ-ın cənub-şərq zonasında, at gicitkən otlarının üstündə yaşayan, bağ böcəkləridir. Dişi bağ böcəyi, yumurtalarını və yumurtadan çıxdıqdan sonra sürfələrini “ölümü bahasına” qoruyar. Sürfələrin ən əhəmiyyətli düşmənlərindən biri qız böcəkləridir. Bu böcəklər, iti və sərt dimdiyə oxşar ağızları ilə imkan tapdıqda sürfələrin hamısını yeyərlər. Dişi bağ böcəyinin isə onlara qarşı işlədə biləcəyi heç bir silahı yoxdur. Tək edə bildiyi şey davamlı qanad çırparaq və arxalarına dırmaşaraq qız böcəklərini qaçırmağa çalışmaqdır. Bu əsnada isə sürfələr yarpağın orta damarından bir şose yolu kimi istifadə edərək sapdan qaçar və qıvrılmış təzə bir yarpağın içində gizlənərlər. Əgər ana xilas ola bilsə, sürfələrini təqib edər və onların gizləndiyi yarpağın sapında mühafizəçi olar. Beləcə, böyük ehtimalla özünü təqib edəcək olan düşməninin yolunu kəsmiş olar. Bəzən ana, qız böcəklərini bir müddətədək qovar. Bu vəziyyətdə sürfələrinin səhv bir yarpağa getmələrinə bədənini qabağa verməklə mane olar və onları təhlükəsiz bir yarpaqda gizlədər. Ancaq analar çox vaxt böcəklərin hücumları əsnasında ölər. Amma onların bu fədakarlığı sürfələrə qaçıb gizlənmələri üçün vaxt qazandırmışdır.

    Balaların qidalanması

    Müdafiəsiz balaların təhlükələrdən qorunmaları ilə yanaşı yaşaya bilmək üçün qidalanmaları da ana və ata tərəfindən təmin edilməlidir. Balalarını yırtıcı heyvanlardan qorumaq üçün həmişə hazır duran ana-atalar həmçinin, balalarının qidalanması üçün də həmişəkindən daha çox ov etməlidirlər. Məsələn, dişi və erkək quş gün ərzində balalarını orta hesabla saatda 4-12 dəfə qidalandırırlar. Qidalandırmaları lazım olan bir çox balaları olduqda yüzlərlə dəfə yuvadan uçaraq qida axtarmaları lazımdır. Məsələn, balasını dimdiyində daşıdığı böcəklərlə qidalandıran böyük bir arıquşu gündə orta hesabla 900 dəfə yuvaya yemək gətirər. Məməlilərdə isə dişilər əlavə bir problemlə üz-üzədir, balalarına lazım olan enerjini yalnız südləriylə verə bilərlər. Süd vermə dövründəki analar isə həmişəkindən daha çox qidalanmalıdırlar. Məsələn, suiti, təkcə balasını doğduqdan etibarən təxminən 10 ilə 18 gün əmizdirər. Bala bu müddət ərzində kökələr. Bu müddət ərzində ana isə aldığı qidanın böyük qismini balasının südü üçün sərf etdiyindən qidalana bilməz və xeyli arıqlayar. Qidalanmağa ehtiyac duyan balaları olan ana və atalar, həmişəkindən üç-dörd dəfə daha çox enerji sərf edərlər.

    Lozanna Universitetində aparılan bir araşdırmada balaların qidalanmasının və baxımının ana-ata quşlara nəyin bahasına gəldiyi müəyyən olunmuşdur. Lozanna Universiteti bioloqlarından Heinz Richner və tələbələri, arıquşları üzərində bir təcrübə aparmışlar və “ata” olmağın çətinliklərini aşkara çıxarmışlar. Təcrübə əsnasında Richner, bir yuvadakı balaları digər yuvalara daşıyaraq atanın qidalandırmaq məcburiyyətində olduğu balalarının sayını davamlı dəyişdirmişdir. Təcrübənin nəticəsi isə belədir: Daha çox bala qidalandırmaq məcburiyyətində qalan atalar, iki qat daha çox çalışır və buna görə də erkən ölürdülər. “Çoxuşaqlı” atalarda parazitlərlə əlaqədar yaranan xəstəliklər 76%, normal atalarda isə 36% təşkil edirdi. Bu məlumatlar, bir quşun balası üçün dözdüyü çətinlikləri və göstərdiyi fədakarlığı daha yaxşı qavraya bilmək baxımından əhəmiyyətlidir.

    Balaların qidalanması

    Müdafiəsiz balaların təhlükələrdən qorunmaları ilə yanaşı yaşaya bilmək üçün qidalanmaları da ana və ata tərəfindən təmin edilməlidir. Balalarını yırtıcı heyvanlardan qorumaq üçün həmişə hazır duran ana-atalar həmçinin, balalarının qidalanması üçün də həmişəkindən daha çox ov etməlidirlər. Məsələn, dişi və erkək quş gün ərzində balalarını orta hesabla saatda 4-12 dəfə qidalandırırlar. Qidalandırmaları lazım olan bir çox balaları olduqda yüzlərlə dəfə yuvadan uçaraq qida axtarmaları lazımdır. Məsələn, balasını dimdiyində daşıdığı böcəklərlə qidalandıran böyük bir arıquşu gündə orta hesabla 900 dəfə yuvaya yemək gətirər. Məməlilərdə isə dişilər əlavə bir problemlə üz-üzədir, balalarına lazım olan enerjini yalnız südləriylə verə bilərlər. Süd vermə dövründəki analar isə həmişəkindən daha çox qidalanmalıdırlar. Məsələn, suiti, təkcə balasını doğduqdan etibarən təxminən 10 ilə 18 gün əmizdirər. Bala bu müddət ərzində kökələr. Bu müddət ərzində ana isə aldığı qidanın böyük qismini balasının südü üçün sərf etdiyindən qidalana bilməz və xeyli arıqlayar. Qidalanmağa ehtiyac duyan balaları olan ana və atalar, həmişəkindən üç-dörd dəfə daha çox enerji sərf edərlər.

    Lozanna Universitetində aparılan bir araşdırmada balaların qidalanmasının və baxımının ana-ata quşlara nəyin bahasına gəldiyi müəyyən olunmuşdur. Lozanna Universiteti bioloqlarından Heinz Richner və tələbələri, arıquşları üzərində bir təcrübə aparmışlar və “ata” olmağın çətinliklərini aşkara çıxarmışlar. Təcrübə əsnasında Richner, bir yuvadakı balaları digər yuvalara daşıyaraq atanın qidalandırmaq məcburiyyətində olduğu balalarının sayını davamlı dəyişdirmişdir. Təcrübənin nəticəsi isə belədir: Daha çox bala qidalandırmaq məcburiyyətində qalan atalar, iki qat daha çox çalışır və buna görə də erkən ölürdülər. “Çoxuşaqlı” atalarda parazitlərlə əlaqədar yaranan xəstəliklər 76%, normal atalarda isə 36% təşkil edirdi. Bu məlumatlar, bir quşun balası üçün dözdüyü çətinlikləri və göstərdiyi fədakarlığı daha yaxşı qavraya bilmək baxımından əhəmiyyətlidir.

    Qaqarların balasına yedirtdiyi tüklər

    Qaqarlar balaları üçün üzən yuva funksiyasını yerinə yetirərlər. Balalar ana-atalarından birinin kürəyinə çıxarlar. Və hərtərəfli yerləşdikdən sonra qaqar balalarının düşmələrinin qarşısını almaq üçün qanadlarını yüngülcə yana doğru açar. Qaqarlar onları qidalandırmaq üçün dimdiyindəki yeməyi başını arxasına çevirərək balalarının ağzına qoyar. Ancaq onlara edilən ilk təklif yemək deyil. Ana və ya ata ilk növbədə ya suyun üstündən yığdıqları ya da sinələrindən qopardıqları tükləri balalarına yedirərlər. Hər bala olduqca çox miqdarda tük udar. Bəs bu qəribə yeməyin səbəbi nədir? Balaların yedikləri bu tüklər həzm olunmaz, lakin balanın mədəsində toplanar. Bir qismi bağırsağa açılan yerdə keçələşər. Balıqların qılçıqları və ya digər qidaların həzm oluna bilməyən hissələri burada toplanar və beləcə bu maddələrin balanın mədəsinin və ya bağırsaqlarının həssas divarlarını zədələməsinin qarşısı alınar. Quşların bu tük yemə vərdişləri ömürləri boyunca davam edəcək. Ancaq ilk yedirilən tüklər, şübhəsiz ki, balaların sağlamlığı üçün edilən əhəmiyyətli bir tədbirdir. Bəzi quş növlərində isə ana quş, balasına balıq ovlamaq üçün sürətlə suya girər və balığı quyruğundan tutar. Quşun, balığı quyruğundan tutmasının əhəmiyyətli bir səbəbi var. Çünki, quyruğundan tutulan balıq, balaya qılçıqların düzülüş istiqamətində verilər. Bu da bala quşun balığı udarkən qılçıqların yerləşdiyi istiqamətdə udmasını və buna görə də, qılçıqların həzm olunmasını asanlaşdırar. Əgər quş, balığı quyruğundan deyil, hər hansı bir yerindən tutarsa bu, balığı özünün yeyəcəyini xəbər verər.

    Balasını qidalandıra bilmək üçün kilometrlərlə yol qət edən keçisağankimilər quşu

    Bu quş növü, balalarını yerdən 20 metr hündürlükdəki bir yuvaya yerləşdirər. Hər gecə təxminən 5-6 dəfə balalarını qidalandıracağı meyvələri axtarmaq üçün yola düşər. Bu meyvələri tapdıqda isə, meyvələrin yumşaq iç hissəsini əvvəlcə özü üyüdər, sonra isə üyütdüyü hissəni balalarına verər. Gecə dəstələr halında qida axtarışına çıxan keçisağankimilərin, sırf balalarına qida tapmaq məqsədiylə getdikləri məsafə isə olduqca qeyri-adidir: Bu quşlar, gecədə təxminən 25 kilometr yol gedir.

    Guachoralar kimi bir çox heyvan balalarına verəcəkləri qidanı əvvəlcədən hazırlayar. Məsələn, qutanlar bir növ balıq şorbası hazırlayar. Fırtına quşu cinsinin anaları da yedikləri plankton və kiçik balıqları qarışdıraraq balaları üçün zəngin bir yağa çevirər. Göyərçinlər qursaqlarında yağ və zülal cəhətdən çox zəngin “göyərçin südü” adı verilən xüsusi bir maye ifrazat hazırlayarlar. Məməlilərin südündən fərqli olaraq, bu süd həm ana, həm də ata tərəfindən hazırlanar. Bir çox quş buna bənzər qidaları balaları üçün hazırlayar. Quş balaları, ana və atalarına olduqca möhtacdırlar. Tək edə bildikləri şey dimdiklərini axıra qədər açaraq ana və ya atalarının özlərinə yemək gətirməsini gözləməkdir. Məsələn, gənc siyənək qağayıları ağızlarını analarının dimdiklərindəki qırmızı bir yerə tərəf uzadar. Hətta gözləri hələ açılmamış bir qaratoyuq, ana ya da atasının gəldiyini düşündürə biləcək ən kiçik bir titrəyişlərdən belə boynunu yuxarıya tərəf qaldırıb ağzını açar. Həyatlarının bu dövründə balaların ağızları, parlaq sarı rəngli qabarıq kənarları ilə yeməklərin hara ötürülməsi lazım olduğuna aydın şəkildə işarə edər kimidir. Ağızlarının kənarı olduqca həssasdır, hər hansı bir səbəbə görə bala ağzını açıq saxlamağı kəsəcək olsa, dimdiyinin kənarına ən kiçik bir təmas belə onun xəbərdar edilib dimdiyini açmasına səbəb olar. Balaların ağızlarının rəngi və həssaslığı, xüsusilə çuxur içində yuvaları olan quşlar baxımından olduqca əhəmiyyətli bir asanlıqdır. Beləliklə də, yetkinlərin, çuxurun qaranlıq bir küncündə olan balalarının ağızlarını tapmaları və onlara yemək vermələri asanlaşar.

    Gouldian alacəhrələrinin yuvası belə qaranlıq bir oyuğun içindədir. Balaların ağız kənarlarının hər tərəfində işığın düşməsiylə parlayan, diqqət çəkici yaşıl və mavi rənglərdə, yuvalarının dərinliklərinə səpələnərək çatan işığı əks etdirən böyük kök yumruları vardır. Bu kök yumruları qaranlıqda bir işıq qaynağı kimi parlayarlar. Rəngli ağızlar bəzi quşlarda analarına balaların yerini bildirməkdən başqa mənalar da daşıyar. Rənglər həmçinin yuvadakı balalardan hansının yaxın zamanda qidalandığını, hansının qidalanmağa ehtiyacının olduğunu da bildirir. Gənc çətənə quşlarının ağızları, boğazlarının dərhal altındakı qan damarlarından ötrü qırmızı rəngdədir. Balalara qida verildiyi vaxt isə bu qanın böyük qismi, həzm olunan qidaları toplamaq üçün mədəyə gedər. Buna görə də hələ ac olan balaların ağızları ən qırmızı rəngdə olanlardır. Və bu mövzuda aparılan təcrübələrlə ortaya qoyulmuşdur ki, valideyn quşlar hansı balaya qida vermələrinin lazım olduğunu təyin etmək üçün bu rəng müxtəlifliyindən istifadə edirlər. Quşların fiziki xüsusiyyətləri ilə davranışlarının və yaşadıqları mühitin olduqca əlverişli olması bütün canlıların və içində yaşadıqları təbiətin tək bir Yaradıcının əsəri olduğunun aydın bir dəlilidir. Heç bir təsadüf belə qüsursuz bir nizamı meydana gətirə bilməz.

    Balalarına su daşıyan çöl toyuqları

    Təbiətdə, bütün canlıların sahib olduqları fiziki xüsusiyyətlər, yaşadıqları mühitlə olduqca uyğundur. Bunun bir nümunəsi də çöl toyuqlarıdır. Çöl toyuqlarının müəyyən bir məskunlaşma yeri yoxdur. Yumurtlama vaxtı yaxınlaşdıqda qumun dayaz bir yerinə çox vaxt 3 yumurta qoyarlar. Balalar yumurtadan çıxar-çıxmaz, yuvanı tərk edər və özləri üçün yemək olaraq toxum toplamağa başlayarlar. Yeməklərini tək başlarına tapa bilərlər, ancaq uça bilmədikləri üçün suya olan ehtiyaclarını ödəyə bilməzlər. Buna görə də, onlara su gətirilməlidir və bu vəzifəni erkək boynuna götürər. Bəzi quş növlərində yetkinlər balalarına suyu qursaqlarında daşımaqla gətirərlər, lakin erkək çöl toyuğu suyu çox uzaq bir məsafədən gətirmək məcburiyyətindədir və buna görə də qursağında daşıya biləcəyi suyun hamısına, etdiyi uzun səfər vaxtı özünün ehtiyacı vardır. Əks təqdirdə yaşaya bilməz. Lakin su daşımaq üçün bənzərsiz bir fiziki xüsusiyyətə malikdir. Quşun sinəsindəki və alt hissəsindəki tüklər, daxili səthdə incə bir lif təbəqəsiylə örtülüdür. Bir su kütləsinə çatan quş, altını quma və toza sürtər, beləcə tüklərini təmizlədiyi vaxt qalmış ola biləcək suyu tutmağı maneə törədici yağlardan xilas olmuş olar. Sonra suyun kənarına gedər. Əvvəlcə öz susuzluğunu aradan qaldırar. Sonra suyun içinə girər, qanadını və quyruğunu havaya qaldıraraq bədənini irəli-geri hərəkət etdirər, beləcə bütün tükləri tamamilə islanmış olar. Tüklərin üstündəki incə lif təbəqəsi bir süngər kimi suyu çəkər.

    Tükləriylə bədəni arasında daşıdığı duru maye, buxarlanıb yox olmaqdan yaxşı şəkildə qorunur. Lakin yenə də 20 mildən çox uçduğu təqdirdə, daşıdığı suyun bir qismi buxarlanır. Nəhayət quş qumda toxum axtaran balalarının yanına çatdıqda, balalar ona tərəf qaçar. Ata çöl toyuğu bədənini yuxarı qaldırdıqda, balalar da sanki süd əmən məməlilər kimi suyu atalarının bədənindən içərlər. Balalar bütün suyu əmdikdən sonra quş yenidən özünü qumun üstünə sürtərək bədənini qurudar. Erkək quş bu işi balaların ilk tük tökmə dövrü bitənə qədər və öz sularını özləri təmin edənə qədər ən az iki ay boyunca hər gün təkrarlayır. Çöl toyuğunun bu davranışında düşünülməsi lazım olan bir çox məqam var. Bu quş yaşadığı mühitə ən uyğun xüsusiyyətlərə sahib olmaqla yanaşı, nə etməsi lazım olduğunu da çox yaxşı bilir. Çünki onu yaradan Allah, ona nə etməsi lazım olduğunu da ilham yoluyla bildirir.

    Böcəklərin balalarını qidalandırmaları

    Bir çox böcək növü də sürfələrini və balalarını qidalandırar. Məsələn, oyucu böcəklər, bir çuxurda gizli sürfələri toxumlarla qidalandırır. Sıçrayıcı ağac böcəkləri isə ağacın qabığında spiral formalı yarıqlar açaraq qidalandırıcı mayelər daşıyan borular düzəldər və kiçik sürfələri borular vasitəsilə qidalandırar. Taxtabitilərin işi olduqca çətindir, sərt, həzm olunmayan və azot miqdarı çox az olan odunu balalarına bir yolla yedizdirməlidir. Odun böcəkləri və odun yeyən düzqanadlılar, bu problemi belə həll etmişlər: Odunu əvvəlcə özləri gəmirərək həzm sistemlərində yumşaldır, sonra isə yumşalmış odunu, yenə bədənlərindəki sellüloza parçalayıcı tək hüceyrəli heyvanlar və həzm şirəsi ilə qarışdıraraq çölə çıxarar və balalarına verərlər. Ağac qabığı düzqanadlıları isə qabıq altındakı odun çeynəyərək açdıqları tunellərin içinə yumurtlayarlar və buralara, sellülozu sürfələrin çeynəyə biləcəyii şəklə çevirən göbələk növlərini gətirirlər. Allah hər canlıya ruzisini fərqli şəkillərdə verir. Yuxarıda nümunələri verilən böcəklər də Allahın izni ilə ruzilərini tapan canlılardır. Allah, ana və ya atalarını vəsilə edərək, bu kiçik canlılara da ruzi verir. Allah, Quranda hər canlının ruzisini Özünün verdiyini belə bildirir:

    Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (Ənkəbut surəsi, 60)

    Balaların köçürdülmələri

    Ümumiyyətlə, gücsüz və çəlimsiz olan balalar, yer dəyişdirərkən və ya təhlükə vaxtlarında, ümumiyyətlə, ana və ya ataları tərəfindən daşınarlar. Canlılar balalarını müxtəlif metodlardan istifadə etməklə daşıyır, bəziləri kürəyində, bəziləri ağzında, bəziləri də qanadlarındakı xüsusi kisələrdə balalarını daşıyar. Balalar bu daşınma əsnasında heç bir zərər görməz və tezliklə təhlükəsiz bir mühitə çatdırılarlar. Xüsusilə də, təhlükə vaxtlarında ana-ataların balalarını daşıyaraq hadisə yerindən uzaqlaşdırmaları əhəmiyyətli bir fədakarlıq nümunəsidir. Çünki balanın hər hansı bir yolla daşınması heyvanın sürətini və hərəkət qabiliyyətini əhəmiyyətli ölçüdə azaldır. Ancaq canlılar buna baxmayaraq, təhlükəli bir vəziyyətdə balalarını əsla tərk etməzlər. Canlılar arasında kürəkdə daşımaq metodu ən geniş metoddur. Məsələn, meymunlar balalarını hər yerə daşıya bilərlər. Ana meymun balasıyla çox rahat hərəkət edə bilər, çünki bala meymun anasının qarnındakı və arxasındakı tükləri əlləri və ayaqlarıyla möhkəm şəkildə tutar. Təhlükə vaxtlarında ana meymun kürəyində balasını daşıdığı halda bir ağaca tullana bilər, bir budaq boyunca qaçıb digər bir ağaca atıla bilər. Kenqurular və digər kisəli heyvanlar, köməyə möhtacı olan balalarını qarınlarındakı tüklə örtülmüş kisələrində daşıyar. Bala kenquru beş ay anasının kisəsində yaşayar. Bu kisədən çıxdıqda belə həmişə anasının yaxınlığında dayanar. Əgər bir təhlükə hiss edərsə anasına tərəf qaçar və baş aşağı olaraq kisənin içinə tullanar. Ana kenquru güclü arxa ayaqları ilə balasını da daşıyaraq qaçar.

    Sincablar balalarını sallanan qarınlarından dişləriylə tutub qaldırarlar. Bir ana sincab yuvası dağıldığı vaxt, balalarını olduqca uzaq bir məsafə də olsa daşıyar. Hər dəfə bir balasını daşıyar və hamısının təhlükəsiz şəkildə azad olduğuna əmin olana qədər köhnə yuvasına geri dönüb, baxar. Bala siçanlar yuvalarında analarının sinələrindən möhkəm şəkildə yapışar və ümumiyyətlə, saatlarla buraxmazlar. Əgər ailə təhdid edilsə, ana balalarını dərhal götürüb etibarlı bir yerə qaça bilər. Balalar ağızları ilə sinədən o qədər möhkəm yapışarlar ki, ana birini belə itirmədən ayaqları arasında bütün balalarını sürüyə bilər. Təhlükə sovuşduqda isə ana, geridə qalmış balalarının olma ehtimalına qarşı, bir neçə dəfə köhnə yuvasına qayıdaraq ora nəzarət edər. Yarasalar gecə ərzində həşərat və ya meyvə axtarmaq üçün uçarkən, balalarını da daşıyarlar. Bir bala yarasa anasının əmcəyindən süd dişləriylə yapışar və pəncələriylə tüklərindən möhkəm şəkildə yapışar. Bəzi yarasaların üç və ya dörd sayda balaları vardır və bütün balalar ananın bədənindən asılı olduğu halda belə, yarasalar uçmağı bacararlar.

    Balasını uçarkən daşıyan bir çox quş növü var. Bir cüllüt yerdəki yuvası təhdid altında olduqda, ana cüllüt ayaqları arasında möhkəm şəkildə yapışmış bir balanı sürətlə havaya qaldıra bilər. Su toyuqları, bataqlıq qırğıları və arıquşular etibarlı bir mühitə tərəf balaları ilə birgə uçarkən, onları dimdiklərində daşıyarlar. Qırmızı-quyruqlu şahinlər, balalarını eynilə tutduqları ovlarını daşıdıqları kimi pəncələriylə tutub havada daşıyarlar. Qaqarlar isə balalarını kürəklərində daşıyar və bir düşmən gördükdə, sürətlə suya tullanar və balaları arxalarında asılmış olduğu halda, suyun altında üzərlər. Yumurtalarını və çömçəquyruqlarını kürəklərində daşıyan tropik qurbağalar və quru qurbağaları balaları ilə birgə etibarlı bir mühitə tullana bilər.

    Daha da maraqlısı, bəzi balıqlar balalarını etibarlı bir yerə ağızlarında daşıyar. Bir erkək tikanlı balıq, su otlarından ibarət olan yuvasının ətrafında nəzarət edərkən, yumurtadan yeni çıxmış balasını da qoruyar. Əgər bir bala tikanlı balıq yuvasından üzərək uzaqlaşarsa, atası da arxasınca gedər. Balanı ağzının içinə tərəf çəkər və yuvaya gətirdikdə çölə çıxardar. Qarışqalar inkişaf edən yumurta və sürfələri, bir uşaq otağından digərinə ağızlarında daşıyarlar. Hər səhər, baxıcı qarışqalar koloniyadakı sürfələri yuvanın yuxarısındakı torpaq təpədə, günəş şüaları ilə hərarətlənən bir uşaq otağına daşıyarlar. Günəş səmada hərəkət etdikcə, sürfələr təpənin bir tərəfindən digərinə gedib gəlirlər. Baxıcılar hər axşam sürfələri gün ərzində istiliyin toplandığı yuvanın dibində olan uşaq otaqlarına apararlar. Gecə soyuyan havanı çöldə saxlamaq üçün uşaq otaqlarının girişləri bağlanır. Ertəsi səhər, girişlər yenidən açılar və sürfələr təkrarən yuxarıya daşınar. Əgər yuvaları zəbt edilsə, qarışqalar hər nə bahasına olursa olsun sürfələri qorumaq naminə hərəkət edərlər. Bəzi qarışqalar döyüş bölgəsinə gedib düşmənə hücum edərlər. Digərləri köməyə ehtiyacı olan sürfələrin həyatlarını xilas etmək üçün, uşaq otaqlarının yanına gedərlər. İnkişaf etməmiş qarışqaları çənələrinə alar və onları yuvanın kənarına daşıyaraq, döyüş sona çatana və düşmənlər çıxıb gedənə qədər saxlayarlar.

    Göründüyü kimi böcəklərdən aslanlara, qurbağalardan quşlara qədər bütün canlılar balalarını bir yolla daşımaqla qoruyarlar. Bunların hər biri olduqca zəhmətli və ata-ananın həyatını təhlükəyə atan davranışlardır. Bir heyvanın bu qədər güclü bir qoruma hissinə sahib olması necə izah oluna bilər? Bura qədər təfərrüatlarıyla araşdırdığımız kimi, canlıların hər biri balaları kifayət edəcək yetkinliyə çatana qədər onların hər cür məsuliyyətini öz boynuna götürür. Onların hər cür ehtiyacını əskiksiz olaraq ödəyərlər. Və təbiətdəki bütün canlılarda bu qorumanın və fədakarcasına davranışların nümunələrini görmək mümkündür. Aydın olan həqiqət yenidən qarşımıza çıxır: Bu canlıların hər biri Allahın qoruması altındadır. Allah hər birinə davranışlarını ilham edər və onlar da buna nöqsansız tabe olarlar. Hər biri özlərini Yaradan Allaha boyun əyiblər. Quranda bu həqiqət belə bildirilir:

    Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. (Rum surəsi, 26)

  • CANLILAR ARASINDAKI HƏMRƏYLİK VƏ ƏMƏKDAŞLIQ



    Bu hissəyə qədər, ümumiyyətlə, canlıların balalarına qarşı göstərdikləri fədakarlıqlar və şəfqətli rəftarlardan bəhs edildi. Ancaq təbiətdə, fədakarlıq, əməkdaşlıq, həmrəylik kimi xüsusiyyətlər yalnız balalardan söhbət düşdükdə ortaya çıxmaz. Canlıların bir çoxu aralarında böyük bir həmrəylik içərisindədirlər. Hətta, vaxtaşırı növlər arasında belə həmrəylik, əməkdaşlıq kimi davranışlar görmək mümkündür. Xüsusilə sürülər və ya koloniyalar halında yaşayan canlılar, toplu halda yaşamağın bir çox üstünlüyünə sahibdirlər.

    Təkamülçülərin, bütün təbiətin gücü ilə bir mübarizə içində olduğu, həyatda qala bilmək üçün bütün canlıların bir-birləriylə rəqabət aparmaq məcburiyyətində olduğu iddialarını, heyvan birliklərinin həyatları qəti şəkildə etibarsız hala salır. Canlılar, çox vaxt rəqabətin deyil, həmrəyliyin, əməkdaşlığın, bir-birinin mənfəətlərini güdməyin və fədakarlığın üstünlüklərindən istifadə edirlər. Əslində təkamülçülər də təbiətdə müşahidə olunan bu aydın həqiqəti dərk edir, ancaq bunu təkamül nəzəriyyəsi ilə əlaqələndirməyə çalışırlar. Məsələn, məşhur təkamülçü Peter Kropotkin, Şərqi Sibir və Mancuriyada apardığı tədqiqatlar, heyvanlar arasındakı qarşılıqlı yardımlaşmanın bir çox nümunəsini təsbit etmiş və hətta bu mövzu haqqında bir kitab yazmışdır. Kropotkin kitabında canlılar arasındakı həmrəylik üçün bunları deyir:

    Həyat mübarizəsi anlayışı üstündə fəaliyyətə başladıqda, bizi ilk təəccübləndirən şey qarşılıqlı yardımlaşma nümunələrinin çoxluğu oldu. Əksər təkamülçü tərəfindən qəbul edildiyi kimi sadəcə nəsil yetişdirmək üçün deyil, həmçinin fərdlərin təhlükəsizliyi və onların yeməklə təmin edilmələri üçün də bu yardımlaşma nümunələrini görürük. Heyvanlar aləminin böyük hissəsində qarşılıqlı yardımlaşma bir qanundur. Qarşılıqlı yardımlaşma, heyvanlar aləminin ən aşağı pilləli heyvanlarında da müşahidə oluna bilir... Bir təkamülçü olmasına baxmayaraq Kropotkin, təbiətdə gördüyü aydın dəlillər qarşısında, təkamülün əsas iddiasına tamamilə zidd bir izah vermişdir. Sonrakı səhifələrdə izah ediləcək olan bəzi nümunələrdə də görüləcəyi kimi canlılar və hətta növlər arasındakı həmrəylik və əməkdaşlıq, bu canlıların təhlükəsizlikləri və qida mənbələri baxımından olduqca əhəmiyyətlidir. Təbiətdəki bu tarazlıq və nizam, Allahın qüsursuz yaratmasının aydın dəlillərindəndir. Belə ki, təbiətdə baş verən hadisələrə şahid olanlar, şüursuz canlıların belə şüurlu və ağıllı davranışlar göstərmələrini heyrətlə və pərəstişlə qarşılayırlar. Bu insanlardan biri olan, fiziologiya və tibb sahəsində tanınmış məşhur elm adamı Kenneth Walker, Şərqi Afrikada ova getdiyi vaxt apardığı müşahidələrini belə nəql edir: İllərlə əvvəl Şərqi Afrikada ova getdiyim vaxt heyvanlar arasında müşahidə etdiyim həmrəyliyin bir çox nümunəsi hələ də yaddaşımda canlanır. Afrika düzlərində müxtəlif zebr və ceyran sürülərinin təhlükələrə qarşı bir-birlərini xəbərdar etmək üçün müəyyən yerlərə qarovul qoyduqlarının şahidi oldum. Zebra ovlamağa getməmişdim, amma ceyran ovlamaq da demək olar ki, qeyri-mümkün idi. Çünki nə vaxt birinə yaxınlaşmaq istəsəm, növbə tutan zebra təhlükəni hiss edər, ceyranları xəbərdar edərdi. Yenə zürafələrlə filləri də çox vaxt birlikdə tapardıq. Fillərin böyük qulaqları, olduqca yaxşı eşitmə duyğuları vardır, ancaq görmə duyğuları zəifdir. Zürafələr isə sanki müşahidə etmə qüllələrinə yerləşdirilmiş gözətçilər kimidir. Güclərini birləşdirdikdə görünmədən ya da hiss olunmadan nə fillərə, nə də zürafələrə yaxınlaşmağa imkan var. Daha maraqlı (daha doğrusu olduqca qəribə) bir əməkdaşlıq kərgədanlarla, dərilərinə basdırılan gənə növündən parazitləri ayırd etmək üçün kürəklərinə dırmaşıb oturan quşlar arasında idi. Bu quşlar həmişə dörd göz olar, yaxınlaşdığımızı çox uzaqdan hiss edən kimi çılğın qışqırıqla və dimdikləməklə qonağı olduqları heyvanı xəbərdar edərdilər. Kərgədan qaçmağa başladıqda quşlar bir qatardakı sərnişinlər kimi heyvanın kürəyinə asılıb yerlərindən ayrılmazdı.

    Kenneth Walkerin bu təsbitləri əslində həmişə rastlaşa biləcəyimiz fədakarlıq və əməkdaşlıq nümunələrinin çox az bir qismidir. İnsan ətrafında gördüyü bütün canlılarda bunlara bənzər davranışlara şahidlik edə bilər. Ancaq əhəmiyyətli olan insanın gördüyü bu təəccüblü nümunələr üstündə düşünməsidir. Təsadüfən meydana gəlmiş, təbiətdə “həyat mübarizəsi” aparan bir canlının belə fədakar davranışlar göstərməsinin bir mənası varmı? Daha doğrusu belə bir canlıdan belə ağıllı və fədakarcasına davranışlar gözləmək mümkündürmü?

    Əlbəttə deyil. Təsadüfən əmələ gəlmiş, şüursuz bir canlı “ağıl” əlamətləri göstərə bilməz. Başqalarını qorumasının lazım olduğunu düşünə bilməz. Bu canlıların bütün xüsusiyyətlərinin tək izahı, onları istiqamətləndirən, onlara bunları ilham edən Allahın varlığıdır. Sonrakı səhifələrdə daha təfərrüatlı olaraq araşdıracağımız nümunələrdə, Allahın canlılar üzərindəki hakimiyyətini aydın şəkildə görəcəyik.

    Canlılar təhlükəyə qarşı bir-birlərini xəbərdar edərlər

    Birlik halında yaşamağın ən böyük üstünlüklərdən biri təhlükələrə qarşı daha çox qorunma təmin edilməsidir. Çünki birlik içində yaşayan heyvanlardan hər hansı biri təhlükəni hiss etdikdə səssizcə hadisə yerindən qaçmaq əvəzinə var gücüylə ətrafındakı digər heyvanları da xəbərdar edir. Hər bir canlı növünün özünə xas bir xəbərdarlıq forması var. Məsələn, dovşanlar və bəzi marallar təhlükəni hiss etdikdə ətraflarındakı heyvanları qorxutmaq üçün quyruqlarını qaldırarlar. Ceyranlar isə maraqlı bir tullanma rəqsi edərlər. Bir çox kiçik quş, düşmənlərininin yaxınlaşmasını hiss etdikdə dərhal civildəməklə həyəcan siqnalı verərlər. Sarıasma quşu kimi növlər həyəcan siqnalları verdikdə kiçik tezlikli və hündürdən bir səs çıxardarlar. İnsan qulağı bunu incə bir fit kimi qəbul edər. Bu səsin ən əhəmiyyətli xüsusiyyəti isə mənbəyinin istiqamətinin başa düşülməməsidir. Bu, sürüsünü xəbərdar edən quş üçün əhəmiyyətli bir üstünlükdür. Çünki quş əslində düşməni gördükdə qışqıraraq bütün diqqəti üstünə çəkməyi gözə alır. Amma səsin istiqaməti qeyri-müəyyən olduğu üçün təhlükə nisbətən azalır.

    Koloniyalar halında yaşayan böcəklərdə də, təhlükəni ilk hiss edən böcək bütün koloniyanı xəbərdar edər. Ancaq, təhlükəni xəbər verən böcəyin ifraz etdiyi həyəcan siqnalı iyi düşmənin də diqqətini çəkər. Buna görə də koloniyasını təhlükəyə qarşı xəbərdar edən böcək ölümü də gözə almış olar. Çəmənlik itləri böyük koloniyalar halında yaşayar. Sanki bir şəhər halına çevrilmiş olan yuvaları, təxminən 30 heyvanın yaşadığı hissələrə ayrılmışdır. Bu şəhərdəki heyvanların hamısı bir-birini tanıyır. Həmişə tuneldən kənarda və girişlərdə olan kiçik təpələr üstündə hər istiqaməti görə biləcək şəkildə arxa ayaqları üstündə durmuş növbə tutan heyvanlar olar. Nəzarətçilərdən biri, bir düşmən görsə, fit şəklində bir çox hürmə səsi çıxarar. Bu xəbərdarlıq, digər nəzarətçilər tərəfindən təkrarlanar və xəbərdarlıq, bütün şəhər tərəfindən eşidilərək təşviş vəziyyətinə keçilməsini təmin edər.

    Burada əvvəlcə diqqət çəkilməsi lazım olan bir məqam var. Əlbəttə ki, canlıların bir-birlərini fədakarcasına cəhdlərlə xəbərdar etməsi düşündürücüdür. Ancaq daha da əhəmiyyətlisi bu heyvanların hər birinin bir-birlərini “başa düşən” kimi olmasıdır. Yuxarıda bəhs etdiyimiz canlılardan biri, məsələn, dovşan quyruğunu havaya qaldırdığı vaxt, ətrafındakı digər canlılar onun bir təhlükə siqnalı verdiyini dərhal başa düşər və buna görə tədbir görərlər. Oradan uzaqlaşmaları lazımdırsa uzaqlaşar, gizlənmələri lazımdırsa gizlənərlər. Burada düşünülməsi lazım olan şey budur: Bu heyvanlar bu işarəni gördükdə qaçmalarının lazım olduğunu başa düşürlərsə bu heyvanların əvvəlcədən bunu öz aralarında danışaraq qərarlaşdırmaları lazımdır ki, tək bir əmrlə tezliklə bunu həyata keçirsinlər. Əlbəttə ki, bu heç bir ağıl sahibi insanın qəbul edə bilməyəcəyi bir hadisədir. Elə isə qəbul edilməsi lazım olan şey, məhz bu həqiqət olandır: Bütün bu heyvanlar tək bir yaradıcı tərəfindən yaradılmış və onun ilhamı ilə hərəkət edirlər. Digər bir nümunə olaraq üzərlərində yaşayan quşların atdığı qışqırıqların təhlükəni xəbər verdiyini kərgədanların başa düşüb, buna uyğun reaksiya verdiklərindən bəhs etdik. Burada məhəl qoyulmaması qeyri-mümkün olan səviyyədə şüurlu davranışlardan danışılır. Şübhəsiz ki, bir canlının təhlükəyə qarşı digər canlıları xəbərdar edəcək bir hərəkəti “ağlını işlədib tapması" və digərləri ilə razılaşıb bunu tətbiq etməsi qeyri-mümkündür. Bu vəziyyətdə qarşımıza çıxan bu şüurlu və ağıllı hərəkətlərin tək bir izahı var: Bu canlıların hər birinin sahib olduğu qabiliyyətlər, göstərdikləri davranışlar özlərinə öyrədilir. Bütün bunları bəhsi keçən canlılara öyrədən və tətbiq etdirən, hər şeyin yaradıcısı olan, yaratdıqlarını qoruyub saxlayan, sonsuz şəfqət və mərhəmət sahibi olan Allahdır.

    Canlılar təhlükələrə qarşı birlikdə mübarizə apararlar

    Sürü halında yaşayan heyvanlar təhlükə vaxtında bir-birlərini xəbərdar etməklə yanaşı təhlükəyə qarşı birlikdə mübarizə apararlar. Məsələn, kiçik quşlar, şahin və ya bayquş kimi yırtıcı quşlar yaşadıqları yerə girdiyi vaxt sürü halında bu heyvanların ətrafında çəpər yaradarlar. Bu vaxt ətrafdakı digər quşları da həmin yerə çəkmək üçün xüsusi bir səs çıxardarlar. Kiçik quşların sürü halında göstərdikləri təcavüzkar hərəkətlər, yırtıcı quşları, ümumiyyətlə, həmin yerdən uzaqlaşdırar. Bir yerdə uçan bir quş sürüsü də eyni şəkildə bütün sürü üzvləri üçün bir qoruma təmin edər. Məsələn, sürü halında uçan sığırçınlar aralarında geniş bir məsafə buraxaraq uçarlar. Ancaq bir şahin gördükdə aralarındakı məsafələri aradan qaldırarlar. Beləliklə də, şahinin sürünün ortasına girməsini çətinləşdirərlər, şahin bunu etsə belə qanadları şikəst olar və ov edə bilməz.

    Məməli heyvanlar da sürülərinə bir hücum olduqda, sürü halında hərəkət edərlər. Məsələn, zebrlər düşmənlərindən qaçarkən balalarını sürünün ortasına ötürərlər. Bu mövzuyla əlaqədar belə bir nümunə verə bilərik: İngilis elm adamı Jane Goodall Şərqi Afrikadakı tədqiqatları əsnasında, düşmənlərindən qaçan bir zebra sürüsündən üç zebranın geridə qalaraq yırtıcı heyvanlar tərəfindən hər tərəfdən mühafizə olunduqlarını görmüşdür. Qruplarından üç üzvün təhlükə altında olduğunu fərq edən digər zebrlər dərhal geri qayıdaraq dırnaqları və dişləri ilə düşmənlərini qovaraq digər zebraları xilas etmişlər. Ümumiyyətlə, bir zebra sürüsü hücuma uğradıqda sürünün lideri olan zebra geridə qalar və dişilər ilə taylar qabaqda qaçar. Erkək zebra arxada ziqzaqlar cızaraq qaçar, cütlər atar, hətta bəzən geri qayıdıb təcavüzkar heyvanları da qovar. Delfinlər də həmişə dəstə halında gəzər və ən böyük düşmənləri olan köpək balıqlarına qarşı dəstə halında mübarizə apararlar. Delfinlər, köpək balıqları balalarını təhdid edəcək şəkildə yaxınlaşdıqda iki yetkin delfin dəstədən ayrılaraq köpək balığının diqqətini öz üzərilərinə çəkərlər. Köpək balığının diqqəti başqa yerdə olarkən, digər dəstə işçiləri bir anda köpək balığının ətrafında çəpər yaradar və hamısı bir yerdə köpək balığına zərbələr vurmağa başlayarlar.

    Amma bundan daha maraqlı başqa bir davranışları da var. Delfin ailələri, ümumiyyətlə, uzunüzgəc balığı sürüləriylə birlikdə üzər və onlarla qidalanarlar. Buna görə də uzunüzgəc balığı ovçuları da delfin sürülərini təqib edər və münasib bildikləri yerdə torlarını atarlar. Ancaq uzunüzgəc balıqları üçün atılan torlara bəzən delfinlər də düşər. Delfinlər nəfəs alan canlılar olduqları üçün tora düşdükdə nəfəs ala bilmədikləri üçün çaxnaşıb şoka girər və dənizin dibinə tərəf enməyə başlayarlar. Ailələrinə olan bağlılıqlarından ötrü, digər delfinlər də dərhal tora ilişən delfinə kömək edərlər. Bütün ailə üzvləri tora ilişən delfinlə birlikdə suyun dibinə enər və onu xilas etmək üçün yuxarı doğru itələməyə çalışarlar. Ancaq bu səylərinin nəticəsində, ümumiyyətlə, bir çoxu tənəffüs edə bilmədikləri üçün ölərlər. Üstəlik bu, yalnız tək bir delfin ailəsinə aid olan bir davranış deyil, bütün delfin ailələri eyni vəziyyətlərdə eyni fədakarlığı göstərərlər. Boz balinalardan isə bir dişi yaralandığı vaxt, bir ya da birdən çox erkək balina ona kömək edər. Dişinin tənəffüs edə bilməsi üçün suyun səthində saxlayar ya da onu qatil balinaların hücumundan qoruyar. Müşk öküzləri də bir təcavüzkarla qarşılaşdıqda qaçmaq əvəzinə özlərinə təhlükəsiz bir çəpər yaradaralar. Bütün qrup üzvləri düşmənə arxalarını dönmədən öncə geri qayıdaraq bir dairə halına gələrlər. Balalar bu dairənin mərkəzində olar və analarının uzun tüklərinin altında saxlanarlar. Yetkinlər balaların ətrafını əhatə edərək onları tam bir qoruma altına alarlar. Təcavüzkarların üstünə atılan bir müşk öküzü hücumdan sonra balaları qoruyan dairənin dağılmaması üçün yerinə geri qayıdar.

    Heyvanların təhlükə halları istisna olmaqla, ovlanma əsnasında göstərdikləri əməkdaşlıq mövzusunda da olduqca təəccüblü nümunələr var. Məsələn, qutanlar balıq ovlamağa daima sıx bir sürü halında gedərlər. Uyğun bir buxta seçdikdə isə, sahilə qarşı yarım bir dairə cızar və dayaz suda hərəkət edərək bu dairəni daraldarlar. Bu dairənin içinə girən bütün balıqları tutarlar. Ensiz yataqlı çaylarda və kanallarda iki qrupa belə ayrılarlar. Gecə olduqda da hamısı istirahət yerlərinə qayıdar və heç kim onları körfəzdəki yerləri ya da istirahət etmə yerləri məsələsində mübahisə aparakən görə bilməz. Canlıların bir-birləriylə bu qədər iç-içə həyat sürmələri, bir-birlərini axtarmaları, birlikdə hərəkət etmələri hər insanın üzərində düşünməsi lazım olan mövzulardır. Çünki əvvəldə də ifadə etdiyimiz kimi burada bəhsi keçən canlılar, şüurlu, ağıllı insanlar deyil, ağlı, şüuru olmayan zebrlər, quşlar, böcəklər, delfinlər və başqalarıdır. Əlbəttə ki, canlıların bu əməkdaşlıqlarını öz iradələri ilə reallaşdırdıqlarını demək ağıl sahibi bir insan üçün qeyri-mümkündür. Ağıl sahibi bir insanın bu həqiqətlər qarşısında bu nəticəyə gəlməsi lazımdır: Təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi bir yaradıcının əsəridir. O yaradıcı bütün canlıları, insanları, heyvanları, böcəkləri, bitkiləri, canlı-cansız bütün varlıqları yaradan Allahdır. O, üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir. Və ardından özünə Quranda bildirilən bu ayələr üzərində düşünməlidir:

    Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 36-37)

    O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır. (Sad surəsi, 66)

    Bir-birlərini himayə edən Afrika quşları

    Sürülər halında hərəkət edən Afrika quşları da bir-birləri ilə olduqca uyğundurlar və olduqca təəccüblü bir yardımlaşma nümunəsi göstərirlər. Bu quşların əsas qida mənbələrini, üzərlərinə qonduqları ağac budaqlarında olan meyvələr təşkil edir. Budaqların uc hissələrində olan meyvələrdən qidalanmaq isə ilk baxışda bu quşlar baxımından olduqca çətindir. Çünki meyvələr, budaqların ən uc hissəsində olduğundan, sürünün ancaq meyvələrə yaxın olan hissələrinə qona bilən üzvləri bunlardan qidalana biləcək, geri qalanları isə, həm budaq üzərində qona biləcəkləri kifayət qədər yer tapa bilmədiyindən, həm də meyvələrin az miqdarda olmasından ötrü ac qalma təhlükəsiylə qarşı-qarşıya qalacaqlar. Ancaq vəziyyət heç də zənn edildiyi kimi olmaz.

    Birlikdə hərəkət edərək ağaca yönələn Afrika quşları, sanki aralarında razılığa gəlmiş kimi budaqların üzərinə növbə ilə qonaraq, yan-yana gələcək şəkildə düzülərlər. Budağın ucunda olan meyvələrə ən yaxın yerə qonmuş quşlar, qopardıqları meyvəni növbə ilə yanlarındakı digər koloniya üzvlərinə verərək, meyvənin ağızdan-ağıza daşınmasını və beləcə budağın ən dib hissəsində olan digər Afrika quşlarına çatdırılmasını təmin edərlər. Bu heyvanların belə üstün bir fədakarlığı göstərə biləcək bir ağla və iradəyə sahib olmadıqları düşünüldükdə birinci ağla gələn şey, növbənin ən başında olan quşun, yığdığı meyvəni yalnız özünə ayıra biləcəyi və beləcə, sürünün bütün qidalanma rejiminin də pozula biləcəyi ehtimalıdır. Ancaq bütün sürüdəki quşların tapdıqları meyvələri əvvəlcə özlərinə ayırmaları gözlənildiyi halda, bu heyvanlar heç görünməmiş bir nizam və intizam içərisində, sürünün qidalanması üçün mümkün ola biləcək ən uyğun üsulu tətbiq edərlər. Budaq üzərindəki bu cərgədəki quşlardan heç biri bu nizamı pozacaq bir rəftar göstərməz. Ancaq edilən bu yardımlaşma, yenə də bütün sürünün bir dəfədə qidalanmasına imkan verməz. Çünki quşların üzərinə qonduqları budaqdakı meyvələr, ümumiyyətlə, sürünün tərkibindəki saydan xeyli azdır. Buna görə də quşlar hər nə qədər yığdıqları meyvələri ağızdan-ağıza vermək surətiylə bir-birlərinə ötürsələr də, sürünün bir hissəsi kifayət qədər meyvə almadığından ac qalacaq. Halbuki, Afrika quşları hər dəfə budağa qonduqda, budaqların meyvələrə yaxın olan hissələrinə bu dəfə cərgənin ən sonunda qalmış və kifayət qədər qidalanmamış olanları qonar və bölgü işinə birinci olaraq onlar başlayar.

    Doğum əsnasında köməkləşən heyvanlar

    Xüsusilə məməli heyvanlar doğumları əsnasında təhlükəyə olduqca açıq bir vəziyyətdədirlər. Həm ana, həm də yeni doğulan balalar ovçu heyvanlar üçün asan bir ovdurlar. Ancaq, ümumiyyətlə, bu canlılar doğarkən sürülərindən biri köməkçi olaraq yanında durar. Məsələn, dişi antilop balalayacağı vaxt, sürünün kənarında kolluqların arasında bir yeri seçər. Doğum əsnasında isə yalnız qalmaz. Yanında sürüdə olan başqa bir dişi ona kömək etmək üçün hazır durar.

    Doğum əsnasında yardımlaşmalarıyla məşhur olan digər canlılar isə delfinlərdir. Delfin balalarının doğular-doğulmaz su səthinə çıxmaları lazımdır. Buna görə də dişi delfin doğum əsnasında balaya kömək edərək onu burnuyla su səthinə doğru itələyər. Doğumdan dərhal əvvəl, ana delfinin hərəkətləri ağırlaşar. Buna görə də, doğum anında dişi delfinin yanında, ona doğumda kömək etmək üçün sürüdəki iki dişi delfin də olar. Köməkçi delfinlər, doğumdan əvvəl ona bir zərər gəlməməsi üçün ana delfinin iki yanında üzərlər. Vəzifələri, doğumdan əvvəl hərəkətləri ağırlaşan və buna görə də hər hansı bir təhlükəyə qarşı mübarizə apara biləcək bir gücə sahib olmayan ananı qorumaqdır. Xüsusilə də doğum əsnasında axan qanın iyinə görə olduqları yerə gələ biləcək köpək balıqlarına qarşı ananı böyük bir diqqətlə mühasirəyə alarlar. İlk iki həftə bala anasının yanından heç ayrılmaz. Kiçik delfin doğulduqdan qısa bir müddət sonra üzməyi bacarır və bu müddət ərzində də yavaş-yavaş anasından uzaqlaşmağa başlayar. Ancaq yeni doğmuş ana delfin, balanın sürətli və cürətli hərəkətlərinə nəzarət edə bilməyəcəyi və onu kifayət qədər qoruyub saxlaya bilməyəcəyi üçün bu vəziyyətdə yenə araya köməkçi dişi delfin daxil olar və balaya mükəmməl bir qoruma təmin edər.

    Ana filə də doğumdan əvvəl köməkçi olmaq üçün hər zaman sürüdəki digər dişi fillərdən biri hazır vəziyyətdə durar. Sıx kolluq və ağacların arasında məharətlə gizlənən ana və ona doğumda kömək edəcək dişi fil, bala fili illər boyu qorumağa davam edər. Dişi fil, yanında balası olduğu halda, daha çox təcavüzkar və ayıq-sayıqdır.(125) Fillərin və digər canlıların doğumdan əvvəl aralarında necə razılığa gəldikləri, kömək edəcək heyvanın doğum vaxtının gəldiyini və yoldaşının köməyə ehtiyacı olacağını necə təsbit edə bildiyi, əlbəttə ki, sual verilməlidir. Heyvanların heç birində bunları öz ağıl və iradələri ilə bacaracaq bir qabiliyyəti yoxdur. Həmçinin dünyanın hər yerində, fillər, bu yolla bir-birlərinə kömək edərlər. Eyni şey delfinlər və digərləri üçün də keçərlidir. Bu, hamısının tək bir yaradıcı tərəfindən yaradıldıqlarının və eyni yaradıcının hər an nəzarəti altında olduqlarının açıq bir göstəricisidir.

    Başqalarının uşaqlarına dayəlik edənlər

    Məməli sürüləri çox vaxt yaxın qohumluq əlaqələri qurarlar. Məsələn, tipik bir canavar sürüsünə bir erkək və bir dişi, yeni doğan balaları və bəlkə də əvvəlki doğumdan olan bir və ya iki gənc daxildir. Bütün yetkinlər balaları qorumaqda bir-birlərinə kömək edərlər. Bəzən sürüdəki dişilərdən biri “körpə baxıcılığı” üçün gecə boyu yuvada qalar. Beləliklə də, balaların anasına sürünün qalan hissəsi ilə birlikdə ova getməsi üçün fürsət verər. Afrikalı ov itləri də hər biri təxminən on heyvandan ibarət olan bənzər sürülər içində yaşayarlar. Erkəklər və dişilər balaların qorunması və qidalanması məsələsində iş bölgüsü apararlar. Hətta balalara baxmaq üçün sanki yarışarlar. Bir ovu öldürdükdən sonra, ovlarını kaftarlardan qorumaq məqsədiylə yetkinlər, balaların ətrafında dairə cızar və ilk növbədə balaların qidalanmasına izn vərərlər.

    Pavian sürüsündə isə, ümumiyyətlə, qrupun lideri xəstə və ya yaralı paviana kömək edər. Yetkin pavianlar, ana və ya atası olmayan bir balanı övladlığa götürə bilərlər. Yetim balanın sürünün içində özləriylə birlikdə getməsinə və gecə yanlarında qalmasına izn verərlər. Sürü yer dəyişdirərkən əgər anasının kürəyində daşıya bilməyəcəyi qədər kiçik bir bala varsa, ana balasını əlindən tutaraq yeritmək məcburiyyətində qalar. Ancaq bala tez yorulduğu üçün tez-tez dayanmaq lazımdır. Bu da sürüdən geri qalmalarına səbəb olar. Bunu anlayan sürü lideri dərhal geri qayıdar, ana pavianın yanında irəliləməyə və bala durduqca onlarla dayanmağa başlayar. Çaqqallar, ümumiyyətlə, süddən kəsildikdən sonra da analarının yanında qalar və analarının özlərindən sonra doğduğu balalara baxarlar. Köməkçi çaqqal balalara yemək gətirərək və vəhşi heyvanları yuvadan uzaq tutaraq balalardan bir çoxunun həyatda qalmasına kömək edər. Qardaşlarına baxan canlıların tək nümunəsi çaqqallar deyil. Su toyuğu və pəncərə qaranquşu növlərində də birinci yuvadakı balalar, ikinci yuvada yeni doğulanların böyümələrinə kömək edərlər.

    Bir çox arıquşu cütlükləri isə, başqa bir cütə balalarının baxımında kömək edərlər. Bu cür köməkləşmələr quşlar arasında çox sıx müşahidə olunur. Canlıların özlərinə aid olmayan balalara baxmaları, onların məsuliyyətlərini boynuna götürmələri təkamülçülərin iddialarını tamamilə etibarsız edən dəlillərdən biridir. Əvvəlcə də ifadə etdiyimiz kimi təkamülçülər fədakarlıq göstərən heyvanların genlərini sonrakı bir nəslə köçürmə qayğısı ilə hərəkət etdiklərini, buna görə də fədakarlıq kimi görünən davranışların əslində eqoistliklərindən qaynaqlandığını iddia edirlər. Ancaq bu hissədə də göründüyü kimi heyvanlar yalnız öz genlərini daşıyan canlılara deyil, digər ehtiyac içindəki canlılara da kömək edirlər. Yəni daha əvvəl üzərində dayandığımız təkamülçülərin “Eqoist gen” nəzəriyyəsi də digərləri kimi elmi əhəmiyyət daşımır. Ağıla və şüura sahib olmayan bir canlının genlərini sonrakı bir nəslə köçürmə qayğısına sahib olması onsuz da qeyri-mümkündür. Canlının genlərinin belə bir narahatlıq üçün proqramlandığını iddia etmək isə, bu proqramı həyata keçirən bir ağlın və şüurun varlığını qəbul etməkdir. Aydındır ki, təbiətdə qarşımıza çıxan hər canlı və bu canlıların malik olduğu xüsusiyyətlər üstün bir yaradıcının varlığını aydın şəkildə göstərir. Məhz o yaradıcı, üstün şəfqət və mərhəmət sahibi olan Allahdır.

    Koloniyalardakı fədakar həyat

    Qarışqalar, arılar və termitlər intizam, itaət, iş bölgüsü, həmrəylik və fədakarlıq əsasında qurulan bir təşkilat içərisində yaşayarlar. Bu kiçik canlılar, öz həyatlarını heçə sayaraq, sürfədən çıxdıqları vaxtdan ölənə qədər bütün enerjilərini sürfələrini və koloniyalarını qorumaq və qidalandırmaq üçün istifadə edərlər. Bir-birləriylə yeməklərini bölüşər, olduqları mühiti təmizləyər və hətta lazım gəldikdə digərləri üçün canlarını da verərlər. Hər kəs nə iş görməsi lazım olduğunu çox yaxşı bilir və onu qüsursuzca yerinə yetirir. Hər biri üçün koloniyasındakı digər canlılar və xüsusilə müdafiəsiz sürfələr ön plandadır. Arıların, termitlərin və qarışqaların arasında tək bir eqoist hərəkətə belə rast gəlmək qeyri-mümkündür. Buna görə də koloniya halında yaşayan bu canlılar qüsursuz bir nizam içində həyat sürər və böyük uğurlar əldə edərlər.

    Peter Kropotkin, kitabında qarışqaların və termitlərin qarşılıqlı yardımlaşma nəticəsində nə qədər böyük bir uğur qazandıqları ilə əlaqədar təsbit etdiyi bir halı belə dilə gətirir: Termit və qarışqaların möhtəşəm yuva və binaları, əgər insanlarınkı ilə eyni ölçülərdə olsaydı, xeyli üstün olduğu görüləcəkdi. Asfaltlanmış yolları və yerüstü keçid qalereyaları, geniş zalları və taxıl anbarları, taxıl sahələri, məhsul toplama əməliyyatları, yumurta və sürfələrinin baxımındakı ağıllı metodları və nəhayət cəsarətləri və üstün ağılları, bütün bunlar, ağır və gərgin həyatlarının hər mərhələsində tətbiq etdikləri qarşılıqlı yardımlaşmanın təbii bir nəticəsidir. Bu hissədə qarışqa koloniyalarında və arı şanlarında müşahidə olunan bəzi fədakarlıqlara və əməkdaşlıqlara yer veriləcək.

    Qarışqa koloniyalarında yaşanan bəzi fədakarlıqlar

    1. Qarışqa koloniyalarının ən əhəmiyyətli xüsusiyyətlərindən biri qarışqaların bir-birləriylə yeməklərini bölüşdürmələridir. Eyni koloniyadan olan iki qarışqa bir-biriylə qarşılaşdıqda əgər biri ac və ya suzsa və digərinin qursağında çeynənmiş və yarımçıq həzm olunmuş yemək varsa, ehtiyacı olan qarışqa yemək tələb edər. Və qursağı dolu olan qarışqa bunu heç vaxt rədd etməz, yeməyini digəri ilə bölüşər. Qarışqalar sürfələrini də qursaqlarındakı yeməklərlə qidalandırarlar. Hətta çox vaxt özlərinə başqalarına verdiklərindən daha az yemək ayırarlar.

    2. Qarışqa yuvalarında mükəmməl bir iş bölgüsü var və hər bir qarışqa boynuna düşən vəzifəni böyük bir fədakarlıqla yerinə yetirər. Bu qarışqalardan biri də qapıçı qarışqalardır. Bu qarışqaların vəzifələri yuvanın girişlərini qorumaqdır. Yuvaya yalnız öz koloniyalarından olan qarışqaların girməsinə izn verər və digərlərinin girməsinə isə izn verməzlər. Qapıcı qarışqaların başlarının böyüklüyü yuvanın girişi ilə eyni ölçüdə olub, bu xüsusi hazırlanmış baş quruluşları ilə yuvanın girişini tıxayarlar. Qapıçılar gün ərzində heç tərpənmədən qapının girişində gözləyərlər. Buna görə də bir təhlükə vəziyyətində düşmənlə ilk mübarizə aparan qarışqalar, elə qapıçı qarışqalardır.

    3. Qarışqalar mədələrindəki yeməyi bölüşmələri ilə yanaşı, tapdıqları qida mənbələrini də mümkün olduğu qədər çox qarışqaya xəbər vermək üçün səy göstərərlər. Davranışlarında yalnız özlərini düşünən bir mübarizə yoxdur. Qida mənbəyini birinci tapan qarışqa qursağını dolduraraq yuvaya qayıdar. Qayıdarkən qarnının ucunu qısa fasilələrlə yerə sürtər və yerdə kimyəvi bir işarə qoyar. Bununla da kifayətlənməz, yuvaya qayıtdıqda isə qısa müddətli və sürətlə dövr edər. Bunu 3-6 dəfə edər. Bu hərəkət yuvadakı yoldaşlarının onunla əlaqədə olmalarını təmin edər. Beləcə, kəşfiyyatçı qarışqa qida mənbəyinə geri qayıdarkən yoldaşları da onu təqib edər.

    4. Yarpaq kəsən qarışqa koloniyasının orta boylu işçiləri bütün günü yarpaq daşımaqla keçirirlər. Ancaq yarpaq daşıyarkən olduqca müdafiəsizdirlər. Xüsusilə də bir ağcaqanad növünə qarşı belədirlər. Bu ağcaqanad növü yumurtalarını qarışqanın başına qoyar. Qarışqanın bədənində vaxt ərzində inkişaf edən yumurtadan çıxan ağcaqanad sürfəsi heyvanın beyninə qədər irəliləyərək ölümünə səbəb ola bilər. İşçi qarışqalar yarpaq daşıdıqları vaxtlarda bu təhlükəli düşmənlərinə qarşı özlərini qoruya bilməyəcək vəziyyətdədirlər. Ancaq onların əvəzinə bu vəzifəni başqaları boynuna götürər. Eyni koloniyada yaşayan kiçik boylu qarışqalar daşınan yarpaqların üstünə yerləşir və ağcaqanadın hücumu vaxtı bu kiçik qoruyucular yarpağın üstündə düşmənə qarşı mübarizə aparırlar.

    5. Bəzi qarışqalar yarpaq bitlərinin, tərkibində yüksək dozada şəkərli maddə olan həzm artıqları ilə qidalanar və buna görə də bu qarışqalara bal qarışqaları deyilər. Bal qarışqaları yarpaq bitindən əmdikləri bu şəkərli qidanı yuvalarına daşıyar və burada olduqca maraqlı bir üsulla saxlayarlar. Gənc işçi qarışqalardan bəziləri “canlı qab” funksiyası yerinə yetirərlər. Balı udan işçilər yuvaya qayıtdıqda, əvvəlcə ağızlarındakı balı çıxarmaqla, həmin balı saxlayacaq gənc işçilərin ağızlarına boşaldarlar. Bal daşıyan qarışqalar, bədənlərinin aşağı hissəsini şişirdərək bal kisəsi olaraq istifadə edərlər. Bəzən bir üzüm dənəsi qədər böyüklükdə ola bilər. Hər otaqda 25-30 qarışqa, ayaqlarıyla tavana yapışar və yerlərini dəyişdirməzlər. Əgər hər hansı biri düşəcək olsa, işçilər tərəfindən dərhal əvvəlki yerinə qaytarılacaqdır. Canlı qabların daşıdıqları bal, qarışqanın təxminən 8 qatı ağırlığındadır. Qışda ya da quraq fəsillərdə, adi işçilər bal qablarının yanına gedərək gündəlik qida ehtiyaclarını ödəyərlər. İşçi qarışqa ağzını qab vəzifəsi yerinə yetirən qarışqanın ağzına yerləşdirər və balı daşıyan qarışqa bal kisəsindəki əzələlərini sıxaraq kiçik bir damcı bal damızdırar. Şübhəsiz ki, qarışqaların öz iradələri ilə belə bir saxlama sistemi hazırlamaları qeyri-mümkündür. Üstəlik, qab vəzifəsi yerinə yetirən qarışqa böyük bir fədakarlıq göstərər. Öz ağırlığının 8 qatı ağırlığında bir yük daşıyaraq uzun bir müddət tərsinə asılmış vəziyyətdə dayanmaq əhəmiyyətli bir fədakarlıqdır və bu qarışqaların bundan gözlədikləri heç bir qarşılıq da yoxdur. Böyük bir səbirlə tərsinə asılmış vəziyyətdə duraraq gözləyər və koloniyadakı qarışqaların tək-tək qidalanmalarına kömək edərlər. Bu metodun və bu metoda uyğun bədən quruluşunun təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi qəti bir həqiqətdir. Və nəsillər boyunca hər bal qarışqası koloniyasında bu vəzifəni könüllü olaraq boynuna götürən qarışqalar var. Bu, bütün bal qarışqalarının Rəbbi olan Allahın ilhamı ilə hərəkət etdiklərinin çox aydın bir dəlilidir.

    6. Qarışqaların vaxtaşırı tətbiq etdikləri bir müdafiə olunma metodu da, lazım gəldikdə koloniyalarını qorumaq uğruna intihar edərək, düşmənlərinə zərər verməyə çalışmaqdır. Bir çox qarışqa növü bu intihar hücumlarını müxtəlif formalarda həyata keçirir. Bu qarışqaların ən maraqlı olanlardan biri Malayziyanın yağışlı meşələrində yaşayan qarışqa növüdür. Bu qarışqanın çənəsində bədəninin arxasına tərəf uzanan zəhərlə dolu bir ifrazat vəzi olar. Əgər qarışqa düşmənləri tərəfindən mühasirəyə alınsa, qarın əzələlərini şiddətli bir şəkildə sıxaraq ifrazat vəzlərini cırar və zəhəri düşmənin üstünə fışqırdar və ölər.

    7. Dişi və erkək qarışqalar çoxala bilmək üçün ayrı-ayrı fədakarlıqları gözə alarlar. Cütləşmə uçuşundan qısa bir müddət sonra qanadlı erkək qarışqa ölər. Dişi qarışqa isə özünə uyğun bir yuva axtarar və tapdıqda bura girərək ilk növbədə qanadlarını qoparar. Daha sonra girişi bağlayaraq həftələrlə, bəzən aylarla yeməksiz və təkbaşına qalıb, kraliça qarışqa olaraq ilk yumurtalarını qoyar. Bu vaxt içində qanadlarını yeyərək yaşayar. İlk yumurtadan çıxan sürfələri öz tüpürcəyiylə qidalandırar. Bu, kraliça qarışqanın təkbaşına fədakarlıq edərək keçirdiyi bir dövrdür. Bu yolla koloniyasını qurmağa başlayar.

    8. Əgər yuvaları zəbt edilsə, qarışqalar hər nə bahasına olursa olsun, balalarını qorumaq üçün fəaliyyətə başlayar. Yuvadakı əsgər qarışqalar dərhal basqın edilən yerə hücum edər və düşmənlə döyüşər. İşçi qarışqalar isə köməyə ehtiyacı olan sürfələrin həyatını xilas etmək üçün uşaq otaqlarına qaçar. Sürfələri və gənc qarışqaları çənələrində yuvanın kənarına daşıyar və düşmənləri gedənə qədər onları bir yerdə gizlədərlər.(135) Belə bir təhlükə vaxtında qarışqa kimi bir heyvandan gözlənilən öz başının çarəsinə baxması və özünə gizlənəcək bir yer axtarmasıdır. Ancaq nə əsgər qarışqalar, nə qapıda növbə tutan qarışqalar, nə də işçi qarışqalar öz həyatlarını düşünməzlər. Hər biri başqa biri üçün öz həyatını fəda edər. Bu, mümkün ola biləcək ən üstün səviyyədə bir fədakarlıqdır. Və milyonlarla ildir ki, bütün qarışqalar bu şəkildə davranarlar. Bura qədər izah etdiklərimiz, şübhəsiz ki, heyvanlar aləmində yaşanan olduqca təəccüblü davranışlardandır. Ancaq əhəmiyyətlə diqqət yetirilməsi lazım olan, bu təəccüblü davranışları həyata keçirən canlıların olduqca kiçik qarışqalar olmasıdır. Qarışqalar insanların hər gün görməyə vərdiş etdikləri, elə də əhəmiyyət vermədikləri canlılardır. Ancaq onların fərqində olmadığımız bu davranışlarını araşdırdıqda qarşımıza çıxan ağıl, diqqətdən kənarda qoyulmayacaq dərəcədə böyükdür. Gözlə görülməyəcək qədər kiçik sinir əlaqələrindən ibarət olan bir beynə sahib olan bu varlıqlar, özlərindən heç gözlənilməyən, sanki şüurlu hadisələr həyata keçirirlər. Çünki bu canlılar milyonlarla ildir ki, heç səhv etmədən, tək biri belə intizamı pozmadan özlərinə əmr olunanı qüsursuzca tətbiq edirlər. Onlar yaradıcımız olan Allaha təslim olmuş və Onun ilhamı ilə hərəkət edirlər. Qarışqalar kimi bütün canlıların Allaha olan təslimiyyəti Quranda belə bildirilir:

    …Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır (Ali İmran surəsi, 83)

    Arı şanlarındakı fədakarlıqlar

    Qarışqalarda müşahidə olunan harmoniya və həmrəyliyin bir bənzəri də arı şanlarında yaşanır. Xüsusilə işçi arıların göstərdikləri fədakarlıqlar işçi qarışqalarla böyük bənzərlik təşkil edir. Hər iki növün işçiləri də yuvalarındakı kraliça və özlərinə aid olmayan sürfələr üçün ölənə qədər dayanmadan çalışırlar. Bir arı şanında kraliça, kraliçanı mayalandırmaqla mükəlləf olan erkəklər və işçi arılar olur. Şanın bütün işləri qeyd etdiyimiz kimi, işçi arılara aiddir. Bu işlərə pətəklərin inşası, şanın təmizliyi və təhlükəsizliyi, kraliçanın və erkək arıların qidalanmaları, sürfələrin baxımı, yumurtaların böyüyəcəyi otaqların inkişaf edəcək arıya (işçi, kraliça, erkək) görə inşası, bu otaqların hazırlığı, təmizlənməsi, yumurtaların inkişaf edəcəyi müvafiq temperaturun və rütubətin təmin edilməsi, arı sürfələrinin ehtiyaca görə qidalanması (arı südü, bal və çiçək tozu qarışığı), nektar, çiçək tozu, su və ağac şirəsinin toplanması və s. daxildir. Bir işçi arının həyatı boyunca keçirdiyi mərhələləri və bu mərhələlərdə nümayiş etdirdiyi fədakarcasına davranışları belə sıralaya bilərik:

    1. Bir işçi arının ömrü təxminən 4-6 həftədir. İşçi pupdan çıxdıqdan sonra 3 həftədən bir az daha qısa bir müddət ərzində şanın içində işləyir. İlk işi inkişaf etməkdə olan arılara baxıcılıq etməkdir. İşçi anbarlardan aldığı bal və çiçək tozları ilə qidalanar, ancaq aldığı qidanın böyük hissəsini sürfələrə yedirər. Bunu əvvəlcə qidanı qismən çıxartmaqla, qismən də başındakı xüsusi bəzi ifrazat vəzlərindən ifraz etdiyi jelatinli maddəni onlara verərək həyata keçirər. Burada bir an dayanıb düşünmək lazımdır. Pupdan yeni çıxmış bir canlı yerinə yetirməsi lazım olan vəzifəni necə bilir və bunu hansı səbəbə görə əsla etiraz etmədən bütün bal arıları tətbiq edirlər? Olması lazım olan, pupdan çıxan bir bal arısının heç bir şüur əlaməti göstərmədən, fədakarlıq etmədən öz həyatını davam etdirməyə çalışmasıdır. Amma belə olmaz, arı özündən gözlənilməyəcək bir intizam və məsuliyyət anlayışıyla baxıcılıq vəzifəsini yerinə yetirər.

    2. İşçi arı təxminən 12 günlük olduğu vaxt, bal mumu vəziləri də inkişaf edər. Arı həmin vaxt içində sürfələrin böyüdüldüyü və qidanın toplandığı, altıbucaqlı hüceyrələrdən ibarət şanı təmir edər və əlavələr etmə işinə başlayar.

    3. İşçi arı 12 günlük olduğu vaxtdan 3 həftəlik olana qədər yuvaya qayıdanların gətirdikləri nektarı və çiçək tozunu qəbul edər. Nektarı bala çevirib saxlayar. Həmçinin, şanın təmizlənməsi ilə məşğul olar. Ölü arıları və digər zibilləri çölə daşıyar.

    4. 3 həftəlik olduğu vaxt artıq şan üçün lazımlı olan nektarı, çiçək tozu, su və qatranı toplamağa gedə biləcək vəziyyətdədir. Kifayət qədər inkişaf edən işçilər nektar verən çiçək axtarmaq üçün çölə çıxarlar. Qida təmin etmək çox çətin bir işdir. Bir işçi arı 2-3 həftə işlədikdən sonra əldən düşər və ölər. Ancaq əsl əhəmiyyətli olan budur ki, bir arı öz ehtiyacından çox bal hazırlayar. Məhz bu, izah edilməsi lazım olan bir vəziyyətdir. Yalnız öz həyatını davam etdirmə mübarizəsi içində olan, şüursuz bir canlının belə zəhmətli bir işi israrla, əsla imtina etmədən davam etdirməsi qətiyyən təkamülçü boş sözlərlə izah edilə bilməz. Burada qarşımıza çıxan Allahın başqa bir ayəsidir. Əvvəlcə də bildirdiyimiz kimi, Allah Nəhl surəsində bal arısına bal hazırlamasını “vəhy etdiyini” bildirir. Məhz bal arılarının göstərdikləri üstün fədakarlıq nümunəsinin tək səbəbi budur. Onlar Rəbbinin onlara olan əmrini yerinə yetirirlər. Bu həqiqət qarşısında insana düşən isə Nəhl surəsindəki ayənin davamında xəbər verilir: “…Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır”. (Nəhl surəsi, 69)

    5. İşçi arıların qida axtarmağa çıxmadan əvvəl etdikləri çox əhəmiyyətli bir vəzifələri də var: Növbətçilik. Hər bal arısı şanının qarşısında növbətçi arılar olur. Vəzifələri, şana girməyə çalışan əcnəbilərə mane olmaq və onları geri qaytarmaqdır. Şanın iyini daşımayan hər hansı bir canlı, digər arılar və sürfələr üçün təhlükə və düşmən olaraq qəbul edilir. Şanın girişində bir əcnəbi göründüyü vaxt, növbətçi arılar çox sərt reaksiyalar verirlər. Qanadlarının güclü vızıltısı dərhal yaxınlıqdakı digər arıları xəbərdar edər. Növbətçilər əcnəbiyə qarşı zəhərli iynələrindən istifadə edərlər. Bu zəhər həmçinin şanda yayılan bir iyi xatırladır və güclü bir təhlükə siqnalı olaraq təsir edir. Bununla da arılar döyüşməyə hazır olaraq şanın girişinə gəlirlər.

    Əgər növbətçi arı düşmənini sancarsa, yaraladığı yerdən zəhər yeridərək, daha çox iy salar. İy nə qədər kəskin olsa, arılar da o qədər həyəcanlı və döyüşən olarlar. Bir arı şanını qorumaq əslində intihar mənasına gələ bilər. Bir bal arısının iynəsi, bir kirpinin tikanı kimi kiçik oxlara malikdir. İynə bir çox heyvanın bədənindən çıxmaya bilər. Arı uçmağa çalışarkən iynə dəridə qalar və arının qarnının arxa tərəfi cırılar. Qarnın cırılmış hissəsində, zəhər ifrazatı və ona nəzarət edən sinirlər vardır. Arı bu yaralanmadan ötrü ölərkən, şanda olan digərləri bundan faydalanar. Ölən arıdan qopan ifrazat vəzi, qurbanının yarasına zəhər nəql etməyə davam edər. Kiçik bir canlının dünyaya gəldiyi vaxtdan etibarən heç dayanmadan və yorulmadan başqaları üçün çalışması, onlara böyük bir qayğı göstərməsi və hətta onlar üçün ölümü belə gözə alması necə izah oluna bilər? Üstəlik, dünyanın hər yerində və milyonlarla ildir ki, bütün bal arıları və qarışqalar eyni fədakarlıqları göstərirlər. Qısa ömürlərində çoxsaylı fədakarlıqlar göstərən bu canlıların üstün bir yaradıcı olan Allahın ilhamı ilə hərəkət etdikləri açıq-aydın bir həqiqətdir.

    Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

  • NƏTİCƏ



    Bu saytda davranışlarından nümunələr verilən canlıların ortaq xüsusiyyətləri fədakar, mərhəmətli və şəfqətli olmalarıdır. Hər biri balalarına, yoldaşlarına və ya digər hər hansı bir heyvana qarşı olduqca qoruyucu, qayğıkeş və mərhəmət dolu davranışlar göstərən bu canlılar, həmçinin bir-birlərinin təhlükəsizliyi üçün ağıllı tədbirlər görür, bir-birlərini ağıllı üsullarla yeməklə təmin edir hətta, məharətli memarlar və mühəndislər kimi çalışaraq memarlıq möcüzələri yaradarlar.

    Ancaq sayt boyunca da tez-tez təkrarladığımız kimi, yaddan çıxardılmaması lazım olan əhəmiyyətli bir məqam var: Burada bəhsi keçən canlılar bəzən kiçik bir böcək, bəzən bir quş və ya bir qurbağadır. Çox vaxt bir beyinə belə sahib olduqlarını deyə bilməyəcəyimiz bu canlılardan belə ağıllı və məlumat tələb edən ixtiralar, davranışlar gözləmək doğru olarmı? Və ya bir böcək və ya bir quş şəfqətli, mərhəmətli olmağı və fədakarlıq göstərməyi düşünə bilərmi? Bir heyvan belə üstün mənəvi dəyərlərə sahib ola bilərmi?

    Bir pinqvinin, ölümü gözə alaraq, yoldaşına və balalarına sədaqətlə bağlanmasını necə izah edə bilərik? Özlərini balalarıyla bərabər düşmənlərinin arasına atan ceyranlar və ya zebrlər, bunu niyə edərlər?

    Canlıların təsadüflər nəticəsində, cansız maddələrdən meydana gəldiyini irəli sürən təkamül nəzəriyyəsi üçün bu sualların hər biri böyük bir problemdir. Təkamülçülər canlıların bunları instinktləri ilə etdiklərini və instinktlərinin də genlərində proqramlı olduğunu iddia edir və bu iddiaları onları daha da əhəmiyyətli bir çıxılmaz vəziyyətə salır. Çünki bu iddianın arxasınca belə bir sual gəlir: Bu instinktləri, yəni fədakarlığı, mərhəməti, şəfqəti, yuva inşa etmə bacarığını və məlumatını bu canlıların genlərinə kim proqramlamışdır? Birdən-birə, fosfat, karbon kimi cansız elementlərdən meydana gəlmiş bir gendə bu xüsusiyyətlərin proqramı necə meydana gəlmişdir? Təkamülçülərin bu suallar üçün heç bir cavabları yoxdur. Yalnız boşluğu doldurmaq və çox düşünməyən insanların gözlərini boyamaq üçün, canlıların genlərinə bu xüsusiyyətlərin “ana təbiət” tərəfindən kodlandığını deyərlər. Tez-tez eşitdiyiniz cümlələrdən biri də bunlardır: “Təbiət canlılara balalarına baxma instinktini vermişdir” və ya “təbiət quşlara yuva qurma qabiliyyətini verir”. Bəs təbiətin belə bir gücü ola bilərmi? Təbiət dediyimiz şey özü də yaradılmış olan ağaclardan, daşlardan, çaylardan, dağlardan, sudan, torpaqdan ibarət olan bir bütündür. Görəsən, təbiətin hansı hissəsi canlılara bu xüsusiyyətlərini qazandırma gücünə, qabiliyyətinə, məlumat və şüuruna malikdir? Təbiətə yaratma gücü isnad edən təkamülçülər əslində Quranda təsvir edilən klassik inkarçı məntiqindən fərqli bir rəftar göstərməz, təbiəti “ilahiləşdirərlər”. Halbuki, təbiətin özü bu xüsusiyyətlərin heç birinə sahib olmayan, özü də yaradılmış və yaradılmaqda olan bir varlıqlar toplusudur. Quranda aciz varlıqları ilahlaşdıranlar belə bildirilir:

    Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər. (Furqan surəsi, 3)

    Heç bir gücü və şüuru olmayan varlıqların digər varlıqlara şüur, zəka, bilik, bacarıq, mənəvi anlayışlar növündən xüsusiyyətlər qazandırmaları, ağıl və məntiq qaydaları baxımından, əlbəttə ki, qeyri-mümkündür. Həqiqət çox aydındır və göz qabağındadır: Bu canlılara şəfqətli, mərhəmətli və fədakar davranışları etdirən, Özü sonsuz mərhəmətli və şəfqətli olan, bütün canlıların yaradıcısı və qoruyucusu, Rəhman və Rəhim olan Allahdır.

    Bu kitabda çox az nümunələrini verdiyimiz fədakarlıqlar, şəfqət və mərhəmət nümunələri, bizi və bütün varlıqları yaradan və hər an ayaqda saxlayan Rəbbimizin sonsuz şəfqətinin və mərhəmətinin göstəriciləridir. Bir quş balasını və ya kiçik bir ceyranı qorumağa, qidalandırmağa, baxmağa qərar verən onların şüursuz və heç bir şeyi dərk etməyən anaları deyil. Allah bu canlılara balalarını qorumağı və ya qidalandırmağı ilham etdiyi üçün onlar gecə-gündüz həyatları bahasına fədakarlıqlar edirlər. Rəbbimizin sonsuz mərhəməti və şəfqəti yalnız bu canlıları deyil, insan da daxil olmaqla, bütün kainatı əhatə edər. Buna görə də düşünən və həqiqəti görən vicdan və ağıl sahibi kəslər Allahı belə xatırlayarlar:

    “… Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”. (Hud surəsi, 57)

    De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (Müminun surəsi, 118)

  • TƏKAMÜL YALANI



    Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini inkar etmək məqsədilə irəli sürülmüş, ancaq uğursuzluqla nəticələnmiş elmdən kənar cəfəngiyatdan başqa bir şey deyil. Canlıların cansız maddələrdən təsadüfən əmələ gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çox möcüzəvi nizam olduğunun elm tərəfindən sübut edilməsi ilə və təkamül prosesinin əsla baş vermədiyini göstərən 350 milyona yaxın fosilin tapılması ilə süqut etmişdir. Beləliklə, Allah’ın bütün kainatı və canlıları yaratdığı elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsini dirçəltmək üçün dünya səviyyəsində aparılan təbliğat sadəcə elmi həqiqətlərin təhrif olunmasına, tərəfli şərhinə, elm adı altında söylənilən yalan və saxtakarlıqlara əsaslanır.

    Ancaq bu təbliğat həqiqəti gizlətmir. Təkamül nəzəriyyəsinin elm tarixində ən böyük xəta olması son 20-30 il ərzində elm dünyasında getdikcə daha ucadan dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan tədqiqatlar darvinist iddiaların tamamilə səhv olduğunu üzə çıxarmış və bu həqiqət bir çox elm adamı tərəfindən dilə gətirilmişdir. ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrlə məşğul olan bir çox elm adamı darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılışla açıqlayırlar. Təkamül nəzəriyyəsinin süqutundan və yaradılış dəlillərindən digər bir çox əsərimizdə bütün elmi təfərrüatları ilə bəhs etmişik və etməyə davam edirik. Ancaq əhəmiyyəti baxımından mövzudan burada da bəhs etməkdə fayda var.

    Darvini məhv edən çətinliklər

    Təkamül nəzəriyyəsi tarixi qədim yunanlara gedib çıxan bir təlim olmasına baxmayaraq, XIX əsrdə hərtərəfli şəkildə irəli sürüldü. Nəzəriyyəni elm dünyasının gündəminə gətirən ən mühüm irəliləyiş Çarlz Darvinin 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı müxtəlif canlı növlərini Allah’ın ayrı-ayrı yaratdığına qarşı çıxırdı. Darvinin fikrincə, bütün növlər ortaq əcdaddan törəmiş və zaman ərzində kiçik dəyişikliklərlə müxtəlifləşmişdilər. Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün də qəbul etdiyi kimi, sadəcə bir məntiq yeritmə idi. Hətta Darvin kitabındakı “Nəzəriyyənin qarşısında duran çətinliklər” başlıqlı uzun bölmədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox mühüm suala cavab verə bilmirdi.

    Darvin nəzəriyyəsinin qarşısındakı çətinliklərə inkişaf edən elmin üstün gələcəyinə, yeni elmi kəşflərin nəzəriyyəsini gücləndirəcəyinə ümid edirdi. Bunu kitabında tez-tez bildirirdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin əsas iddialarını bir-bir əsassız qoydu. Darvinizmin elm qarşısındakı məğlubiyyətini üç əsas başlıq altında təhlil etmək olar: Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını əsla açıqlaya bilmir.

    Nəzəriyyənin irəli sürdüyü təkamül mexanizmlərinin, əslində, təkamül xarakterinə malik olduğunu göstərən heç bir elmi tapıntı yoxdur. Fosillər təkamül nəzəriyyəsinin iddialarının tam əksini göstərir. Bu bölmədə bu üç əsas başlığı əsaslı təhlil edəcəyik.

    Keçilməz ilk pillə: həyatın mənşəyi

    Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8 milyard il əvvəl dünyada fantastik şəkildə təsadüfən meydana gələn bircə canlı hüceyrədən törədiklərini iddia edir. Bircə hüceyrənin milyonlarla kompleks canlı növünü necə əmələ gətirməsi və əgər həqiqətən bu cür təkamül baş vermişsə, nə üçün izlərinin fosillərdə tapılmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül prosesinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Həmin ilk hüceyrə necə ortaya çıxmışdır? Təkamül nəzəriyyəsi cahilliklə yaradılışı inkar etdiyinə görə, həmin ilk hüceyrənin heç bir plan və nizam olmadan təbiət qanunları çərçivəsində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə əsasən, cansız maddə kortəbii təsadüflər nəticəsində ortaya canlı hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən təməl biologiya qanunlarına zidd iddiadır.

    Həyat həyatdan gəlir

    Darvin kitabında həyatın mənşəyindən heç bəhs etməmişdi. Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə quruluşa malik olduqlarını fərz edirdi. Orta əsrlərdən bəri “spontane generation” adlı nəzəriyyəyə əsasən, cansız maddələrin təsadüfən birləşərək canlı varlıq əmələ gətirməsinə inanırdılar. Bu dövrdə həşəratların yemək artıqlarından, siçanların da buğdadan əmələ gəlməsi geniş yayılmış düşüncə idi. Bunu sübut etmək üçün qəribə təcrübələr aparılmışdı. Çirkli əsginin üstünə bir az buğda qoyulmuş və bir müddət sonra bu qarışıqdan siçanların əmələ gəlməsini gözləmişdilər. Ətin qurdlanması da həyatın cansız maddələrdən törədiyinə dəlil hesab edilirdi. Lakin daha sonra məlum olacaqdı ki, ətin üstündəki qurdlar öz-özlərindən əmələ gəlmirlər, milçəklərin gətirib qoyduğu gözlə görülməyən sürfələrdən çıxırdılar. Darvin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən əmələ gəlməsi inancı elm dünyasında geniş şəkildə qəbul edilirdi.

    Lakin Darvinin kitabının nəşr edilməsindən beş il sonra məşhur fransız bioloq Lui Paster təkamülə əsas verən bu inancı qəti şəkildə təkzib etdi. Paster apardığı uzun elmi fəaliyyət və təcrübələrdə gəldiyi nəticəni belə şərh etmişdi: “Cansız maddələrin həyatı əmələ gətirməsi iddiası artıq qəti şəkildə tarixə gömülmüşdür”. (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, New York: Marcel Dekker, 1977, səh. 2) Təkamül nəzəriyyəsinin tərəfdarları Pasterin kəşflərinə uzun müddət qarşı çıxdılar. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin mürəkkəb quruluşunu üzə çıxardıqca həyatın öz-özünə əmələ gəlməsi iddiasının əsassızlığı daha da açıq şəkil aldı.

    XX əsrdəki nəticəsiz səylər

    XX əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə irəli sürdüyü bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana gələ biləcəyini sübut etməyə çalışdı. Ancaq bu fəaliyyətlər uğursuzluqla nəticələnəcək və Oparin bu etirafı etməli olacaqdı: “Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsinin tamamilə əhatə edən ən qaranlıq nöqtədən ibarətdir”. (Alexander I. Oparin, Origin of Life, (1936) New York, Dover Publications, 1953 (Reprint), səh. 196)

    Oparinin yolunu davam etdirən təkamülçülər həyatın mənşəyi problemini həll etmək üçün təcrübələr aparmağa çalışdılar. Bu təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. Miller ibtidai atmosferdə mövcud olduğunu iddia etdiyi qazları bir təcrübədə birləşdirdi və bu qarışığa enerji verərək zülalları təşkil edən bir neçə üzvi molekul (amin turşusu) sintezlədi. O illərdə təkamüllə bağlı mühüm mərhələ kimi tanıdılan bu təcrübənin əsassız olduğu və təcrübədə tətbiq edilən atmosferin yer şərtlərindən çox fərqli olduğu sonrakı illərdə üzə çıxacaqdı. (“New Evidence on Evolution of Early Atmosphere and Life”, Bulletin of the American Meteorological Society, c. 63, Kasım 1982, səh. 1328-1330) Uzun sükutdan sonra Millerin özü də tətbiq etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi. (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7)

    Həyatın mənşəyi problemini açıqlamaq üçün XX əsr boyu göstərilən bütün təkamülçü səylər uğursuzluqla nəticələndi. San Diyeqo Skrips İnstitutundan məşhur geokimyaçı Cefri Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə dərc edilən bir məqalədə bu həqiqəti belə qəbul edir: “Bu gün XX əsri arxada qoyarkən hələ də XX əsrin başlanğıcındakı ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başlayıb”. (Jeffrey Bada, Earth, Şubat 1998, səh. 40)

    Həyatın kompleks quruluşu

    Təkamülçülərin həyatın mənşəyi ilə bağlı bu qədər çıxılmaz vəziyyətə düşməsinin başlıca səbəbi ən sadə hesab etdikləri canlıların bu qədər mürəkkəb quruluşa malik olmasıdır. Canlı hüceyrəsi insanın hazırladığı bütün texnoloji məhsullardan daha mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən qabaqcıl laboratoriyalarında belə cansız maddələr birləşdirilərək nəinki canlı hüceyrə, hətta hüceyrəyə aid bircə zülal da hasil etmək mümkün deyil. Bir hüceyrənin meydana gəlməsi üçün lazımlı şərtlər əsla təsadüflərlə açıqlanmayacaq qədər çoxdur. Lakin bunu açıqlamağa heç ehtiyac yoxdur. Təkamülçülər hələ hüceyrə səviyyəsinə çatmadan çıxılmaz vəziyyətə düşürlər. Çünki hüceyrənin əsasını təşkil edən zülalların təsadüfən sintezlənmə ehtimalı riyazi cəhətdən sıfırdır.

    Bunun ən əsas səbəbi budur ki, bir zülalın əmələ gəlməsi üçün başqa zülallar da olmalıdır. Bu səbəb bir zülalın təsadüfən əmələgəlmə ehtimalını tamamilə aradan qaldırır. Ona görə, təkcə bu fakt təkamülçülərin təsadüf iddiasını təkzib etmək üçün kifayətdir. Mövzunun əhəmiyyətini qısaca açıqlayaq:
    - Fermentlər olmasa, zülal sintezlənə bilməz, fermentlər də zülaldır.
    - Bircə zülalın sintezlənməsi üçün 100-ə yaxın hazır zülal olmalıdır. Ona görə, zülalların olması üçün zülallar lazımdır.
    - Zülalları sintezləyən fermentləri DNT hazırlayır. DNT olmasa, zülal sintezlənə bilməz. Ona görə, zülalların əmələ gəlməsi üçün DNT də lazımdır.
    - Zülal sintezləmə prosesində hüceyrədəki bütün orqanoidlərin mühüm funksiyaları var. Yəni zülalların əmələ gəlməsi üçün tam funksional hüceyrə bütün orqanoidləri ilə birlikdə mövcud olmalıdır. Hüceyrənin nüvəsində yerləşən, genetik məlumat daşıyan DNT molekulu isə informasiya bankıdır. İnsan DNT-sindəki informasiyanı kağıza köçürmək istəsək, hər biri 500 səhifədən ibarət 900 cildlik kitabxana ortaya çıxar. Burada çox maraqlı dilemma da var: DNT ancaq bir sıra xüsusi zülalların (fermentlərin) köməyi ilə qoşalaşa bilər. Amma bu fermentlər də ancaq DNT-dəki informasiya əsasında sintezlənir. Bir-birlərindən asılı olduqlarına görə, DNT-nin qoşalaşması üçün ikisi də eyni anda mövcud olmalıdır. Bu isə həyatın öz-özünə meydana gəlməsi ssenarisini çıxılmaz vəziyyətə salır. San Diyeqo Kaliforniya Universitetindən məşhur təkamülçü prof. Lesli Orcel “Scientific American” jurnalının 1994-cü il oktyabr sayında bu həqiqəti belə etiraf edir:

    “Olduqca kompleks quruluşa malik olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfən əmələ gəlmələri həddindən artıq ehtimaldan kənardır. Ancaq bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Ona görə, insan məcburən həyatın kimyəvi yollarla meydana gəlməsinin tamamilə qeyri-mümkün olduğu nəticəsinə gəlir”. (Leslie E. Orgel, The Origin of Life on Earth, Scientific American, c. 271, Ekim 1994, səh. 78) Şübhəsiz ki, əgər həyatın kortəbii təsadüflərlə öz-özünə meydana gəlməsi mümkün deyilsə, onda həyatın yaradıldığı qəbul edilməlidir. Bu həqiqət əsas məqsədi yaradılışı inkar etmək olan təkamül nəzəriyyəsini açıq-aydın əsassız edir.

    Təkamülün xəyali mexanizmləri

    Darvinin nəzəriyyəsini əsassız edən ikinci əsas cəhət nəzəriyyənin təkamül mexanizmləri kimi irəli sürdüyü iki anlayışın da, əslində, heç bir təkamül gücünə malik olmamasıdır. Darvin irəli sürdüyü təkamül iddiasını tamamilə təbii seleksiya mexanizmi ilə əlaqələndirmişdi. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da açıq şəkildə başa düşülür: “Növlərin mənşəyi, təbii seleksiya yolu ilə...” Təbii seleksiya təbii seçmə deməkdir, təbiətdəki həyat uğrunda mübarizədə təbii şərtlərə uyğun və güclü canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən təhlükəyə məruz qalan bir maral sürüsündə daha sürətlə qaçan marallar həyatda qalacaq. Beləliklə, maral sürüsü sürətlə qaçan və güclü fərdlərdən ibarət olacaq. Amma bu mexanizm maralların təkamül keçirməsinə səbəb olmaz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz. Ona görə, təbii seçmə mexanizmi heç bir təkamül gücünə malik deyil. Darvin də bu həqiqəti anlamışdı və “Növlərin mənşəyi” adlı kitabında: “Faydalı dəyişikliklər baş vermədikcə təbii seçmə heç bir şey edə bilməz”, - demək məcburiyyətində qalmışdı. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 184)

    Lamarkın təsiri

    Bəs bu faydalı dəyişikliklər necə baş verə bilərdi? Darvin öz dövrünün ibtidai elm anlayışı çərçivəsində bu suala Lamarka əsaslanaraq cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə, canlılar həyatları boyu keçirdikləri fiziki dəyişiklikləri sonrakı nəslə ötürürlər, nəsildən-nəslə toplanan bu xüsusiyyətlər nəticəsində yeni növlər meydana gəlir. Məsələn, Lamarkın fikrincə, zürafələr ceyranlardan törəyiblər, hündür ağacların yarpaqlarını yeməyə çalışarkən nəsildən-nəslə boyunları uzanmışdır. Darvin də buna bənzər misallar çəkmiş, məsələn, “Növlərin mənşəyi” kitabında qida tapmaq üçün suya girən bəzi ayıların tədricən balinalara çevrildiyini iddia etmişdi. (B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988.) Lakin Mendelin kəşf etdiyi və XX əsrdə inkişaf edən genetika elmi ilə qəti şəkildə sübut edilən genetika qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini məhv etdi. Beləliklə, təbii seçmə “təkbaşına” və tamamilə təsirsiz mexanizm olaraq qaldı.

    Neodarvinizm və mutasiyalar

    Darvinistlər isə bu vəziyyətə bir çıxış yolu tapmaq üçün 1930-cu illərin sonlarında müasir sintetik nəzəriyyəni və ya daha geniş yayılmış adı ilə neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seçmənin yanına faydalı dəyişiklik səbəbi kimi mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici amillər və ya transkripsiya xətaları nəticəsində əmələ gələn pozulmaları əlavə etdi. Bu gün də elmi cəhətdən əsassız olduğunu bilmələrinə baxmayaraq, darvinistlər neodarvinist modeli müdafiə edirlər. Nəzəriyyə yer üzündəki milyonlarla canlı növünün, onların qulaq, göz, ağciyər, qanad kimi saysız-hesabsız mürəkkəb orqanlarının mutasiyalara, yəni genetik pozulmalara əsaslanan bir proses nəticəsində əmələ gəldiyini iddia edir. Amma nəzəriyyəni çarəsiz qoyan bir açıq elmi həqiqət var: mutasiyalar canlıları təkmilləşdirmirlər, əksinə, hər zaman canlılara zərər verirlər. Bunun səbəbi çox sadədir: DNT çox mürəkkəb quruluşa malikdir. Bu molekula olan hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genetik B.G. Ranqanatan bunu belə açıqlayır:

    “Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir meydana gəlirlər və ən yaxşı halda təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamül xarakterli təsir meydana gətirməyəcəyini sübut edir. Yüksək dərəcədə xüsusiləşmiş orqanizmdə meydana gələn təsadüfi dəyişiklik ya təsirsiz, ya da zərərli olur. Bir qol saatında meydana gələn təsadüfi dəyişiklik qol saatını təkmilləşdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı halda təsir etməz. Bir zəlzələ bir şəhəri daha yaxşı hala salmaz, onu məhv edər”. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179) Bu günə qədər heç bir faydalı, yəni genetik məlumatı təkmilləşdirən mutasiya müşahidə edilməyib. Bütün mutasiyaların zərərli olması aşkar edilib. Aydın olmuşdur ki, təkamül nəzəriyyəsinin təkamül mexanizmi kimi göstərdiyi mutasiyalar, əslində, canlıları sadəcə məhv edən, şikəst edən genetik hadisələrdir (insanlarda mutasiyanın ən çox rast gəlinən təsiri xərçəngdir). Əlbəttə, məhvedici mexanizm təkamül mexanizmi ola bilməz. Təbii seçmə isə Darvinin də qəbul etdiyi kimi, tək başına heç bir şey edə bilməz. Bu həqiqət bizə təbiətdə heç bir təkamül mexanizminin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə, təkamül deyilən xəyali proses də baş verməyib.

    Fosillər: ara-keçid formalardan əsər-əlamət yoxdur

    Təkamül nəzəriyyəsinin iddia etdiyi prosesin baş vermədiyinin ən açıq göstəricisi isə fosillərdir. Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birlərindən törəyiblər. Əvvəlcədən mövcud olan bir canlı növü zaman ərzində digərinə çevrilmiş və bütün növlər bu şəkildə əmələ gəlmişlər. Nəzəriyyəyə əsasən, bu çevrilmə yüz milyon illər davam edən uzun dövrü əhatə etmiş və mərhələ-mərhələ irəliləmişdir. Bu təqdirdə iddia edilən uzun çevrilmə prosesi zamanı saysız-hesabsız ara növlər əmələ gəlməli və yaşamalıdırlar.

    Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən canlı xüsusiyyətlərini qazanmış yarı-balıq, yarı-sürünən canlılar yaşamalıdır və ya sürünən xüsusiyyətlərini daşıyan, bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçid prosesində olduqları üçün şikəst, yarımçıq, qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadığına inandıqları bu nəzəri məxluqları “ara-keçid forması” adlandırırlar. Əgər, həqiqətən, bu cür canlılar keçmişdə yaşayıbsa, onların sayı və növü milyonlarla, hətta milyardlarla olmalıdır və bu əcaib canlıların qalıqlarına mütləq fosil izlərində rast gəlinməlidir. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır: “Əgər nəzəriyyəm doğrudursa, növləri bir-biri ilə əlaqələndirən saysız-hesabsız ara-keçid növləri keçmişdə mütləq yaşamalıdır... Onların yaşadığının dəlilləri də sadəcə fosil qalıqları arasında tapıla bilər”. (Charles Darwin, The Origin of Species, səh. 172, 280)

    Ancaq bu sətirləri yazan Darvin ara-keçid formaların heç cür tapılmadığını bilir və bunun nəzəriyyəsi üçün böyük problem olduğunu görürdü. Ona görə, “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” (Difficulties on Theory) adlı bölməsində belə yazmışdı: “Əgər, həqiqətən, növlər digər növlərdən yavaş dəyişikliklərlə törəyibsə, nə üçün saysız-hesabsız ara-keçid formasına rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq vəziyyətdə deyil, məhz yerli-yerindədir? Saysız-hesabsız ara-keçid forması olmalıdır, bəs nə üçün yer üzünün çoxsaylı təbəqələrində onları tapmırıq?... Nə üçün hər geoloji forma və hər təbəqə belə qalıqlarla dolu deyil?” (Charles Darwin, The Origin of Species, səh. 172, 280)

    Darvinin puç olan ümidləri

    Ancaq XIX əsrin ortasından indiyə qədər dünyanın hər tərəfində qızğın fosil araşdırmaları aparılmasına baxmayaraq, ara-keçid formalarına rast gəlinməmişdir. Aparılan qazıntı işlərində və tədqiqatlarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, tam və qüsursuz formada ortaya çıxdıqlarını göstərmişdir. Məşhur ingilis paleontoloq Derek V. Eycer təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:

    “Problemimiz budur: fosilləri hərtərəfli tədqiq etdikdə növlər və ya siniflər səviyyəsində belə daima eyni həqiqətlə qarşılaşırıq; mərhələli təkamüllə təkmilləşən deyil, birdən-birə yer üzündə əmələ gələn qruplar görürük”. (Derek A. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, c. 87, 1976, səh. 133) Yəni fosil qeydlərində bütün canlı növləri aralarında heç bir keçid forması olmadan, tam formada ani surətdə ortaya çıxırlar. Bu, Darvinin fikirlərinin tam əksidir. Habelə, bu, canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü dəlildir. Çünki bir canlı növünün heç bir əcdadı olmadan, bir anda və qüsursuz şəkildə ortaya çıxmasının tək açıqlaması var: o növ yaradılmışdır. Bu həqiqət məşhur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir:

    “Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında iki yeganə açıqlamadır. Canlılar dünyada ya tamamilə mükəmməl və tam formada ortaya çıxmışlar, ya da belə olmamışdır. Əgər belə olmamışdırsa, bir dəyişiklik prosesi nəticəsində özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül keçirərək meydana gəlməlidirlər. Amma əgər tam və mükəmməl formada ortaya çıxıblarsa, onda sonsuz güc sahibi olan bir ağıl tərəfindən yaradılmışlar”. (Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. Səh. 197) Fosillər isə canlıların yer üzündə tam və mükəmməl formada ortaya çıxdıqlarını göstərir. Yəni “növlərin mənşəyi” Darvinin hesab etdiyinin əksinə, təkamül deyil, yaradılışdır.

    İnsanın təkamülü nağılı

    Təkamül nəzəriyyəsinin tərəfdarlarının ən çox gündəmə gətirdikləri məsələ insanın mənşəyidir. Bununla bağlı darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər məxluqlardan törədiyini zənn edir. 4-5 milyon il əvvəl başladığı fərz edilən bu prosesdə müasir insan ilə əcdadları arasında bəzi ara-keçid formaların yaşadığı iddia edilir. Əslində, tamamilə fantastik olan bu ssenaridə dörd əsas kateqoriya var:
    Australopithecus
    Homo habilis
    Homo sapiens

    Təkamülçülər insanların ilk “meymunabənzər əcdadları”na “cənub meymunu” mənasını verən “australopithecus” adını veriblər. Bu canlılar, əslində, nəsli kəsilmiş meymun növüdür. Lord Solli Zukerman və prof. Çarlz Oksnard kimi İngiltərə və ABŞ-dan iki məşhur anatomun australopithecus nümunələri üzərində apardığı hərtərəfli araşdırmalar bu canlıların sadəcə nəsli kəsilmiş meymun növünə aid olduqlarını və insanlarla heç bir bənzərlik təşkil etmədiklərini göstərmişdir. (Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, c. 258, səh. 389) Təkamülçülər insanın təkamülünün sonrakı mərhələsini də “homo”, yəni insan kimi təsnif edirlər. İddiaya əsasən, homo sırasındakı canlılar australopithecuslardan daha çox inkişaf ediblər. Təkamülçülər bu fərqli canlılara aid fosilləri ardıcıl düzərək fantastik təkamül sxemi qururlar. Bu sxem xəyalidir, çünki bu fərqli siniflərin arasında təkamül xarakterli əlaqə olması əsla sübut edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin XX əsrdəki ən mühüm tərəfdarlarından biri olan Ernst Mayr: “Homo sapiensə uzanan zəncir halqası, əslində, itib”, - deyərək bunu qəbul edir. (J. Rennie, “Darwin’s Current Bulldog: Ernst Mayr”, Scientific American, Aralık 1992) Təkamülçülər “ausrtalopithecus > homo habilis > homo erectus > homo sapiens” ardıcıllığını qurarkən bu növlərin hər birinin daha sonrakının əcdadı olmasını irəli sürürlər. Lakin paleoantropoloqların son kəşfləri australopithecus, homo habilis və homo erectusun dünyanın müxtəlif bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərir. (Alan Walker, Science, c. 207, 1980, s. 1103; A. J. Kelso, Physical Antropology, 1. baskı, New York: J. B. Lipincott Co., 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge: Cambridge University Press, 1971, səh. 272)

    Habelə, homo erectus sinfinə aid olan insanların bir qismi çox müasir dövrlərə qədər yaşayıblar, homo sapiens neandertalensis və homo sapiens sapiens (insan) ilə eyni mühitdə birlikdə mövcud olmuşlar. (Time, noyabr 1996) Bu isə, əlbəttə, bu siniflərin bir-birilərinin əcdadı olduqları iddiasının əsassızlığını açıq şəkildə ortaya qoyur. Harvard Universitetinin paleontoloqlarından Stiven Cey Quld, təkamülçü olmasına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır: “Əgər bir-biri ilə paralel şəkildə yaşayan üç müxtəlif hominid (insanabənzər) sxemi varsa, onda bizim soy ağacımıza nə oldu? Aydındır ki, bunların biri digərindən törəyə bilməz. Habelə, biri digəri ilə müqayisə edildikdə təkamül xarakterli inkişaf meyli göstərmirlər”. (S. J. Gould, Natural History, c. 85, 1976, səh. 30) Qısaca desək, KİV-də və ya dərsliklərdə verilən bir cür fantastik yarı-meymun yarı-insan canlıların rəsmləri ilə, yəni sırf təbliğat yolu ilə dirçəldilməyə çalışılan insanın təkamülü ssenarisi heç bir elmi əsası olmayan nağıldan ibarətdir. Bu mövzunu uzun illər tədqiq edən, xüsusilə australopithecus fosilləri üzərində 15 il araşdırma aparan İngiltərənin ən məşhur və hörmətli elm adamlarından biri olan Lord Solli Zukerman təkamülçü olmasına baxmayaraq, meymunabənzər canlılardan insana uzanan nəsil ağacı olmadığı nəticəsinə gəlmişdir.

    Zukerman maraqlı elm şkalası da qurmuşdur. Elmi hesab etdiyi elm sahələrindən elmdən kənar qəbul etdiyi elm sahələrinə qədər şaxəli cədvəl çəkmişdir. Zukermanın bu cədvəlində ən elmi, yəni konkret faktlara əsaslanan elm sahələri kimya və fizikadır. Cədvəldə bunlardan sonra bioloji elmlər, daha sonra sosial fənlər gəlir. Şaxələnmənin ən kənar ucunda, yəni elmdən kənar hesab edilən hissədə isə Zukermanın fikrincə telepatiya, altıncı hiss kimi hissin fövqündə olan qavrama anlayışları və bir də insanın “təkamülü” yerləşir! Zukerman şaxələnmənin bu ucunu belə açıqlayır: “Obyektiv reallıq sahəsindən çıxıb bioloji elm fərz edilən bu sahələrə, yəni hissin fövqündə olan qavramaya və insanın fosil tarixinin şərh edilməsinə daxil olduqda, təkamül nəzəriyyəsinə inanan bir şəxs üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, nəzəriyyələrinə qəti şəkildə inanan bu şəxslərin ziddiyyətli bəzi rəyləri eyni anda qəbul etmələri belə mümkündür”. (Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 19) İnsanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bir sıra insanların tapdıqları bəzi fosillər haqqında qabaqcadan rəy verərək şərh etmələrindən ibarətdir.

    Darvin formulu!

    İndiyə qədər təhlil etdiyimiz bütün dəlillərlə yanaşı, istəyirsinizsə, təkamülçülərin necə cəfəng inanca malik olduqlarına bir də uşaqların belə anlayacağı qədər açıq misalla baxaq. Təkamül nəzəriyyəsi canlıların təsadüfən əmələ gəldiyini iddia edir. Ona görə, bu iddiaya əsasən, cansız və şüursuz atomlar birləşərək əvvəlcə hüceyrəni əmələ gətirmiş və sonra eyni atomlar birləşərək digər canlıları və insanı meydana gətirmişlər. İndi düşünək, canlıların əsasını təşkil edən karbon, fosfor, azot, kalium kimi elementləri birləşdirdikdə bir yığın əmələ gəlir. Bu atom yığını hansı prosesdən keçirilsə də, bircə canlı belə əmələ gətirməz. İstəyirsinizsə, bununla bağlı bir təcrübə keçirək və təkamülçülərin, əslində, müdafiə etdikləri, amma ucadan söyləyə bilmədikləri iddianı onların adından “Darvin formulu” adı ilə nəzərdən keçirək:

    Təkamülçülər çoxlu sayda böyük çənin içinə canlıların əsasını təşkil edən fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə mövcud olmayan, ancaq bu qarışığın içində lazımlı bildikləri maddələri də bu çənlərə əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin turşusu, istədikləri qədər də zülal doldursunlar. Bu qarışıqlara istədikləri nisbətdə temperatur və rütubət versinlər. Bunları istədikləri ən yaxşı texnoloji cihazlarla qarışdırsınlar. Çənlərin başında nəzarətçi kimi dünyanın qabaqcıl elm adamlarını qoysunlar. Bu mütəxəssislər atadan oğula, nəsildən-nəslə ötürülərək növbə ilə milyardlarla, hətta trilyonlarla il fasiləsiz çənlərin başında gözləsinlər. Bir canlının əmələ gəlməsi üçün hansı şərtlərin mövcud olmasını lazım bilirlərsə, hamısını tətbiq etsinlər. Ancaq nə etsələr də, o çənlərdən əsla bir canlı çıxara bilməzlər. Zürafələri, aslanları, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, səhləb çiçəklərini, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuz quşlarını, qırqovulları, rəngarəng kəpənəkləri və bunlar kimi milyonlarla canlı növündən heç birini əmələ gətirə bilməzlər. Nəinki burada sadaladığımız bir neçə canlını, bunların bircə hüceyrəsini belə əldə edə bilməzlər. Qısaca desək, şüursuz atomlar birləşərək hüceyrəni əmələ gətirə bilməzlər. Sonra yeni qərar verərək bir hüceyrəni iki yerə bölüb, sonra ardıcıl başqa qərarlar verib elektron mikroskopunu icad edən, sonra öz hüceyrə quruluşunu bu mikroskop altında tədqiq edən professorları əmələ gətirə bilməzlər. Maddə ancaq Allah’ın üstün yaratması ilə həyat qazanır. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə ağıla tamamilə zidd cəfəngiyatdır. Təkamülçülərin ortaya atdığı iddialar üzərində bir az düşünmək yuxarıdakı misalda göstərildiyi kimi, bu həqiqəti üzə çıxarar.

    Göz və qulaqdakı texnologiya

    Təkamül nəzəriyyəsinin qətiyyən açıqlaya bilmədiyi digər məsələ isə göz və qulaqdakı üstün duyğu keyfiyyətidir. Gözlə bağlı mövzuya keçməzdən əvvəl “Necə görürük?” sualına qısaca cavab verək. Bir cisimdən gələn şüalar gözdə tor qişaya tərsinə düşür. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beyinin arxa hissəsindəki görmə mərkəzi adlanan kiçik nöqtəyə ötürülür. Bu elektrik siqnalları bir sıra ardıcıl proseslərdən sonra beyindəki bu mərkəzdə görüntü kimi şərh edilir. Bu məlumatdan sonra düşünək: beyin işığa qapalıdır. Yəni beyinin içi qapqaranlıqdır, işıq beyinin yerləşdiyi yerə girə bilməz. Görmə mərkəzi adlanan yer qapqaranlıq, işığın düşmədiyi, bəlkə, heç qarşılaşmadığınız qədər qaranlıq yerdir. Ancaq siz bu zülmət qaranlıqda işıqlı, aydın dünyanı izləyirsiniz.

    Üstəlik, bu, o qədər aydın və keyfiyyətli görüntüdür ki, XXI əsrin texnologiyası belə hər cür imkanı olmasına baxmayaraq, bu aydın görüntünü əldə edə bilmir. Məsələn, hal-hazırda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın, sonra başınızı qaldırın və ətrafınıza baxın. Hal-hazırda gördüyünüz aydın və keyfiyyətli görüntünü başqa bir yerdə görmüsünüzmü? Bu qədər aydın görüntünü sizə dünyanın qabaqcıl televizor şirkətlərinin istehsal etdiyi təkmilləşdirilmiş televizor ekranı belə verə bilməz. 100 ildən bəri minlərlə mühəndis bu aydın görüntünü əldə etmək üçün çalışır. Bunun üçün fabriklər, böyük müəssisələr qurulur, tədqiqatlar aparılır, planlar və dizaynlar edilir. Bir televizor ekranına baxın, bir də hal-hazırda əlinizdə tutduğunuz bu kitaba. Arada böyük aydınlıq və keyfiyyət fərqi olduğunu görəcəksiniz. Həm də televizorun ekranı sizə iki ölçülü görüntü göstərir, lakin siz üç ölçülü, dərin perspektivi olan görüntü izləyirsiniz. Uzun illərdən bəri on minlərlə mühəndis üç ölçülü televizor icad etməyə, gözün görmə keyfiyyətini əldə etməyə çalışırlar. Bəli, üç ölçülü televizor kimi sistem istehsal edə bildilər, amma onu da eynəksiz üç ölçülü görmək mümkün deyil, həm də bu, süni üçölçülü görüntüdür. Arxa tərəf daha bulanıq, ön tərəf isə kağız dekorasiya kimi görünür. Heç bir zaman gözün gördüyü qədər aydın və keyfiyyətli görüntü əmələ gəlmir. Kamerada da, televizorda da mütləq görüntü itkisi olur.

    Təkamülçülər bu keyfiyyətli və aydın görüntünü əmələ gətirən mexanizmin təsadüfən əmələ gəldiyini iddia edirlər. İndi birisi sizə otağınızdakı televizorun təsadüflər nəticəsində əmələ gəldiyini, atomların birləşib bu görüntünü əmələ gətirən aləti meydana gətirdiyini desə, nə düşünərsiniz? Minlərlə insanın birlikdə edə bilmədiyini şüursuz atomlar necə etsin? Gözün gördüyündən daha bəsit görüntünü əmələ gətirən alət təsadüfən əmələ gəlmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gəlməyəcəyi çox açıqdır. Eyni vəziyyət qulağa da aiddir. Xarici qulaq ətrafdakı səsləri qulaq seyvanı vasitəsilə toplayıb daxili qulağa ötürür; daxili qulaq da bu titrəyişləri elektrik impulslarına çevirərək beyinə göndərir. Eynilə görmədə olduğu kimi, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində həyata keçir. Göz üçün dediklərimiz qulağa da aiddir, yəni beyin işıq kimi səsə də qapalıdır, səs keçirmir. Ona görə, xarici aləm nə qədər səs-küylü olsa da, beyinin içi tamamilə səssizdir. Buna baxmayaraq, ən aydın səslər beyində eşidilir. Səs keçirməyən beyninizdə orkestr simfoniyaları dinləyir, ətraf mühitin bütün səs-küyünü eşidirsiniz. Ancaq həmin anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada səssizliyin hakim olduğu məlum olacaqdır. Aydın görüntü əldə etmək ümidi ilə texnologiyadan necə istifadə edilirsə, səs üçün də eyni səylər on illərdən bəri davam etdirilir. Səsyazma cihazları, musiqi mərkəzləri, bir çox elektron alət, səs qəbul edən musiqi sistemləri bu fəaliyyətlərin nəticələrindən bəziləridir. Ancaq bütün texnologiyaya və bu sahədə minlərlə mühəndis və mütəxəssis işləməsinə baxmayaraq, qulağın əmələ gətirdiyi qədər aydın və keyfiyyətli səs əldə edilməmişdir. Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi mərkəzini düşünün. Səsi qeyd etdikdə mütləq səsin bir hissəsi itir, az da olsa təhrif olur və ya musiqi mərkəzini işə saldıqda hələ musiqi çalmazdan əvvəl mütləq bir cızıltı eşidirsiniz. Ancaq insan orqanizmindəki texnologiyanın məhsulu olan səslər olduqca aydın və qüsursuzdur. İnsan qulağı heç vaxt musiqi mərkəzində olduğu kimi cızıltılı və ya təhrif olunmuş şəkildə səs eşitmir; səs necədirsə, tam və aydın şəkildə onu eşidir. Bu, insan yaradıldığı gündən bəri belədir. İndiyə qədər insanın istehsal etdiyi heç bir görüntü və səs cihazı göz və qulaq qədər həssas və keyfiyyətli qəbuledici olmamışdır. Ancaq görmə və eşitmə hadisəsində bütün bunların fövqündə duran çox böyük həqiqət də var.

    Beyinin içində görən və eşidən şüur kimə aiddir?

    Beyinin içində parlaq, rəngli dünyanı izləyən, simfoniyaları, quşların civiltilərini dinləyən, gülü qoxulayan kimdir? İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn siqnallar elektrik impulsu kimi beyinə ötürülür. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə əmələ gəlməsinə dair bir çox şey oxuyursunuz. Ancaq bu mövzu haqqında ən mühüm həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz: beyində bu elektrik impulslarını görüntü, səs, qoxu və hiss kimi qavrayan kimdir? Beyinin içində gözə, qulağa, buruna ehtiyac hiss etmədən bütün bunları qavrayan bir şüur var. Bu şüur kimə aiddir?

    Əlbəttə, bu şüur beyini təşkil edən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Elə buna görə, hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist-materialistlər bu suallara heç cür cavab verə bilmirlər. Çünki bu şüur Allah’ın yaratdığı ruhdur. Ruhun görüntünü izləmək üçün gözə, səsi eşitmək üçün qulağa ehtiyacı yoxdur. Eyni zamanda, düşünmək üçün beyinə də ehtiyacı yoxdur. Bu açıq və elmi həqiqəti oxuyan hər insan beyinin içindəki bir neçə sm3-lik, qapqaranlıq yerə bütün kainatı üçölçülü, rəngli, kölgəli və işıqlı şəkildə sığışdıran uca Allah’ı düşünüb, Ondan qorxub Ona sığınmalıdır.

    Materialist inanc

    Bura qədər təhlil etdiklərimiz təkamül nəzəriyyəsinin elmi kəşflərə zidd iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, irəli sürdüyü təkamül mexanizmlərinin heç bir təkamül gücü yoxdur və fosillər nəzəriyyənin iddia etdiyi ara keçid formalarının yaşamadığını göstərir. Bu təqdirdə, əlbəttə, təkamül nəzəriyyəsi elmə zidd fərziyyə kimi bir kənara qoyulmalıdır. Belə ki, tarix boyu dünya mərkəzli kainat modeli kimi bir çox düşüncə tərzi elmin gündəmindən çıxarılmışdır. Ancaq təkamül nəzəriyyəsi təkidlə elmin gündəliyində saxlanılır. Hətta bəzi insanlar nəzəriyyənin tənqid edilməsini elmə təcavüz kimi göstərməyə çalışırlar. Axı niyə? Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi kütlələr üçün əl çəkilməz doqmatik inanc olmasıdır. Bu kütlələr materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiət haqqında yeganə materialist açıqlama olduğu üçün mənimsəyiblər. Bəzən bunu açıq şəkildə etiraf edirlər. Harvard Universitetindən məşhur genetik və eyni zamanda, qabaqcıl təkamülçülərdən olan Riçard Levontin əvvəlcə materialist, sonra elm adamı olduğunu belə etiraf edir: “Bizim materializmə bir inancımız var, bu “a priori” (əvvəlcədən qəbul edilmiş, doğru fərz edilmiş) inancdır. Bizi dünya haqqında materialist açıqlama verməyə məcbur edən şey elmi metodlar və qanunlar deyil. Əksinə, materializmə olan “a priori” bağlılığımız səbəbi ilə dünya haqqında materialist açıqlama verən tədqiqat metodları və anlayışlarını uydururuq. Materializm mütləq doğru olduğuna görə də İlahi açıqlamanın səhnəyə çıxmasına icazə verə bilmərik”. (Richard Lewontin, “The Demon-Haunted World”, The New York Review of Books, 9 Ocak, 1997, səh. 28)

    Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq uğrunda davam etdirilən bir doqma olduğunun açıq ifadəsidir. Bu doqma maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Bu səbəbdən də cansız, şüursuz maddənin həyatı əmələ gətirdiyinə inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, pələnglərin, həşəratların, ağacların, çiçəklərin, balinaların və insanların maddənin öz daxilindəki reaksiyalarla, yəni yağan yağışla, çaxan şimşəklə, cansız maddədən əmələ gəldiyini qəbul edir. Əslində isə bu, həm ağıla, həm də elmə ziddir. Amma darvinistlər Allah’ın açıq-aşkar varlığını qəbul etməmək üçün bu ağıldan və elmdən kənar fikri cahilliklə müdafiə etməkdə davam edirlər. Canlıların mənşəyinə materialist düşüncə ilə baxmayan insanlar isə bu açıq həqiqəti görəcəklər: bütün canlılar üstün güc, bilik və ağıla malik olan Yaradanın əsəridir. Yaradan bütün kainatı yoxdan var edən, ən qüsursuz şəkildə nizama salan və bütün canlıları yaradan Allah’dır.

    Təkamül nəzəriyyəsi dünya tarixinin ən təsirli sehridir

    Burada bunu da bildirmək lazımdır ki, heç bir ideologiyanın təsiri altında qalmadan, sadəcə ağlını və məntiqini işlədən hər insan elm və mədəniyyətdən uzaq xalqların xurafatlarını xatırladan təkamül nəzəriyyəsinə inanmağın qeyri-mümkün olduğunu asanlıqla anlayacaqdır. Yuxarıda da bildirildiyi kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir çənin içinə bir çox atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışığından zaman ərzində düşünən, dərk edən, kəşflər edən professorların, universitet tələbələrinin, Eynşteyn, Habl kimi elm adamlarının, Frank Sinatra, Çarlton Heston kimi aktyorların, bununla yanaşı, ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Həm də bu cəfəng iddiaya inananlar elm adamları, professorlar, mədəniyyətli, təhsilli insanlardır. Bu səbəbdən, təkamül nəzəriyyəsi haqqında dünya tarixinin ən böyük və ən təsirli sehri ifadəsini işlətmək yerinə düşər. Çünki dünya tarixində insanların bu dərəcədə ağlını başından alan, ağıl və məntiqlə düşünmələrinə imkan verməyən, gözlərinin qarşısına sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan başqa inanc və ya iddia yoxdur. Bu, afrikalı bəzi qəbilələrin totemlərə, Səba xalqının Günəşə tapınmasından, hz. İbrahimin qövmünün düzəltdikləri bütlərə, hz. Musanın qövmünün qızıldan düzəltdikləri buzova tapınmalarından daha qorxulu və ağlasığmaz korluqdur. Əslində, bu vəziyyət Allah’ın Quranda işarə etdiyi ağılsızlıqdır. Allah bəzi insanların anlayışlarının bağlı olacağını və həqiqətləri görməkdən məhrum olacağını bir çox ayəsində bildirir. Bu ayələrdən bəziləri belədir:

    Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə surəsi, 6-7)

    ... Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)

    Allah “Hicr” surəsində də bu insanların möcüzələr görsələr də, inanmayacaq qədər sehrləndiklərini belə bildirir:

    Əgər onlara göydən bir qapı açsaq və oradan durmadan yuxarı dırmaşsalar yenə də: “Gözümüz bağlanmış, biz sehrlənmişik”, - deyərlər. (Hicr surəsi, 14-15)

    Bu qədər geniş kütləyə bu sehrin təsir etməsi, insanların həqiqətlərdən bu qədər uzaq saxlanması və 150 ildən bəri bu sehrin pozulmaması isə sözlə ifadə edilməyəcək qədər heyrətli vəziyyətdir. Çünki bir və ya bir neçə insanın qeyri-mümkün ssenarilərə, cəfəng və məntiqsiz iddialara inanmalarını anlamaq olar. Ancaq dünyanın hər tərəfindəki insanların şüursuz və cansız atomların ani qərarla birləşib qeyri-adi mütəşəkkillik, nizam, ağıl və şüur nümayiş etdirərək qüsursuz sistemlə işləyən kainatı, həyat üçün uyğun hər cür xüsusiyyətə malik olan Yer planetini və saysız-hesabsız kompleks sistemdən ibarət canlıları meydana gətirdiyinə inanmasının sehrdən başqa heç bir açıqlaması yoxdur. Allah Quranda inkarçı fəlsəfənin tərəfdarı olan bəzi şəxslərin etdikləri sehrlərlə insanlara təsir etdiklərini hz. Musa ilə firon arasında baş verən bir hadisə ilə bizə bildirir. Hz. Musa firona haqq dini təbliğ etdikdə firon hz. Musaya öz bilici sehrkarları ilə insanların toplaşdığı bir yerdə qarşılaşmasını söyləyir. Hz. Musa sehrkarlarla qarşılaşdıqda əvvəlcə onların bacarıqlarını göstərməsini əmr edir. Bu hadisənin danışıldığı ayə belədir:

    (Musa:) “Siz atın”, - dedi. Onlar (əsalarını yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər. (Əraf surəsi, 116)

    Göründüyü kimi, fironun sehrkarları hz. Musa və ona inananlardan başqa insanların hamısını sehrləyə bilmişdilər. Ancaq onların atdıqlarına qarşı hz. Musanın ortaya qoyduğu dəlil onların bu sehrini, ayədəki ifadə ilə uydurduqlarını udmuş, yəni təsirsiz etmişdir:

    Biz də Musaya: “Əsanı tulla!” - deyə vəhy etdik. Bir də (baxıb gördülər ki,) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər. (Əraf surəsi, 117-119)

    Ayələrdə də bildirildiyi kimi, əvvəllər insanlara sehrləyərək təsir göstərən bu şəxslərin etdiklərinin saxtakarlıq olmasının başa düşülməsi ilə sözügedən şəxslər alçalmışlar. Dövrümüzdə də bir sehrin təsiri ilə elmilik adı altında olduqca cəfəng iddialara inanan və bunları müdafiə etmək üçün həyatlarını qurban verənlər əgər bu iddialardan əl çəkməsələr, həqiqətlər tam mənası ilə üzə çıxdıqda və sehr pozulduqda alçalacaqlar. Belə ki, təqribən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist filosof olan, ancaq sonradan həqiqətləri görən Malkolm Maqeric təkamül nəzəriyyəsinin yaxın gələcəkdə düşəcəyi vəziyyəti belə açıqlayır: “Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq edildiyi sahələrdə gələcəyin tarix kitablarındakı ən böyük yumor hədəflərindən biri olacağına inandım. Gələcək nəsillər bu qədər çürük və qeyri-müəyyən hipotezin inanılmaz saflıqla qəbul edilməsini heyrətlə qarşılayacaqlar”. (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, səh. 43) Bu gələcək uzaq deyil, əksinə, çox yaxın gələcəkdə insanlar “təsadüf”lərin ilah olmasının mümkünsüzlüyünü anlayacaqlar və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən güclü sehri kimi tərif ediləcəkdir. Bu güclü sehr böyük sürətlə dünyanın hər tərəfində insanlar üzərində təsirini itirməyə başlamışdır. Təkamül yalanının sirrinin öyrənən bir çox insan bu yalana necə aldandığını heyrət və təəccüblə qarşılayır.

    …Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən bilənsən, müdriksən! (Bəqərə surəsi, 32)